Əsrlərə bərabər 20 il
Digər xəbərlər

Əsrlərə bərabər 20 il

Xalqımız Prezident İlham Əliyevin xidmətlərindən qürur duyur

Ulu Öndər Heydər Əliyev həmişə qalibiyyət fəlsəfəsi ilə yaşayıb və onun böyük siyasəti qələbələr siyasəti olub. Prezidentimiz İlham Əliyev bu qalibiyyət siyasətini uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev "Mən ona özüm qədər inanıram" deyəndə çox haqlı idi. Zamanında yüksək səviyyədə yetişdirdiyi varisi Onun böyük inamını doğrultdu. Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan misli görünməmiş sürətlə inkişaf etdi, torpaqlarımız işğaldan azad oldu, ölkəmiz tamlığına qovuşdu. Əsrlər boyu edə bilmədiyimizi İlham Əliyev 44 günlük Vətən müharibəsində və nəhayətdə 2023-cü ilin sentyabrında bir sutkadan da az müddətdə həyata keçirdi.

Ulu Öndər Heydər Əliyev həmişə liderlər yetişdirməyə önəm verirdi. Onun idarəçiliyində liderlər komandası xüsusi yer tuturdu. İlham Əliyev də hər zaman bu vacib və çox əhəmiyyətli məsələyə diqqət yetirib.

Prezident İlham Əliyevin ölkə üçün prioritetləri çoxistiqamətli olduğundan bütün sahələrdə böyük uğurlar əldə edildi. Çünki onun prioritetləri siyahısı olduqca zəngindir: güclü ordu yaratmaq, ölkənin müdafiə qüdrətini artırmaq; sənayenin və aqrar sektorun sürətli və innovativ inkişafı; xalqın sosial rifahının yaxşılaşdırılması; qaçqınların və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq tədbirləri; əhalinin sağlamlığının maksimum dərəcədə qorunması; elm və təhsilin yüksələn xətt üzrə inkişafı; xalqın, dövlətin, vətəni sevən gəncliyin yetişdirilməsi; Azərbaycan diplomatiyasını yüksək səviyyəyə qaldırmaqla ölkənin beynəlxalq nüfuzunun artması; informasiya məkanında Azərbaycanın haqq işinin təbliğinin güclənməsi və s. İlham Əliyev "Nəyi, nə zaman, necə etməyi" çox gözəl bilən Prezidentdir, odur ki, O, hər zaman uğurludur.

Cənab Prezidentimiz öz ruh yüksəkliyi, cəsarəti, qorxmazlığı, məntiqli fəaliyyəti ilə hər zaman xalqımızın qalibiyyət ruhunu yüksəldib.

Tariximizdə görünməmiş DÖVLƏT-XALQ birliyi məhz müdrik Prezidentimiz İlham Əliyevin sayəsində yaranıb.

Dövlət başçısının yaratdığı Azərbaycan-Türkiyə münasibətləri mümkün olan münasibətlərin ən ali zirvəsidir. "Bir millət, iki dövlət" deyən Ulu Öndər Heydər Əliyevin dahi və müdrik oğlu bu fəlsəfəyə uyğun ali münasibət yaratdı.

Birləşmiş Millətlər Təşkilatının yüksək tribunasından Türkiyənin hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğan "Qarabağ Azərbaycandır" deyəndə qəlbimiz fərəhlə doldu, bütün türk dünyası bu ifadəni alqışladı.

Otuz ilə yaxın müddətlə vəhşi qonşularımızın xarabalığa çevirdiyi cənnət -məkanımızda misli görünməmiş quruculuq-abadlıq işləri görülür. Üçrəngli bayrağımız indi işğaldan azad olunmuş torpaqlarda zəfər bayrağı olaraq dalğalanır.

Ağalıda, Suqovuşanda, Talışda, Şuşada, Laçında, Füzulidə yenidən xoşbəxt həyat başladı. Torpaqlarımıza paklıq, xoş güzəran, aydın səma sabaha inamlı həyat qayıtdı. Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Laçın beynəlxalq hava limanının sürətli tikintisi bütün dünyanı heyran qoymaqdadır.

Prezidentimizin Ali Baş Komandanı olduğu qüdrətli Azərbaycan ordusu bütün hallarda dünyaya insanlıq dərsi verdi. Vəhşi ermənilərdən fərqli olaraq ordumuzun heç bir əsgəri sıravi vətəndaşlara, xüsusən də qadınlara və uşaqlara qarşı sərtlik göstərmədi. Bəzi dünya dövlətləri də bunu görməyə məcbur oldu.

İlham Əliyevin Prezidentlik fəaliyyətində ən prioritet istiqamətlərdən biri də türk dünyası birliyinin, yeni və möhtəşəm Turanın yaranmasıdır. Bu gün Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan dövlətlərinin bənzərsiz əlaqələrinin güclü təməli var. Bu təməlin yaranmasında Prezident İlham Əliyev müstəsna rol oynayır. Yaranmaqda olan bu Turan qardaşlıq dünyası ölkələrimizin təhlükəsizliyinin təminatında bütün istiqamətlərdə sürətli inkişafında, beynəlxalq nüfuzunun artmasında, qədim İpək Yolunun bərpasında əvəzsiz rol oynayacaq.

Bir fikri də iftixarla qeyd etmək istəyirəm. Müzəffər Sərkərdəmiz Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin müdrik siyasəti ilə torpaqlarımızın işğaldan azad olunması Xankəndinin, Ağdərənin, Xocalının səmasında Azərbaycan bayrağının dalğalanması çox qürurvericidir. Həm də o qürurvericidir ki, Xocalıda qətliam törətmiş, Gəncəni, Bərdəni, Tərtəri və digər şəhərlərimizi raket atəşinə tutmaq əmrini vermiş və bununla vaxtilə öyünən cəlladların bir qismi, o cümlədən Ruben Vardanyan, Bako Saakyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, David İşxanyan əli qandallı Azərbaycan əsgəri qarşısında baş əyərək Bakıya gətirildilər və öz layiqli cəzalarını alacaqlar.

Dəmir yumruq sahibi elə bir tarixi zəfər çaldı ki, bu zəfərin bənzəri olmayıb və yəqin ki, olmayacaq.

İlham Əliyevin Prezident kimi uğurlu fəaliyyətində onun ən yaxın silahdaşı, xalqın cəsur, vətənsevər qızı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətini xüsusi qeyd etməyi vacib saydım. Ulu Öndər Heydər Əliyevin iki varisi möhtəşəm idarəçilik fəaliyyətləri ilə bizə sonsuz qürur yaşamaq haqqı verdilər. Onların 20 ildə ölkəmizə qazandırdıqları zəfərlər çoxəsrlik tariximizin görmədiyi zəfərlərdir.

Bizim xalqımız çox müdrik və qədirbilən xalqdır. Xalqımız İlham Əliyevin xalq, Vətən, dövlət üçün etdiklərini heç vaxt unutmayacaq.

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin xalqımıza bənzərsiz əmanətidir. Onun rəhbər olduğu ölkədə yaşamaq şərəfdir, qürurvericidir.

Vaqif ABBASOV,

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin

akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun

baş direktoru, akademik.