Azərbaycan pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qlobal mübarizəyə dəstək verir
Digər xəbərlər

Azərbaycan pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qlobal mübarizəyə dəstək verir

Aprelin 19-22-də Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən 2023-cü ildə aparılacaq 5-ci raund qarşılıqlı qiymətləndirilməsinin ilkin mərhələsini təşkil edən təlimlər keçirilir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin məqsədi dövlətə qiymətləndirmə prosesinə dair izahedici məlumatların verilməsi və qiymətləndiricilərin səfəri zamanı keçiriləcək görüşlərə bənzər sınaq müsahibələrin aparılmasından ibarətdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən MONEYVAL-ın sədri xanım Elzbietta Franko-Yaskeviç iştirakçıları salamlayıb.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan Respublikasının PL/TMM sistemi üzrə ikinci milli risk qiymətləndirilməsinin həyata keçirilməsi, milli qanunvericiliyin həmin sahə üzrə beynəlxalq standartlar ilə uyğunlaşdırılması, eləcə də qarşısına Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycana münasibətdə həyata keçirilməsi planlaşdırılan 5-ci raund qiymətləndirilmə prosesinə hazırlığın əlaqələndirilməsi kimi məqsədlər qoyulan Koordinasiya Şurasının fəaliyyəti haqqında danışıb.

MONEYVAL qiymətləndirilməsinin əhəmiyyətini bir daha vurğulayan Baş nazirin müavini dövlətimizin FATF, BVF, Dünya Bankı, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı kimi təşkilatlarla sıx əməkdaşlıq edərək, pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qlobal mübarizəyə dəstək verdiyini bildirib və təlim iştirakçılarına uğurlar arzulayıb.

Təlim aprelin 22-dək onlayn formatda davam edəcək.

AZƏRTAC