Doğma yurda qayıtmaq hüququmuzdur
MÜSAHİBƏLƏR

Doğma yurda qayıtmaq hüququmuzdur

Bu il yanvar ayının 26-da Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında Qərbi Azərbaycana Qayıdış Konsepsiyası layihəsi müzakirə edilib və səsə qoyularaq təsdiqlənib. Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz, sülh şəraitində qayıtmasının təmin olunmasını ehtiva edən Konsepsiya barədə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı mətbuata açıqlamasında bildirmişdir ki, Qərbi Azərbaycan bütöv Azərbaycanımızın bir hissəsidir. Bu gün Qərbi Azərbaycan adlanan tarixi torpaqlarımızda xalqımızın itirilmiş hüquqlarının, ədalətsizliyin bərpası üçün hər kəs birləşməli və əlindən gələni etməlidir. Hansı formada olursa-olsun, bu məsələdə hər kəs mübarizə aparmalıdır.

Bu gün Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq miqyasda təbliği üçün çox işlər görülür. Bir tərəfdən, Qərbi Azərbaycanda, yəni hazırkı qondarma Ermənistan dövlətində Azərbaycan xalqının əsrlər boyu mövcudluğunu sübut edən materiallar, beynəlxalq hüquqa əsaslanan tarixi faktlar toplanır və müxtəlif dillərə tərcümə olunur ki, dünya ictimaiyyətinə çatdıra bilək. Doğrudur, sübut etməyə ehtiyac yoxdur, amma beynəlxalq təşkilatlar bugünkü Ermənistan ərazisində Azərbaycan xalqının tarixən mövcud olduğunu bilməlidirlər. Ona görə də biz bunu sübut etmək üçün yazılı və şifahi tarix, ədəbiyyat, toponimlər və s. toplayacaq, tərcümə edəcək və ayrı-ayrı beynəlxalq təşkilatlara göndərəcəyik. Bununla yanaşı, son 200 ildə Cənubi Qafqazda erməni fitnəkarlarının yalanlarını ortaya çıxarmaq üçün müxtəlif materiallar hazırlanacaq. Hazırda bununla bağlı çoxlu kitablar yazılır, xəritələr hazırlanır. Biz sübut edəcəyik ki, Cənubi Qafqazda tarixən heç vaxt ermənilər yaşamayıb. Hətta ermənilər sovet dövründə Qarabağa gəlişlərinin 150 illiyini qeyd ediblər. Yəni bu xalq Cənubi Qafqaza təxminən 200 ilə yaxın müddətdə gəlib. Biz həm o torpaqlarda tarix boyu Azərbaycan xalqının yaşadığını, həm də ermənilərin ora sonradan gəlmə xalq olduğunu sübut edən sənədlər hazırlamalıyıq.

Qərbi Azərbaycan İcması yarandıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında bir neçə şöbələr, müvafiq qurumlar yaradılıb. Hesab edirəm ki, bundan sonra da bu istiqamətdə daha çox işlər görüləcəkdir. Qərbi Azərbaycanda yaşamış, oranın mədəniyyətinə, elminə böyük töhfələr vermiş Qərbi azərbaycanlı qadınların tanınması üçün uğurlu addımlar atılacaqdır.

Görünən odur ki, beynəlxalq təşkilatlar yenə də ikili standart tətbiq etməyə çalışacaq, bəzi hallarda isə riyakarlıq göstərəcək, səssiz qalacaqlar. Bunun bizə heç bir aidiyyəti yoxdur. Biz onları bu həqiqətin, tarixi haqsızlığın üzərindən keçməməyə məcbur edəcəyik. Beynəlxalq təşkilatların laqeydliyinə fikir verməyərək öz işimizi görməliyik. Gördüyümüz iş nəticəsində beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların faciəsini dərk edəcək. Nəticə etibarilə biz Qərbi azərbaycanlılar olaraq indiki Ermənistan ərazisində itirilmiş hüquqlarımızı bərpa edəcəyik.

Bildiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi BMT-nin rəsmi sənədi olaraq bütün rəsmi dillərində ingilis, fransız, rus, çin, ərəb və ispan olmaqla yaymışdır. Hesab edirəm ki, bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin uğurudur. Bu uğur möhtərəm Prezidentimizin müdrik diplomatiyasının və onun beynəlxalq aləmdə olan yüksək nüfuzunun nəticəsidir.

Bu günlərdə Qərbi Azərbaycan İcmasının Konsepsiyası qəbul olundu. Bütün dillərə tərcümə olunaraq müxtəlif beynəlxalq təşkilatlara paylandı. Biz hüquqlarımızın bərpasını sülh yolu ilə təmin etməyə çalışırıq. Biz neçə onilliklər boyu ermənilər də daxil olmaqla müxtəlif xalqlarla, milli azlıqlarla bir yerdə yaşamışıq. Azərbaycan xalqı etnik bir cəmiyyətdə yaşamağı vərdiş edib. Azərbaycan dünyanın nadir polietnik ölkələrindəndir. Ona görə də Azərbaycan xalqı yenə də ermənilərlə birgə yaşaya bilər. Çünki biz məsələni sülh yolu ilə həll etmək istəyirik.

Qərbi Azərbaycan İcmasının müxtəlif strukturları olsa da, biz bir vahid komanda kimi fəaliyyət göstərəcəyik. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası Cənubi Qafqazda yaşayan bütün xalqların qadınlarına müraciət edəcək. Eyni zamanda, bütün dünyaya, həmçinin erməni analarına, bacılarına müraciət edəcəyik ki, onlar da bölgədə barışın, sülhün qorunması üçün öz töhfələrini versinlər. Hazırda Birləşmiş Millətlər Təşkilatının 13 və 25-ci qətnaməsində də qeyd olunub ki, qadınların sülh prosesində diplomatik məsələlərdə, konsensusun qurulmasında, müharibə dövrü bərpa-quruculuğunda təmsilçiliyi yüksək dəyərləndirilir. Ona görə hesab edirəm ki, Qadınlar Şurasının çətiri altında qadınların bu istiqamətdə görə biləcəyi işlərdən biri də Cənubi Qafqazda sülh və əmin-amanlığa öz töhfəsini verməkdir.

Geriyə qayıtma prosesində təbii ki, qadın hüquqlarının bərpası çox önəmlidir. BMT və digər beynəlxalq təşkilatların məcburi deportasiya olunmuş insanların öz doğma yurdlarına qayıtması ilə bağlı bir sıra konvensiya və qətnamələr var. Biz, Qadınlar Şurası da beynəlxalq hüquqa istinad edərək geri qayıtma prosesində iştirak edəcəyik. Təki bu məsələ tezliklə həll olunsun.

Mehparə ƏLİYEVA,

"Respublika".