Sağlam həyat
Maraqlı

Sağlam həyat

Səhər yeməyindən imtina görün nəyə səbəb olurmuş...

Səhər yeməyi hər zaman günün ən vacib yeməyi hesab edilib. Səhərlər vaxtında və keyfiyyətli qidalanmaq əsas şərtdir. Amma buna baxmayaraq, bu ərəfədə qida qəbul etməyənlər də az deyil. Bəziləri bunu iştahasızlıqla əlaqələndirir, digərləri isə bununla çəki artımının qarşısını aldıqlarını düşünürlər. Lakin Osaka Universitetinin alimləri elə bir faktı ortaya çıxarıblar ki, yəqin bundan sonra səhər yeməyindən imtina edən çətin tapılar. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, səhər yeməyi yeməmək hemorragik insult riskini 36 faiz artırır.

45-74 yaş arası  82 min 772 nəfərin vəziyyətinin monitorinqi zamanı toplanmış məlumatların nəticələri göstərib ki,  səhər yeməyindən imtina etmək müəyyən saatlarda qan təzyiqinin artmasına səbəb olur. Alimlər belə qənaətə gəliblər ki, bu halda  beyin qanaması ehtimalı yüksəkdir. Təcrübələr zamanı həmçinin məlum olub ki, xüsusilə həftədə beş dəfə səhər yeməyindən imtina edənlər də eyni təhlükə ilə qarşı-qarşıyadırlar.

Mütəxəssislərin sözlərinə görə, səhər saatlarında yüksək təzyiq beyin üçün təhlükəlidir. Onların fikrincə, səhər yeməyindən imtina edənlər təkcə insult deyil, həmçinin infarkt və diabet riskinin artması ilə də üzləşə bilərlər.

İndiyə qədər aparılan araşdırmalarla sübut olunub ki, səhər yeməyi vərdişi olan insanlar axşam və gecə saatlarında  yeməyə meyilli olmadıqları üçün daha sağlam olurlar.

İnformasiya posta.com.tr veb saytında yayımlanıb.

 

Miqren və qan şəkəri arasındakı əlaqə

Bu yaxınlarda aparılan araşdırmalar zamanı miqren və qan şəkəri arasında əlaqə olduğu ortaya çıxıb. Belə ki,  təcrübələr zamanı başağrısı ilə qan şəkəri səviyyələri arasındakı əlaqədə genetik mühitin çox böyük  təsiri olduğu sübut olunub.

Sözcü.com.tr veb saytının yaydığı xəbərə görə, Kvinslend Texnologiya Universitetinin genetikləri bir çox xüsusiyyətləri paylaşan genetik variantların və genlərin mövcudluğunu təsdiqləyiblər. Alimlərin fikrincə, insulin və qan şəkəri səviyyəsinin miqren və başağrıları ilə genetik bağlantısı var. Onu da qeyd edək ki,  əvvəllərdə  bu hallar arasındakı  genetik əlaqə öyrənilməmişdi.

Məlumat üçün bildirək  ki, miqren müalicəsi mümkün olan nevroloji bir xəstəlikdir. Cinsindən asılı olmayaraq, hər kəs bu xəstəliyin hədəfi ola bilər. İndiyə qədər aparılan araşdırmalar göstərir ki, bu xəstəlik zehni işlə məşğul olan insanlar arasında daha çox yayılmışdır. Adətən miqren ağrılarının hücumu sərt şəkildə başlayır və başın bir hissəsini əhatə edir. Bu xəstəliyə kişilərə nisbətdə qadınlarda daha çox rast gəlinir. Dünya üzrə qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkir.

Son olaraq tədqiqatçılar  belə nəticəyə gəliblər ki, proinsulin adlı hormon başağrılarından qorunmağa kömək edə bilər.

 

Kimlərə bal yemək olmaz?

Bal min bir dərdin dərmanı hesab edilsə də, elə xəstəliklər var ki, bu qidanın istehlakı müəyyən problemlərə yol aça bilər.  Mütəxəssislər xəbərdarlıq ediblər ki, qaraciyərində problemi olan, bununla yanaşı, allergen, şəkər xəstəliyindən əziyyət çəkən  insanların baldan istifadəsi qəti qadağandır.

Bu qida allergendir, ona görə də allergiya xəstələrinin balı qida rasionundan çıxarması tövsiyə edilir. Mütəxəssislər şəkər xəstələrinə xəbərdarlıq edərək balın onlar üçün zərərli olduğunu qeyd ediblər. Buna səbəb kimi, qandakı qlükozanın ani artım riski göstərilir. Bununla yanaşı,  balın tərkibində şəkərin miqdarının yüksək səviyyədə olması artıq çəkidən əziyyət çəkən insanlar üçün də təhlükəli hesab edilir.

Mütəxəssislərin fikrincə, bal fruktoza mənbəyi olduğu üçün  bu növ təbii şəkər qaraciyərə mənfi təsir göstərə bilər. Bu səbəbdən də  qaraciyər piylənməsi diaqnozu qoyulan insanların bal yeməsinə ehtiyac olmadığı bildirilir.

Sağlamlıqla bağlı sadalanan problemlər yoxdursa, onda müəyyən qədər bal yemək olar. Əgər pəhriz saxlanılırsa, o zaman gün ərzində şəkər qəbul edilmədən, 1 -2 çay qaşığı bal istehlakı mümkündür.

Son olaraq mütəxəssislər bildiriblər ki,  ümumilikdə gün ərzində  30 qramdan artıq şəkər qəbul etməmək daha yaxşıdır.

 

Nəfəs borusuna qida düşən birini necə xilas etməli?

Qəfil ölümün əsas səbəblərindən biri də yad cismin nəfəs borusuna  düşərək tənəffüsün qarşısını almasıdır. Ən çox uşaqlarda rast gəlinən bu hal yemək yeyərkən böyüklərdə də  baş verir. Hər il dünyada  minlərlə insan bu səbəbdən həyatını itirir. Bəs belə bir problemlə qarşılaşan birinə necə kömək edə bilərik?

İlkin olaraq qeyd edək ki, insanların çoxu adətən ilk yardımı problemi olan insanın kürək nahiyəsinə vurmaqda görürlər. Lakin bu inanc düzgün deyil. Çünki əgər zərərçəkən  sərbəst şəkildə öskürürsə, bu, yemək  qalığının nəfəs borusuna düşmədiyini göstərir. Belə bir vəziyyətdə kürəyə vurmaqla qida qalığını nəfəs borusunun dərinliyinə itələmiş ola bilərik ki, bu da həmin insanın boğulması ilə nəticələnər.

Həkimlər nəfəs borusuna düşmüş yad cismi çıxarmaq üçün xüsusilə “Heymlix manevri” üsulundan yararlanmağı tövsiyə edirlər. Bu üsulun icra olunması üçün xəstənin arxasına keçərək döş sümüyünün altından iki əllə bir əlini yumruq, digərini açıq saxlayaraq sürətli təkan şəklində sıxmaq lazımdır. Bu zaman əksər hallarda nəfəs borusuna qaçmış cisim oradan çıxır. Uşaqlarda isə diz üstünə qoyaraq, başı aşağı şəkildə kürəyinə vurub bunu icra edirlər.

İlkin tibbi yardım metodlarından digəri isə “ABC” (Airway, Breathing, and Circulation) - hava yolu, tənəffüs və qan dövranı ardıcıllığıdır. Öncəliklə xəstəyə baxmaq lazımdır, əgər nəfəs yolunda nəsə varsa, onu təmizləməyə çalışmalıyıq. Daha sonra tənəffüsü təmin etmək lazım gəlir. Əgər xəstə nəfəs almırsa, burunu tutaraq ciyərlərinə nəfəs verilir, ürəyində dayanma varsa, döş sümüyünün üstündən sürətli təkanla ürək masajı icra edilməlidir.

Ta qədimdən böyüklərimizdən eşitdiyimiz belə bir tövsiyə var: "yemək yeyərkən danışmaq və tez-tez yemək olmaz". Odur ki, qidalanarkən daha diqqətli olmağımız məsləhət görülür.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".