Bakıda notariusların ixtisaslarının artırılması üzrə beynəlxalq konfrans öz işinə başlayıb
Digər xəbərlər

Bakıda notariusların ixtisaslarının artırılması üzrə beynəlxalq konfrans öz işinə başlayıb

Avqustun 17-də Azərbaycan, Almaniya və Litva notariat palatalarının birgə təşkilatçılığı ilə notariusların ixtisaslarının artırılması məqsədilə ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti məsul nümayəndələri, xarici ekspertlər, respublikamızın müxtəlif bölgələrində, o cümlədən "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən notariuslar və notarius vəzifəsinə namizədlər iştirak ediblər.

Konfransın açılışında Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov, Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, Almaniya Federal Notariat Palatasının beynəlxalq münasibətlər üzrə baş nümayəndəsi Rixard Bok və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəisi Mehman Soltanov çıxış edərək notariusların peşə etikası üzrə təmsil etdikləri ölkələrin təcrübələrini bölüşüb, tədbirin beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıblar.

"Notariat fəaliyyətində peşə etikasının əsas aspektləri" mövzusunda keçirilən konfransın ilk günündə notariusun peşə funksiyaları və peşə etikasının xüsusiyyətləri ilə bağlı Azərbaycan və Litva təcrübələri, notariatda deontologiya məsələləri ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.

Ölkəmizdə yüksək səviyyəli hüquqi xidmətlərin əsasını təşkil edən peşə etikasının notariat fəaliyyətində rolu qeyd olunaraq bu sahədə Ədliyyə Nazirliyi tərəfindən notariusların təlim və ixtisasartırma kurslarına daim böyük önəm verildiyi bildirilib, onların peşə etikasını tənzimləyən "Notariusun Etik Davranış Kodeksi" barədə məlumat verilib.

Tədbirdə çıxış edən Hüseyn Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal dəstəyi ilə ölkəmizdə ədliyyə sahəsində aparılan islahatlarının daim diqqət mərkəzində olduğunu qeyd edib: "Notariat fəaliyyəti daim təkmilləşdirilir, onun qanunvericilik bazası möhkəmləndirilir və qanunvericilik bazası əsasında vətəndaşlara göstərilən xidmətin əhatəsi daha da genişləndirilir. Bu gün qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq ölkəmizə notariat fəaliyyətinin elektron informasiya bazası təkmilləşdirilir ki, bu elektron baza əsasında vətəndaşlara hərtərəfli xidmət göstərilir. Bu xidmətin son illər daha da təkmilləşdirilməsi sayəsində digər orqanlara müraciət etmədən, sənədlər təqdim etmədən notariat hərəkətlərin aparılması həyata keçirilir. Elektron notarial sistemi vahid şəbəkədə birləşdirilir, aparılan notariat əməliyyatları arxivləşdirilir və digər qurumlara inteqrasiya olunmaqla daha çevik mexanizm yaradılır".

Azərbaycan Notariat Palatasının sədri hazırda notariat fəaliyyətinin daha keyfiyyətli və səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb.

Uzun illər notariat sahəsində işlədiyini, bu sahədə təcrübə topladığını söyləyən Rixard Bok mövzu ilə bağlı geniş məlumat verib. O, Azərbaycan, Almaniya və Litva notariat palatalarının birgə təşkilatçılığı ilə reallaşan konfransın notariat sahəsində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və faydalı müzakirələr aparılıb.

AZƏRTAC