Millətin ləyaqət rəmzinə çevrilən gün
Siyasət

Millətin ləyaqət rəmzinə çevrilən gün

Ermənistanın 30 il ərzində yaratdığı “yenilməz” ordusu Azərbaycanın Silahlı Qüvvələri qarşısında sadəcə 44 gün tab gətirə bildi. Qəhrəman oğullarımız Ermənistanın silahlı birləşmələrini darmadağın etdi və ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ordumuzun erməni təcavüzünü qəhrəmancasına dəf etməsi, düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzmini bir daha bütün dünyaya göstərdi. Bu günlərdə hər kəs Vətən fədaisi oldu, illərlə yaşadığımız ağrı-acılar sevincə çevrildi. Ermənistan Azərbaycanın Qarabağ bölgəsini öz adına çıxarmağa çalışsa da, bu cəhdi baş tutmadı.

44 günlük müharibə dövründə ölkəmizə müxtəlif təzyiqlər göstərilirdi. Lakin xalqımız birlik, həmrəylik nümayiş etdirərək haqq yolundan dönmədi. Ordumuz hər gün daha əzmlə, qəhrəmanlıqla vuruşurdu. İkinci Qarabağ müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə xalqa müraciət etdi. Vətən müharibəsinin 24-cü günündə müzəffər Ordumuz Ermənistanın işğalı altında olan torpaqlarımızın təxminən üçdəbirini azad etmişdi. 8 noyabrda Qarabağın tacı olan Şuşamızın işğaldan azad edilməsi ilə düşmən təslim oldu və ağ bayraq qaldırdı. Xalqımız son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı. 30 illik yurd həsrəti, vətən nisgili sona çatdı.

2020-ci il dekabrın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir, bir sıra tədbirlər keçirilir. 8 noyabr illərlə davam edən işğalın başa çatdığı, Azərbaycanın şanlı qələbəsi və ərazi bütövlüyünün bərpası günüdür. Düşmən üzərində qələbədən artıq 3 il keçir. 3 ildir ki, Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər gününü qeyd edir. Bu il isə Zəfər bayramı respublikamızın tam suverenliyi və ərazi bütövlüyü şəraitində keçirildi. Bu il oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldırdı.

Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Hərbi parad “Qarabağ Azərbaycandır!” reallığını əyani şəkildə təsdiqlədi.

“Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin”. Bu sözləri ölkə başçımız, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı söyləyib.

Röya RÜSTƏMLİ,

“Respublika”.