Bakıda rusiyalı ekspertlərin iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas
Siyasət

Bakıda rusiyalı ekspertlərin iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas" mövzusunda dəyirmi masa keçirilib

Noyabrın 12-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Rusiyanın tanınmış ekspert və elm adamlarının iştirakı ilə "10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsindəki Zəfəri ilə öz ərazi bütövlüyünü bərpa etdi. Bununla ölkəmiz həm də regionda yeni reallıq yaratdı. Hazırkı mərhələdə Cənubi Qafqaz mövzusunun mühüm olduğunu diqqətə çatdıran BMTM-nin sədri qonşu Rusiyanın çətin dövrdə Azərbaycanın dostu kimi öz dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir və genişlənir.

Azərbaycan xalqını Qələbənin ildönümü münasibətilə təbrik edən Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində həmrəy olduğunu, öz torpaqları uğrunda əzmlə vuruşduğunu vurğulayıb.

Siyasi ekspert deyib: "Ölkədə yaradılan güclü iqtisadiyyat, möhkəm ordu quruculuğu və düzgün siyasət qələbəni şərtləndirdi. Bütün dünya Azərbaycanın İkinci Qarabağ müharibəsində güclü dövlət olduğunun şahidi oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanat hər iki tərəf üçün faydalıdır. Bu razılaşma həm Azərbaycan, həm də Ermənistan üçün "yaşıl işıq" yandırmış oldu və bu sənədin imzalanmasında Rusiyanın rolunu danmaq mümkün deyil. Üç rayonun Azərbaycana döyüşsüz təhvil verilməsi yüzlərlə gənc əsgərin sağ qalması demək idi. Rusiya bu çətin dövrdə hər iki ölkəyə öz dəstəyini göstərdi. Kazan prinsipləri əsasında razılaşma çox vacib idi".

"Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko diqqətə çatdırıb ki, Prezident İlham Əliyev qarşıya qoyulan məqsədə çatmaq, ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mükəmməl siyasət həyata keçirdi, çoxlarının edə bilmədiyini bacardı. Bununla da Azərbaycan Prezidenti adını dünyanın məşhur siyasətçilərinin siyahısına yazdırdı və tarixə düşdü.

Rusiyalı ekspert bildirib ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlaması və müharibənin ilk günlərindən cəbhədə üstünlük qazanması Ermənistanda şok effekti yaratdı. Orduda başıpozuqluq baş alıb gedirdi, fərarilərin sayı artmaqda davam edirdi. Azərbaycanda isə gənclər döyüş meydanında yaralansa da, səngəri tərk etmək istəmirdilər. Ekspert vurğulayıb ki, Azərbaycanın Zəfəri güclü dövlət-xalq-ordu birliyini ortaya qoydu.

Qarabağ münaqişəsi artıq tarixə qovuşduğunu bildirən rusiyalı ekspert diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyi 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında heç bir quruculuq işləri aparmayıb, əksinə mövcud olan hər şeyi məhv edib. Azərbaycanın infrastrukturuna ciddi ziyan vurub.

Moskva Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri Yelena Brızqalina Azərbaycanda elm, təhsil, mədəniyyət sahəsinə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini, yüksək təfəkkürə malik, vətənpərvər gənclərin olduğunu qeyd edib. O, azərbaycanlı gənclərin milli-mənəvi dəyərlər prinsipi ilə tərbiyə olunmasından məmnunluğunu ifadə edib. O deyib: "Biz onların necə vətənpərvər olduqlarını Vətən müharibəsində gördük. Dəyərlərə bağlılıq gənclərin tərbiyəsində və təhsilində çox mühüm amildir.

Rusiyanın Əməkdar həkimi Lyudmila Kozlova, Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Daria Grevtsova, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov, "Tele-gün" ("Denğ TV") telekanalının aparıcısı, tarixçi, publisist Dionis Kantar və başqaları çıxış edərək "10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas" mövzusunda öz fikirlərini bildiriblər.

AZƏRTAC