Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir
Digər xəbərlər

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir

Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Riyaziyyat və Mexanikanın müasir problemləri" adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycanın görkəmli alimləri ilə yanaşı, 15 ölkədən 23 nümayəndə də  iştirak edib. Giriş sözü ilə tədbiri açıq elan edən Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə böyük təntənə ilə qeyd edildiyini bildirib.  O, ümummilli liderin müasir Azərbaycanın yaradıcısı və eyni zamanda xilaskarı olduğunu vurğulayıb: "Böyük şəxsiyyət Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı tarixin  sərt sınaqlarından hünərlə çıxarmışdır. O dövrdə xalqın qüdrətli dövlət xadiminə böyük ehtiyacı var idi. Xalqımız xoşbəxt xalqdır ki, ona Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın banisi, yaradıcısıdır". Akademiyanın prezidenti İ.Həbibbəyli həmçinin ulu öndər Heydər Əliyevin  uzaqgörən siyasəti nəticəsində Azərbaycanda neft sahəsinin inkişaf etdiyini də bildirib. Dahi liderin ölkəmizə rəhbərliyi dövründə nəqliyyat, logistika, tranzit və iqtisadiyyat sahəsində canlanma baş verdiyini qeyd edib: "Heydər Əliyev sözün əsl mənasında epoxa yaratdı və Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxladı. Təsadüfi deyil ki, ümummilli liderimizin davamçısı İlham Əliyev bu gün dünya liderləri arasında böyük nüfuza sahibdir. Bu gün Azərbaycan elmi özünün yeni inkişaf mərhələsinə yüksəlib. Azərbaycan alimlərinin ulu öndər Heydər Əliyev haqqında saysız-hesabsız kitabları çap olunmuşdur".

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Türkiyənin məşhur Uşak Universitetinin rektoru Ekrem Savaş, akademik Asəf Hacıyev və digər görkəmli alimlər də çıxış ediblər.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verib, 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan 15 müttəfiq respublika arasında 14-cü yerdə olan Azərbaycanın ulu öndərin məqsədyönlü və müdrik siyasəti nəticəsində inkişaf etmiş sənaye respublikasına çevrildiyini qeyd edib. Misir Mərdanov Heydər Əliyevin 1969-cu ilin noyabr ayında Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki Azərbaycan dilində çıxışından da bəhs edib: "Bu çıxış avqust plenumundan sonra mühüm hadisə oldu. Ümummilli liderin yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq ana dilimizdə çıxışı mühüm əhəmiyyət kəsb edirdi. Xatırladaq ki, həmin tədbirdə Sov.İKP MK-nın rəhbərliyindən yüksək nümayəndələr, SSRİ Ali və Orta İxtisas Təhsil naziri, Moskvadan, Sankt Peterburqdan və digər şəhərlərdən gələn nazirlər, rektorlar və başqa rusdilli qonaqlar iştirak edirdi". M.Mərdanov, həmçinin Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən genişmiqyaslı layihələri də iştirakçıların diqqətinə çatdırıb. Daha sonra çıxış üçün söz Uşak Universitetinin rektoru Ekrem Savaşa verilib. Rektor konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, konfransda iştirakından məmnunluğunu diqqətə çatdırıb. Digər iştirakçılar da, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ulu öndərin fəaliyyəti barədə geniş məlumat veriblər.

Xatırladaq ki, konfrans aprelin 28-nə qədər davam edəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".