Sosial həyat

"Rəqəmsal İpək Yolu"

 Layihə Avropa və Asiya arasında yeni əməkdaşlıq imkanları yaradır.

Avropa ilə Asiyanı birləşdirəcək "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin icrası ilə formalaşan rəqəmsal telekommunikasiya dəhlizi Azərbaycan və regionun digər ölkələri üçün yeni əməkdaşlıq imkanları yaradır. Bu dəhlizinin formalaşdırılması üçün böyük infrastruktur layihələrinin həyata keçirilməsi, yerüstü və sualtı fiber-optik magistral kabel xətlərinin çəkilməsi istiqamətində işlər aparılır. "Rəqəmsal İpək Yolu" layihəsi Azərbaycan və Orta Asiya dövlətləri üçün xüsusi əhəmiyyət daşıyır. Regionda telekommunikasiya sahəsinin inkişafına, ölkəmizin qlobal nüfuzuna olduqca müsbət təsir göstərəcək bu layihə ölkə rəhbərliyinin də diqqət mərkəzindədir.

Ötən həftə Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında layihənin əməkdaşlıq üçün yeni sahə olduğunu bildirib. "Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız "Rəqəmsal İpək Yolu" layihəsidir", - deyə dövlət başçısı qeyd edib.

"Rəqəmsal İpək Yolu" layihəsi "NEQSOL Holding"in təşəbbüsü ilə onun tərkibinə daxil olan AzerTelecom şirkəti tərəfindən həyata keçirilir. Layihə ötən il "Dubay Ekspo" ümumdünya sərgisində və "Capacity Middle East 2022" qlobal telekommunikasiya tədbirində də geniş təqdim edilib. "Rəqəmsal İpək Yolu" rəqəmsal kontent və internet xidmətinin Avropanın internet mərkəzlərindən Azərbaycan vasitəsilə Asiya ölkələrinə daşınmasını nəzərdə tutur. Burada əsas məqsəd regionlar arasında rəqəmsal əlaqələrin daha sürətli, təhlükəsiz və effektiv olmasıdır. Layihə internet xidməti və iri kontent operatorları olan "Google", "Amazon", "Netflix", "Facebook" və digərlərinin kontentinin daşınmasında Azərbaycanın tranzit ölkə olmasını, gələcəkdə isə Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsini və bu kontentin, eləcə də internetin artıq buradan Orta və Cənubi Asiya regionu dövlətlərinə, həmçinin digər region dövlətlərinə daşınmasını özündə ehtiva edir. "Rəqəmsal İpək Yolu" qlobal ticarəti inkişaf etdirmək üçün də yeni imkanlar təqdim edəcək. Elektron ticarət platformaları və ödəniş sistemləri sayəsində ölkələr arasında elektron xidmətlərin daha sürətli və asan bir şəkildə ötürülməsi mümkün olacaq.

Qeyd edək ki, "Rəqəmsal İpək Yolu" layihəsi 2020-ci ildə ABŞ-da "Qlobal Strateji İnfrastruktur Liderlik Forumu"nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib. Gələcəkdə daha çox ölkə öz ticarət və rabitə infrastrukturunu inkişaf etdirmək üçün onu nümunə olaraq nəzərdən keçirə bilər. Şübhəsiz ki, bu da qlobal ticarətin inkişafını təmin edəcək və ölkələr arasında əlaqələri daha da genişləndirəcək bir addım olacaq. Layihənin vacib komponentlərindən biri məhz Xəzər dənizinin dibi ilə Azərbaycanla Orta Asiya ölkələri arasında fiber-optik kabel xətlərinin çəkilməsidir. Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə magistral fiber-optik kabel xətlərinin çəkilməsi ("Trans-Xəzər Fiber Optik Kabel Xətləri") "Rəqəmsal İpək Yolu" layihəsinin Asiya seqmentini təşkil edir. Cari ilin avqust ayında Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə "Trans-Xəzər Fiber-Optik Kabel Xətti" layihəsinin icrası ilə bağlı Azərbaycan tərəfdən "AzerTelecom", Qazaxıstan tərəfdən isə "Kazakhtelecom" şirkətləri birgə müəssisə yaradıblar. Bu ilin sentyabr ayında isə Qazaxıstanın Almatı şəhərində keçirilmiş "GCCM 2023" tədbirində "AzerTelecom" və "Kazakhtelecom" arasında strateji əməkdaşlıq əsasında həyata keçirilən və "Rəqəmsal İpək Yolu" meqalayihəsinin əsas komponentlərindən biri olan "Trans-Xəzər Fiber-Optik Kabel Xətti" layihəsi müxtəlif xarici telekommunikasiya operatorlarına təqdim olunub. Görüş çərçivəsində bildirilib ki, layihə 380 kilometr uzunluğunda olaraq 400 terabit/s-ə qədər datanın ötürülməsini həyata keçirəcək. "Rəqəmsal İpək Yolu"nun müxtəlif seqmentlərini birləşdirməklə, çoxterabitli məlumatların nəqlini təmin edəcək fiber-optik magistral xətt regionda telekommunikasiya sənayesinin və beynəlxalq iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək.

Bu qlobal rəqəmsal infrastruktur layihəsi Türk Dövlətləri Təşkilatının da diqqət mərkəzindədir. Təşkilatın Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalanıb. Bəyannaməyə əsasən, üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin "2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası"nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub. Müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın ərazilərindən keçəcək "Rəqəmsal İpək Yolu" məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən effektiv və ən qısa marşrut olacaq və regional əməkdaşlığa və inkişafa təkan verəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".