ƏSL DOSTLUĞUN, QARDAŞLIĞIN PARLAQ İFADƏSİ
Siyasət

ƏSL DOSTLUĞUN, QARDAŞLIĞIN PARLAQ İFADƏSİ

Azərbaycan-Türkiyə əməkdaşlığı istər regional, istərsə də beynəlxalq səviyyədə yalnız sülhün və təhlükəsizliyin rəmzi kimi qəbul edilir. İki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu qardaşlıq münasibətlərinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində daha da dinamik şəkildə davam etdirilərək strateji müttəfiqliyə çevrilib.

15 iyun 2021-ci il tarixdə Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini daha yüksək zirvəyə qaldırmış oldu. Bu mühüm sənəd regionda formalaşmış yeni geosiyasi vəziyyətin dəyərləndirilməsində, Azərbaycan və Türkiyə kimi bir-birinə olduqca yaxın ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin keyfiyyətcə daha üstün mərhələyə - strateji müttəfiqliyə qədəm qoymasında mühüm əhəmiyyətə malik oldu. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər bölgədə yeni reallıqların yaranmasını şərtləndirdi. Bu yeni reallıq özünü bütün sahələrdə büruzə verir. Şuşa Bəyannaməsi də tarixi Zəfərimizin, bu yeni reallıqların məntiqi nəticəsi oldu.

Azərbaycan-Türkiyə münasibətləri həm də dünya ölkələrinə inkişafa, sülhə, sabitliyə, tərəqqiyə xidmət edən əsl dostluğun örnəyinin nümayiş etdirilməsidir. Dünyada az sayda ölkələr tapılar ki, Azərbaycan və Türkiyə qədər ədalətli mövqe sərgiləsin. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri ortaq milli maraqlar baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik, o cümlədən media sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi kimi dəyərləndirilməlidir.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi böyük siyasi və mənəvi dəstək xüsusilə qeyd edilməlidir. Bu, əsl dostluq və qardaşlığın ifadəsi idi. Burada söhbət həm də iki dövlət başçısı - cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin yüksək səviyyədə olmasından gedir. Sirr deyil ki, dövlətlərarası münasibətlərdə ölkə başçılarının qarşılıqlı münasibətləri böyük önəm kəsb edir. Bunu bir daha Azərbaycan və Türkiyə liderləri timsalında görmək mümkündür.

Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın bu günlərdə maraqlı açıqlaması diqqət çəkməyə bilməz. Nə qədər təəssüfləndirici olsa da, 1990-cı illərin əvvəlində Azərbaycan Ermənistanın hərbi işğalı ilə üz-üzə qalanda o vaxtkı ölkə rəhbərliyi Türkiyədən dörd vertolyot istədi: "Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, "Qarabağ sizin haqq işinizdir". Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi".

Bu sözlər bir daha hamıya aydın olan həqiqəti tarixi nöqteyi-nəzərdən təsdiqləyir: Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün heç zaman olmadığı qədər yüksək səviyyədədir. Azərbaycan və Türkiyə bu gün əsl "Bir millət, iki dövlət"dir. Bu münasibətlərin belə yüksək səviyyədə olmasında iki dövlət başçısının müstəsna xidmətləri vardır. Söhbət təkcə düzgün qurulmuş siyasi strategiyadan deyil, həm də iki liderin şəxsi keyfiyyətlərindən, qarşılıqlı etimaddan və xoş niyyətlərdən gedir. Məhz bunun nəticəsidir ki, hazırda nə Azərbaycan, nə də Türkiyə 1990-cı illərin əvvəlki dönəminin ölkələri deyil. Həm Azərbaycan, həm də Türkiyə dövlət başçısının müstəqil qərar vermək, dövlətlərinin milli maraqlarını, ölkələrinin mənafelərini müdafiə etmək, istənilən təzyiqə müqavimət göstərmək imkanları var. Bir çox cəhətlər sırasında bu iki şəxsiyyəti birləşdirən ən mühüm cəhətlər də məhz bunlardır: əsl dövlət başçısı müstəqil, praqmatik və iradəli olmalıdır.

Prezident cənab İlham Əliyev bu ay Türkiyənin Rize şəhərindəki mərasimdə bir daha bəyan etdi: "Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqı İkinci Qarabağ müharibəsinin ilk günündən son gününə qədər Azərbaycanın yanında durdular. Bu müharibə Azərbaycanla Türkiyənin ortaq tarixi oldu. Vətən müharibəmizdə Türkiyənin dəstəyini unutmayacağıq. Biz hər zaman bir yerdəyik. Xoş günlərdə, yaxşı günlərdə, pis günlərdə". Bu sözlər birliyimizin, dostluğumuzun, qardaşlığımızın möhtəşəm ifadəsidir.

İstər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də ondan sonrakı dönəmdə dünyanın bir çox ölkəsi hərbi strategiyasını yenidən nəzərdən keçirməyə başladı. Buna səbəb Azərbaycan Ordusunun müharibədə ilk dəfə geniş miqyasda süni intellektdən - pilotsuz uçuş aparatlarından, dronlardan, idarəolunan raketlərdən istifadə etməsi olub.

Azərbaycanın tətbiq etdiyi Türkiyə istehsalı "Bayraktar TB2" zərbə PUA-sı, İsrail istehsalı "Harop" kamikadze dronu, habelə "Spayk" tankəleyhinə daşınabilən raket kompleksi döyüşlərdə ağır texnikanın, xüsusilə manevr qabiliyyəti mürəkkəb olan tankların effektivliyini sual altında qoyub. Belə ki, Azərbaycan Ordusundakı süni intellektli silahların vasitəsilə Ermənistan tanklarının mütləq əksəriyyəti məhv edilmiş və ya sıradan çıxarılmışdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində 366 tankın məhv edildiyini və ya qənimət kimi götürüldüyünü bildirərək burada "Bayraktar"ın rolunu da vurğulayıb: "Bayraktar TB2" PUA-ları düşməni vahiməyə salırdı, bu səbəbdən qənimət kimi götürdüyümüz tankların bir qismi qeyri-döyüş şəraitində əldə olunub. Erməni ekipajları "Bayraktar TB2" PUA-larından elə qorxurdular ki, hansısa mövqeyə çıxdıqdan sonra tanklarını tərk edib qaçırdılar". Bundan başqa, "Bayraktar" PUA-sının effektivliyini Azərbaycan və Türkiyəyə qarşı birmənalı münasibət bəsləməyən "Le Monde" qəzeti də etiraf edib: "2016-cı ildən etibarən imkanı məhdud olan bəzi dövlətlər və silahlı qüvvələr tərəfindən PUA-ların sadə növləri istifadə edilir. Bu silah növündən istifadə əsnasında bəlli olub ki, PUA-ların qrup şəklində istifadəsi vasitəsilə hərbi əməliyyatlarda bir sıra digər hərbi texnikanın yoxluğu təmin edilə bilər. Bunu ilk aşkar edən və dərk edən məhz Türkiyə hərbi qərargahı olub". Nəşrin məqaləsində həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqindən də söhbət açılıb. Bildirilib ki, Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronları ("Bayraktar TB2"), İsrail istehsalı olan kamikadze dronlar ("HAROP") çoxunun təəccübünə səbəb olub. Yazıda digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağda PUA-ların "yer-yer" sinfinə aid olan artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilməsi də qeyd edilib. Bu günlərdə Türkiyədən səmaya qalxan 2 "Bayraktar Akıncı" pilotsuz uçuş aparatları 2 min kilometrlik məsafəni qət edərək Bakıda endi. 2-3 helikopterlə köməyə çatmayan keçmiş iqtidardan fərqli olaraq, 44 günlük savaşın ilk günlərindən Türkiyə özünün F-16 qırıcıları ilə yanımızda oldu, bütün təzyiqlərə, təhdidlərə məhəl qoymadan, qırıcılar Azərbaycanı tərk etmədilər. Bu addım hər kəsə aydın mesaj idi - Azərbaycanın haqq işinə qarışmayın, ədalətli olun, beynəlxalq hüquq və prinsiplərə riayət edin, haqqı dəstəkləmək iqtidarında deyilsinizsə, ümumiyyətlə qarışmayın.

Elə bu günlərdə Bakı səmasında "Türk şahinləri"nin uçuşlarını izlədik. Şahinlər ilk dəfə 2001-ci ildə, Azərbaycana qarşı müəyyən təhdidlər dilə gətiriləndə qoşa bayraqlarımızla uçuşlar həyata keçirmişdilər. Qələbə paradında da iki lider qoşa dayandı, tarixi Zəfərimizi iki dövlət başçısı birgə qeyd etdi. Artıq dediyimiz kimi, Prezident İlham Əliyevin və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən başlıca amildir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi müxtəlif qütblərə çəkməyə çalışan güc mərkəzlərinə qətiyyətlə sözünü deyir, müstəqil siyasətə malik olduğunu və nəyi, nə zaman etmək lazım olduğunu gözəl bilir. Ən müasir tariximizin son 19 illik dövrü bunun əyani təsdiqidir. Həmçinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qətiyyəti onun Qarabağ müharibəsində Azərbaycana birmənalı dəstəyi ilə bir daha hər kəsə əyan oldu. Diqqət edək, bu gün cənab Ərdoğan bəzi ölkələrin NATO-ya üzvlük məsələsində şərtini irəli sürür, Türkiyənin dövlət və milli maraqlarını önə çəkir, dünyanı təhdid edən terrorizmə, həmçinin işğalçı meyillərə qarşı qətiyyətlə sözünü deyir, müxtəlif paytaxtların təzyiq və ya şantajlarına boyun əymir. Bu, iki lider nəinki ölkələrini, həmçinin bəşəriyyəti düşünürlər, cənab İlham Əliyevin pandemiyadan xilas naminə BMT səviyyəsində təşəbbüsləri, Rəcəb Tayyib Ərdoğanın bütün risklərə rəğmən beynəlxalq terrorçuluqla mübarizəni qeyd etmək kifayətdir. Bu gün Azərbaycanın və Türkiyənin güclü, iradəli, əzmkar liderləri var.

 "Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur. "Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram". Türkiyənin Cümhurbaşqanı Ərdoğanın dövlət başçımız cənab İlham Əliyevə göndərdiyi bu təbrik məktubu əsl dostluğun və qardaşlığın növbəti ifadəsidir.

Emin QASIMOV,

"Respublika".