Azərbaycan Sərhəd Mühafizəsinin 103 illiyi münasibətilə təntənəli mərasim keçirilib
Digər xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin 103 illiyi münasibətilə təntənəli mərasim keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi Zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizəsinin 103 illik tarixinin şanlı səhifələrini ən yüksək əhval-ruhiyyə, Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur hissi ilə qarşılayırlar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 18-də DSX-nin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan sərhədçilərimizin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik salnamələri yazmaları, müharibə aparma təcrübəsində müasir texnologiyaları tətbiq etməklə ölkəmizin hərb tarixinə yeniliklər gətirmələri vurğulanıb.

Tədbirdə dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinin sürətlə davam etdirildiyi, qısa müddət ərzində azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradıldığı, sərhəd döyüş məntəqələrinin fəaliyyətə başladığı, müvafiq sahələrdə sərhəd nəzarəti işinin təşkilinə başlanıldığı bildirilib.

General-polkovnik E.Quliyev dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edən, üçrəngli dövlət bayrağımız altında milli maraqlarımızı ən yüksək səviyyədə qorumaqdan qürur duyan sərhədçilərin gələcəyə inamla baxdıqlarını, bu inamın Prezident İlham Əliyevin müdrik siyasəti və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrdən qaynaqlandığını vurğulayıb.

Tədbir zamanı Prezident İlham Əliyevin 17 avqust tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltif olunublar.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin əlamətdar gün münasibətilə hazırladıqları bayram konsertini izləyib.

AZƏRTAC