Keyfiyyətli suvarma məhsuldarlığın başlıca təminatıdır
İQTİSADİYYAT

Keyfiyyətli suvarma məhsuldarlığın başlıca təminatıdır

Azərbaycan torpağı münbit, günəşi bol olan ölkədir. Burada başlıca məsələ əkin sahələrinin vaxtlı-vaxtında və keyfiyyətlə suvarılmasıdır. Doğrudur, münbit torpaq, əkin sahələrinin hazırlanması, keyfiyyətli toxum da şərtdir. Lakin vaxtlı-vaxtında bol su təminatı olmasa, əkin yanar, məhv olar.

Bu çətin, lakin şərəfli missiyanı isə melioratorlar həyata keçirirlər. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, əsas kənd təsərrüfatı bölgələrindən sayılan Kürdəmir rayonunda suvarılmanın mütəşəkkil aparılması və fermerləri suvarma suyu ilə tam təmin etmək üçün Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam edir. Rayon ərazisindəki torpaqlar şoran olduğu üçün burada suvarmasız heç bir məhsul əldə etmək olmaz. Bu məqsədlə 2022-ci ildə xidməti ərazidə olan rayonun 58 kənd və 3 qəsəbəsinin 69526 hektar suvarılan ərazisindəki kənd təsərrüfatı əkinləri və həyətyanı sahələrinin suvarılması nəzərdə tutulub və suvarma hazırda davam edir. Rayonda suvarma öz təbii axını və mexaniki üsulla aparılır. Əkin sahələrinin vaxtında suvarılması üçün hazırda suvarma kanallarında lildən təmizləmə işləri davam edir. İdarənin balansında olan kanallar bir neçə istiqamətdə lildən təmizlənir.

Hazırda Kürdəmir rayonu əkin sahələrinin suvarılmasında qızğın dövrünü yaşayır. Fermerlər əkdikləri məhsulun bəhrəsini görmək üçün aqrotexniki qulluqla yanaşı, vaxtlı-vaxtında suvarmanı da aparmalıdırlar.

Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 14 ədəd Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir ki, bu da bütün suvarılan sahələri əhatə edir. 2022-ci il üçün ayrı-ayrı Sudan İstifadəedənlər birlikləri üzrə suvarma planları və suvarılan sahələrin planları tərtib olunub. Bu il suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi qrafiki tərtib olunaraq kanallar üzərində yerləşən hidrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb. İdarə tərəfindən bu il də torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulur. Beton üzlüklü kanallar isə su itkisini minimuma endirir.

Qeyd edək ki, cari ildə Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 44 min hektardan artıq taxıl, 2500 hektar pambıq, 4677 hektar bostan-tərəvəz və 8900 hektar yem bitkiləri əkilib. Bundan başqa, 2620 hektar bağ və üzümlük, 6925 hektar isə həyətyanı sahələr var.

Ağcabədi Qarabağ iqtisadi rayonuna daxil olsa da, Aran sayılır, yəni düzən bölgədir. Burada əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına ciddi ehtiyac var. Əkin sahələri həm təbii yolla, yəni təbii su mənbələri hesabına, həm də subartezian su quyuları vasitəsilə suvarılır. Suvarma Sistemləri İdarəsi rayon ərazisində ümumilikdə 63 min hektar əkin sahəsinə xidmət edir. Hər il olduğu kimi, bu il də idarə tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir. Cari ildə 12 min hektardan artıq pambıq sahəsində, 19 min hektardan çox taxıl sahəsində və 6322 hektar digər kənd təsərrüfatı bitkiləri əkilən sahədə və 25630 hektar yonca sahəsində suvarma işləri aparılıb. İdarənin balansında olan nasoslarla 13 min hektar, öz axını ilə 23290 hektar, 26710 hektar əkin sahəsi isə artezianlarla suvarılıb. Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu işlərin də böyük bir hissəsi arxada qalıb. Bununla da, əhalinin suvarma və içməli suya olan tələbatı ödənilib.

Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2261 kilometr suvarma kanalı, 2549 kilometr kollektor-drenaj şəbəkəsi, 4445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasos, 2 ədəd üzən nasosun istismarı və təmirini təmin etməkdən ibarətdir. Bundan başqa, idarənin balansında olan nasos stansiyalarda da cari təmir işləri aparılıb. Belə ki, Salmanbəyli-9 nasos stansiyası və Xocavənd-1 nasos stansiyasının hər birində bir ədəd elektrik mühərriki təmir olunub.

Qeyd edək ki, bu ilin əvvəlindən Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən 470 min kubmetr suvarma kanalı və 401 min kubmetr kollektor-drenaj şəbəkələri lildən təmizlənib. 103 ədəd subartezian quyusu cari təmir olunub. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, torpaqların münbitliyi artıb.

Göründüyu kimi, bölgələrimizdə əkin sahələrinin suvarılmasında çox məsul bir dövrdür və bu iş uğurla davam etdirilir.

Nəriman CAVADOV,

"Respublika".