Azərbaycan-Türkiyə birliyi dünyaya örnəkdir
Siyasət

Azərbaycan-Türkiyə birliyi dünyaya örnəkdir

"Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır".

Rəcəb Tayyib Ərdoğan,

Türkiyə Respublikasının Prezidenti.

Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın, qardaş ölkə, eyni zamanda etibarlı tərəfdaş tapmaq çətindir. Bütün dünya ölkələri üçün örnək olan, möhkəm təməllər üzərində qurulan birlik xalqlarımızı günbəgün daha da doğmalaşdırır. İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən Türkiyənin Azərbaycanın yanında olduğunu, onun haqq mübarizəsini dəstəklədiyini bildirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Türkiyənin iştirak etmədiyi beynəlxalq səviyyəli platformalarda qardaş ölkənin mənafeyini müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin dostluq, qardaşlıq səmimiyyəti bütün məsələlərdə özünü aydın şəkildə büruzə verir.

Vətən müharibəsində ölkəmizə arxa, dayaq olan Türkiyənin varlığı ilə Azərbaycanın milli məsələsi olan Qarabağ münaqişəsinin həllinə üçüncü bir dövlət qarışa bilmədi. Çünki uca tribunalardan bütün imkanları ilə Azərbaycanın ərazilərinin bütövlüyü uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiyini bildirən Rəcəb Tayyib Ərdoğan dünyaya bu gün də, sabah da can Azərbaycanın yanında olacağı mesajını vermişdir. Azərbaycanın "aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimizdir", - deyən Türkiyə Prezidenti müharibə dövründə olduğu kimi, müharibədən sonra da soyu bir, kökü bir olan Azərbaycanı tək buraxmadı. Gələrkən işğalçı, gedərkən dağıdıcı olan erməni vandallarının Azərbaycanın yer üzündən sildiyi şəhər və kəndlərinin yenidən qurulmasında, işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında Türkiyənin mənəvi dəstəyi, türk şirkətlərinin qardaşlıq köməyi bütün dünyanı heyrətə gətirdi.

Qədim tarixə əsaslanan Türkiyə- Azərbaycan birliyi dərin köklərə malikdir. Bu köklər bir-biri ilə qırılmaz tellərlə bağlanmış, dövlətlərimizin xoş gündə də, dar gündə də bir-birinin arxasında olduğuna zəmin yaratmışdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bilən bəzi dünya dövlətləri isə bu münasibətlərin gündən-günə daha da möhkəmlənməsindən, sarsılmazlığından əndişə edir, türk birliyinin, həmrəyliyinin onlar üçün təhlükə olacağından ehtiyatlanırlar. Bu gün regionda söz sahibləri olan, həyata keçirdikləri birgə layihələrlə regionun inkişafına töhfələr verən Türkiyə ilə Azərbaycanın güclənməsini istəməyən bu ermənipərəst ölkələr bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına, Ermənistanın Azərbaycanın sülh təklifini qəbul etməsinə, bunun fonunda isə qonşu ölkə olaraq münasibətlərinin normallaşmasına mane olur, öz mənafelərini güdərək Ermənistandan istifadə edirlər. Ermənistanın Azərbaycanla sərhəd bölgələrində təxribatlar törətməsi, azərbaycanlı dinc əhaliyə zərər verməsi elə burdan qaynaqlanır.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsindən artıq iki il ötür. Postmüharibə dövründə də çirkin niyyətlərini həyata keçirən Ermənistan dəfələrlə Azərbaycanla sərhəd rayonlarda təxribatlar törədərək sülh danışıqlarından yayınmaq üçün vaxt qazanmağa nail olmağa çalışmışdır. Belə ki, Brüssel görüşündə Azərbaycanın sülh təklifini qəbul edən Ermənistan bundan bir neçə gün sonra- sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmiş, Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrindən Azərbaycan Ordusunun mövqelərini hədəfə almış, əraziləri və təminat yollarını minalamış, sığınacaqları, dayaq məntəqələrini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutmuşdur. Düşməni cavab atəşi ilə susduran Azərbaycan Ordusunun 80-dən çox əsgər və zabiti həlak olmuş, 300 nəfər isə yaralanmışdır. Bəzi ermənipərəst ölkələr təxribatı törədən Ermənistanı deyil, özünü müdafiə edən Azərbaycanı günahlandıraraq növbəti ikili münasibətlərini nümayiş etdirmişlər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə sentyabrın 12-də Ermənistan-Azərbaycan sərhədində ermənilərin törətdiyi təxribata münasibət bildirərək Türkiyənin Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atmaqda xüsusi səy göstərdiyini vurğulamışdır: "Amma Azərbaycan olmadan Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət gedə bilməz. Bütün dünya da bilsin ki, Türkiyə Azərbaycanın yanındadır və heç kim Azərbaycanın tək olduğunu düşünməsin".

Ən yüksək səviyyədə siyasi-iqtisadi əməkdaşlıq əlaqələri quran, ölkələr arasında ticarət dövriyyələrini ildən-ilə artıran, Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən yaradılmasında əhəmiyyətli rolu olan nəqliyyat-kommunikasiya layihələrini uğurla həyata keçirən iki qardaş ölkənin birgə səyləri bu gün bütün məsələlərdə birliyin, həmrəyliyin təcəssümünə çevrilib. Hərbi sahədə işbirliyini, əməkdaşlığını dərinləşdirən, bu sahədə mühüm layihələr reallaşdıran, o cümlədən strateji əhəmiyyətli müştərək hərbi təlimlər keçirən Azərbaycan-Türkiyə bütün məsələlərdə bir-birinə dəstək göstərir. Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşı olan Türkiyə gücləndikcə Azərbaycan da güclənir, qüdrətlənir.

Mehparə ƏLİYEVA,

"Respublika".