Fransanın mövqeyi sülhə zərbədir
Siyasət

Fransanın mövqeyi sülhə zərbədir

Müasir silahlı münaqişələrin nəticələri göstərir ki, bəzən gücündən asılı olmayaraq, bütöv bir dövlət inkişaf etmiş informasiya texnologiyalarının qarşısında aciz qalır. İnformasiya müharibəsi adından da göründüyü kimi, əsasən hərbi xarakter daşıyır və o, heç vaxt səngimir. Azərbaycana qarşı münasibətdə də bunu görmək mümkündür. Belə ki, anti-Azərbaycan dairələr həmişə bizim üçün önəmli olan günlərdə, vacib tədbirlər ərəfəsində həddindən artıq fəallaşırlar...

Sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində bir çox dövlətlərin ermənipərəst siyasəti açıq-aydın göründü. Təbii ki, Fransa onların arasında daha çox fərqləndi. Erməni lobbisinin böyük təsiri altında olan prezident Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı ciddi cəza tədbirlərin həyata keçirilməsi üçün çox səy etdi, hətta müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi cəhətdən dəstək oldu. Fransa Xarici İşlər Nazirliyi ardıcıl şəkildə məntiqsiz bəyanatlar verərək Ermənistanın işğalçı siyasətini dəstəklədi. Bu, Fransanın Azərbaycana qarşı açıq düşmənçiliyini nümayiş etdirdi.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi qurumun fəaliyyəti dövründə də ermənipərəst mövqeyilə seçilib, beynəlxalq hüqüq və ədalət prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. İndi isə Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına qısqanclıqla yanaşır. Bu gün müxtəlif dairələrdə Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Ayrı-ayrı xalqlara qarşı soyqırımı törədən Fransa Əlcəzair, Vyetnam, Mərakeş və Tunisdə milyonlarla insanı məhv edib. Bu da özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransanın acı reallıqları...

Bəs, fransızların Qarabağ münaqişəsi fonunda daha çox üzə çıxmış və aydın görünən erməni simpatiyası, ermənilərin haqlarını qorumağa çalışmaları nədən qaynaqlanır? Yoxsa fransızlar erməniləri özününkü hesab edirlər? Bəlkə ermənilər sadəcə fransızların siyasi-iqtisadi maraqlarının həyata keçirilməsində bir vasitədir?! Tarixə qısaca nəzər salsaq, bu suala cavab tapmış olarıq. Belə ki, ermənilərin fransızlarla ilkin təmasları orta əsrlərə təsadüf edir. Roma imperiyasının tərkibində yaşayan franklar öz dövlətləri uğrunda romalılarla uzun illər müharibə aparıblar. Ermənilər də romalıların tərkibində franklara qarşı döyüşüblər. 476-cı ildə Roma imperiyası dağıldı, franklar Qərbi Avropada bir neçə dövlət qurdular. Orta əsrlərdə iranlılar (farslar) frankların dövlətini Firəngistan adlandırırdılar. XI-XIII əsrlərdə ermənilər və franklar arasında münasibətlər yüksək həddə çatıb. Cənubi Anadolunun ermənilər yaşayan Kilikiya bölgəsini idarə edən, frank (fransız) əsilli Juzinyan sülaləsinin nümayəndəsi son kral VI Leo Kilikiya Səlcuqlar tərəfindən tutulandan sonra Fransaya qaçır. Müasir Ermənistan dövlətinin bayrağının Kilikiya krallığının bayrağı ilə eyni olması da təsadüfi deyil. Bununla da fransızlarla ermənilər arasındakı müasir siyasi-iqtisadi və mədəni münasibətlərin kökündə tarixi bağlar olduğunu demək olar.

Deməli, Emmanuel Makronun bu canfəşanlığı da əbəs deyilmiş. Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıqlarla barışmayan Fransa prezidenti Emmanuel Makron 2022-ci il fevralın 4-də Avropa İttifaqına sədrliyi qismində Azərbaycan və Ermənistan liderləri və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşünü təşkil etmək təşəbbüsü ilə çıxış etdi. Videoformatda keçirilən həmin görüş bu reallıqlara bir daha işıq saldı. Görüşdə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın 2021-ci il dekabrın 14-də Brüsseldə keçirdiyi görüşün nəticələri nəzərdən keçirildi. O zaman Fransa prezidentinin bu görüşdə ATƏT-in Minsk qrupunun həmsədri kimi iştirak etməməsi onun bu reallığı qəbul etdiyini göstərirdi. Əslində heç də belə deyildi.

Oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərin davamı kimi "Avropa siyasi birliyi"nin Zirvə Toplantısında Ermənistan və Azərbaycan  liderlərinin təkrar görüşü baş tutdu. Görüşdə Avropa İttifaqı Şurası və Fransa prezidentləri də iştirak etdilər. Ermənistan və Fransa sentyabrın 12 və 13-də sərhəddə baş vermiş təxribatlara görə Azərbaycana təzyiq göstəriləcəyinə ümid edirdi. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi, Azərbaycana hər hansı bir formada təzyiq cəhdinin qarşısı qətiyyətlə alındı.

E.Makronun bu görüşdə iştirakının bir çox səbəbləri vardı. İlk olaraq o, Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək niyyətini bəyan etdi. Amma suverenliyini hər şeydən üstün tutan Azərbaycan buna etiraz edərək qətiyyətli mövqe ortaya qoydu. Ölkəmizin qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, Avropa İttifaqının missiyası yalnız Ermənistan ərazisində olacaq, Azərbaycan isə öz maraqlarına uyğun şəkildə   missiya ilə əməkdaşlıq edəcək. E.Makronun bu istəyi gözündə qaldı.

Ümumiyyətlə, Praqa görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi ilə başa çatdı ki, bu da Fransanı heç cür qane etmir.

Bütün bunları həzm etməyən Fransa lideri Praqa  görüşlərindən demək olar, bir həftə sonra faktları manipulyasiya edərək təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırırdı. E.Makron Bakı ilə yanaşı, Moskvanı da hədəf seçmişdi. Bakının Moskvanın ssenarisinə uyğun addımlar atdığını iddia edən E.Makron Rusiya Prezidentinin ünvanına da təhqiredici ifadələr işlətmişdi. Məsələyə münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında  demişdir: "Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük".

Fransanın bu mövqeyi sülhə zərbə vurmaqdan başqa bir şey deyildir. Azərbaycan isə öz istəyinə doğru inamla addımlayır.

Zümrüd QURBANQIZI,

"Respublika".