Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Bərdədə vətəndaşlarla görüşüb
Sosial həyat

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Bərdədə vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov iyulun 8-də Bərdə şəhərində Bərdə və Tərtər rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Bərdə Suvarma Sistemləri İdarəsinin inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyalarının quraşdırılması və balansa götürülməsi, su buraxıcı qurğuların tikilməsi, kanalların lildən təmizlənməsi, subartezian quyularının qazılması və bərpası, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC