İlham Müzəffər oğlu Əliyev
Sosial həyat

İlham Müzəffər oğlu Əliyev

Vətənimizin üzərini qara buludlar alanda, yağı düşmən yurdumuzun əlçatmaz qala divarlarına, yaraşıqlı dağlarına, yamaclarına göz dikəndə Azərbaycanımızın neçə-neçə qeyrətli oğulları kimi İlham da Koroğlu tək dəli nərə çəkib döyüş meydanına atıldı, ölüm-dirim savaşına qoşuldu. Qayadan-qayaya sıçradı.

...Qazax rayonunun Aşağı Əskipara kəndi uğrunda qızğın döyüşlər gedirdi. Hər yan od-alov içində idi. Son günlər Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. Bir sözlə, dinc əhalinin növrağı pozulmuşdu. 19 avqust 1990-cı ildə leytenant İlham Əliyev öz dəstəsi ilə atəş altında olan Aşağı Əskiparaya göndərildi. Təcrübəli zabit İlham Əliyev 11 nəfərlik dəstə ilə kənddəki məktəbin binasında özlərinə mövqe seçdilər, quldurların kəndə soxulmasına yol verilmirdi. Düşmən isə geri çəkilmək istəmir, nəyin bahasına olursa-olsun kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. Vəziyyət isə anbaan çətinləşirdi. Tale elə gətirdi ki, İlham ağır döyüşlərdə qarın nahiyəsindən ağır yaralandı. Onu təcili Qazax Rayon Xəstəxanasına çatdırdılar. Həkimlərin səyinə baxmayaraq leytenant İlham Əliyevi ölümün pəncəsindən xilas etmək mümkün olmadı.

İlham Əliyevin son mənzili Gədəbəy rayonundakı Şəhidlər xiyabanı oldu.

İlham Müzəffər oğlu Əliyev 5 may 1961-ci ildə Azərbaycanın səfalı guşələrindən olan Gədəbəy rayonunda dünyaya göz açmışdı.

İlham orta məktəbdə təhsil alarkən elmə böyük həvəs göstərir, mütaliəni sevir, saatlarla bədii kitablar əlindən düşməzdi. Aşıq poeziyasına, sədəfli saza sonsuz həvəsi var idi. Adı həmişə məktəbin şərəf lövhəsində olardı.

İlham Əliyev 1978-ci ildə orta təhsilini başa vurduqdan sonra 1980-ci ildə hərbi xidmətə yola düşmüş, orduda olarkən hərbi texnikanın sirlərini mükəmməl öyrənmiş, ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır. 1983-cü ildə İlham DİN-in təyinatı ilə İsmayıllı rayon DİŞ-ə işə qəbul edilir. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-in mühafizə bölməsinə dəyişirlər.

İ.Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, "Milis əlaçısı" döş nişanına layiq görülmüşdür. 1988-90-cı illərdə İlham Azərbaycan ərazilərinə silahlı basqınlar zamanı erməni daşnaklarına qarşı igidliklə vuruşmuş bir çox uğurlu döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. Adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Gədəbəy şəhərindəki 1 saylı orta məktəb Azərbaycanın Milli  Qəhrəmanı İlham Əliyevin adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.                

Qədir ASLAN,

"Respublika".