Laçın yolu sülh yoludur
Digər xəbərlər

Laçın yolu sülh yoludur

Bir vaxtlar özlərini Qafqazın "ariləri" adlandıran ermənilər hələ də öz mənfur xislətlərindən əl çəkmirlər. Belə ki, hayların sülhə doğru addım atmaması, bir sıra təxribat xarakterli yollara baş vurması və bölgədə terrorçu əməllər törətməsi regionda gərginliyi artırır. Sülh məqsədi ilə qurulan Laçın sərhəd buraxılış məntəqəsindən bu günə qədər minlərlə insanın tam təhlükəsiz keçidi təmin edilib. Lakin ermənilər öz çirkin əməllərindən əl çəkməyərək bu vasitəçi yoldan da pis niyyətləri üçün istifadə etməyə çalışırlar. Belə ki, ötən il vətəndaşlarımız Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə edilməsinə qarşı çıxaraq "Laçın yolu sülh yoludur!" şüarını səsləndiriblər. Haylar isə sosial şəbəkələrdə azərbaycanlıların guya Laçın yolunu bağladıqları və təminat maşınlarının keçməsinə imkan vermədikləri barədə yalan xəbərlər yayıblar. Riyakar media nümayəndələri dezinformasiya yaymaqda maraqlıdırlar. Baxmayaraq ki, həmin ərəfədə Rusiya sülhməramlılarının iki təminat maşını məhz bu yolda maneəsiz hərəkət edib.

Şübhəsiz ki, 30 il torpaqlarımızı soyub-talayan və bütün sərvətlərimizdən istifadə edən ermənilər bu gün Laçın ərazisinə sahib deyillər deyə daha çox qəzəblidirlər. Buna görə də mütəmadi formada bölgədə təxribat törədir, Laçın yolundan silah-sursat keçirməyə cəhd edirlər. Əlbəttə, bu əməlləri niyyət olaraq da qalır. Azərbaycan tərəfi heç bir dövlət və quruma imkan verməz ki, onun ərazisində qanunsuz əməliyyatlar həyata keçirilsin.

Mövzu ilə bağlı deputat Elşad Mirbəşiroğlu bildirir ki, Laçın yolu heç bir halda Azərbaycan ərazisindəki separatçıların, terrorçuların ərzaqla, silah-sursatla təmin edilməsi üçün istifadə edilə bilməz: "Hər bir ölkə öz ərazisində, suverenliyini tam təmin etməlidir və hər bir ölkə təhlükəsizliyinə mövcud olan təhdidləri də aradan qaldırmaq istiqamətində məqbul bildiyi addımları atmaq hüququna malikdir. BMT Nizamnaməsinin 51-ci maddəsində aydın şəkildə göstərilir ki, dövlətlər fərdi və ya kollektiv şəkildə təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq üçün güc tətbiq edə bilərlər. Bildiyimiz kimi, Laçın yolu vasitəsilə həm kənar dairələr, həm də Ermənistan Azərbaycan ərazisindəki separatçıları ayaqda saxlamağa çalışırdılar. Biz dəfələrlə görmüşük ki, Laçın yolu vasitəsilə separatçılara silah, sursat, yeni istehsal olunmuş minalar və digər Azərbaycanın nəzarətindən kənar yüklər çatdırılıbdır. Təbii ki, Azərbaycan üçün bu, ciddi təhlükəsizlik məsələsi idi. Ona görə də biz beynəlxalq hüquq normalarına uyğun olaraq bütün dünya dövlətləri kimi öz sərhədimizdə nəzarətimizi təmin etdik və ölkəmizə giriş-çıxışı tam qanuni əsaslarla nəzarət altına aldıq. Bu baxımdan, Laçın yolu təbii ki, sülh yoludur. Laçın yolu Azərbaycanın suveren əraziləridir. Bu yol Azərbaycanın nəzarəti altındadır və təbii ki, biz bu yoldan təhlükəsizliyimizə təhdid yaradacaq hallara imkan verməyəcəyik. Azərbaycan regionda sülh gündəliyini başladıb. Azərbaycanın irəli sürdüyü şərtlər tam ədalətli və beynəlxalq hüquq normaları ilə uzlaşan şərtlərdir. Ermənistan tərəfi həqiqətən də sülh arzulayırsa, regiondakı iqtisadi əməkdaşlıq prosesinə qoşulmaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü kağız üzərində tanımalı, ərazi iddialarından tam əl çəkməli və təbii ki, ən əsası da Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti üzərindən spekulyasiyalara son qoymalıdır. Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri tam təhlükəsiz və dinc şəraitdə yaşamaqdadırlar. Ermənilərin vəziyyəti ilə bağlı heç bir təhlükənin olmadığı həm Qərbə, həm də Ermənistana yaxşı bəllidir. Sadəcə, indiki şəraitdə Azərbaycan ərazisində yaşayan ermənilərdən bir alət kimi istifadə etməklə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına maneə yaradırlar".

Töhfə SƏMƏDOVA,

"Respublika".