Tehrandakı səfirliyimizə hücum münasibətlərin gərginləşməsinə səbəb oldu
Siyasət

Tehrandakı səfirliyimizə hücum münasibətlərin gərginləşməsinə səbəb oldu

2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum baş verib. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov həlak olub. "Kalaşnikov" markalı avtomat ilə qətli törədən İran vətəndaşı Yasin Hüseynzadə isə zərərsizləşdirilib. Hadisədən dərhal sonra Azərbaycan tərəfi səfirliyə hücumu pisləyərək terror aktının araşdırılmasını və təqsirkarların cəzalandırılmasını tələb edib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə iki nəfərin səfirliyə daxil olduqdan az sonra bir avtomobilin də binaya yaxınlaşdığı görünür. Əlində silah maşından düşən sürücü binaya tərəf sürətlə hərəkət edir. Səfirliyin qarşısında dayanan polis nəfəri isə silahlı terrorçuya heç bir əngəl törətmir. Xatırladaq ki, bu, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fars rejimi tərəfindən ölkəmizin səfirliyinə edilən ikinci hücum idi. 2022-ci ilin avqustunda da iranlı terrorçular ölkəmizin Britaniyanın paytaxtı Londonda yerləşən səfirliyinin binasında Azərbaycan bayrağını çıxarıb yerinə dini yazılı bayraq asaraq, divarlara, pəncərələrə ərəb dilində şüarlar yazmışdılar.

Ümumiyyətlə, İranın anti-Azərbaycan siyasəti hələ Birinci Qarabağ müharibəsinin gedişində özünü büruzə verirdi. Belə ki, İran qonşu ölkə kimi Azərbaycanla həmrəylik nümayiş etdirmək əvəzinə, işğalçı Ermənistana iqtisadi və hərbi dəstək verirdi. Rəsmi Tehran Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında rol oynamışdı. Özünü İslam dininin mühafizəkarı kimi qələmə verən ölkənin Qarabağdakı məscidlərin viran edilməsinə, dağıdılmasına vandalizm aktlarına məruz qalmasına göz yumması isə ən utancverici məqamlardan idi. İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə İranda anti-Azərbaycan kampaniyasının aparılması diplomatik əlaqələrimizi sarsıtdı. Rəsmi Tehran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyi yerinə yetirmədi. Ölkəmizin İrana qarşı səbirli davranışı, hədələrə, bəyanatlara təmkinlə yanaşması belə həmin dövrdə qarşılıqsız qaldı. İran təkcə Azərbaycan səfirliyinin əməkdaşlarının deyil, öz tarixi torpaqlarında yaşayan 35-40 milyon soydaşımızın hüquqlarını təmin etməli olduğunun, azərbaycanlıların öz ana dilində təhsil almasının, dövlət orqanlarında iştirakının təmin olunmasının vacibliyini qəbullanmaq istəmədi. Bundan başqa, 44 günlük Vətən müharibəsi zamanı bu ölkədən Ermənistana silah-sursat daşınması İranın münaqişədə kimin tərəfində olmasını bir daha bəlli etdi. Cənub qonşumuz anti-Azərbaycan əməllərini müharibədən sonra da davam etdirərək Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə hərbi yükdaşımalar həyata keçirdi. Eyni zamanda Tehran Qarabağdakı keçmiş separatçı rejimə də hər cür dəstək göstərdi. Yalnız ölkəmizin müdaxiləsindən və qətiyyətli addımlarından sonra rejim ifşa olunaraq bu əməlindən geri çəkilməli oldu.

Yeri gəlmişkən, ötən il İran hakimiyyəti qonşu və müsəlman ölkələri ilə yenidən münasibət quracağını, daha çox iqtisadi əlaqələrə üstünlük verəcəyini açıqlayıb. Tehranın Ər-Riyadla əlaqələrinin bərpası prosesində də bu yanaşma özünü göstərdi. Amma son hadisələr, Tehranın Pakistana hücumu kimi faktlar cənub qonşumuzun müsəlman dövlətlərlə əlaqəsində heç də əvvəlkindən fərqli siyasət yürütmədiyini təsdiqləyir.

N.BEYDİYEVA,

"Respublika".