Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir
Səhiyyə

Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Nazirliyin məlumatında bildirilir.

Tədbirdə Azərbaycan səhiyyə nazirin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov, Səhiyyə Nazirliyi İnsan Resursları şöbəsinin müdiri Səidə Rüstəmova, ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, həmçinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim-tələbə heyəti iştirak ediblər.

Çıxışında Səidə Rüstəmova Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını vurğuladı ki, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyi ilə yüzlərlə qəhrəman döyüşçümüz həyata qaytarıldı. Həmçinin bildirdi ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir. Belə ki, patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir. Öz növbəsində ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bildirdi ki, tibb bacıları səhiyyə xidmətlərinin təminatında önəmli rol oynayır.

Əli SADIQOV,

“Respublika”.