İşıqlı sabahlara aparan yollar
Sosial həyat

İşıqlı sabahlara aparan yollar

İşğal dövründə bir deyim dillər əzbərinə çevrilmişdi: "Bütün yollar Qarabağa aparır". Bu yola qovuşmaq, ilk addımı atmaq üçün tam 30 illik məsafəni qət etdik. Nəhayət, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bundan sonra ərazi bütövlüyünü təmin edən ölkəmizin qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin yenidən qurulması və dirçəldilməsi idi.

Hər şeydən öncə ərazidə yol infrastrukturunun yaradılması qarşıya qoyulan əsas vəzifələrdən biri idi. Düşmən digər infrastruktur obyektləri, tikintiləri kimi, yollarımızı da 30 il ərzində bərbad vəziyyətə salmışdı. Bu səbəbdən də Azərbaycan dövləti Vətən müharibəsində Qələbə qazandıqdan sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhəng tikinti meydançasına çevrildi. Böyük Qayıdış planına uyğun olaraq əvvəlcə ərazilər minalardan təmizləndi. Bunun ardınca şəhər və kəndlərin bərpası, həm də zəruri infrastrukturun yaradılması ilə bağlı layihələr reallaşdırıldı. Qeyd edək ki, azad olunmuş ərazilərdə həyata keçirilən ilk yol-infrastruktur layihəsi Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların bərpası ilə başladı. Ardınca müasir standartlara uyğun yol şəbəkəsi olan Zəfər yolu çəkildi və 2021-ci ilin sentyabr ayından istifadəyə verildi.

İşğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində bölgədə müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Sözsüz ki, müasir yol-nəqliyyat infrastrukturu olmadan soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Bütün bunları nəzərə alan dövlətimiz bölgənin yol infrastrukturunu diqqətdə saxlayır. Bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Təbii resurslarla zəngin Qarabağ və Şərqi Zəngəzur bölgəsi təkcə ölkəmiz üçün deyil, eyni zamanda beynəlxalq aləm üçün də olduqca böyük əhəmiyyət kəsb edir. Gələcəkdə bu yerlərin qaynar turizm bölgəsinə çevriləcəyini nəzərə alaraq müasir yol infrastrukturunun qurulması vacibdir. Ölkəmiz bu sahədə mövcud potensialdan bəhrələnmək üçün ilk növbədə, rahat yolların salınmasını diqqətdə saxlayır. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər əsasən dağlıq relyefə malikdir. Bu cür ərazilərdə yol çəkmək olduqca çətin prosesdir. Eyni zamanda çətin relyefə malik Kəlbəcər və Laçının bir sıra yaşayış məntəqələrində yol olmadığı üçün qış aylarında bura getmək mümkün deyil. Bütün bunları nəzərə alan dövlətimiz tərəfindən bərpa işləri çərçivəsində layihələndirilən yeni yollarla qış aylarında da rahat gediş-gəliş mümkün olacaq. Bir sözlə, yeni çəkilən yollar işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadəni təmin edəcək. İşlər bu gün də böyük sürətlə davam etdirilir.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üzrə Tədbirlər Planında AAYDA tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Tədbirlər Planına uyğun olaraq 2 layihənin bu il, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması planlaşdırılıb. Ötən ilin məlumatlarına görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin mərhələdə bərpası və yenidən qurulması nəzərdə tutulan 2 453,9 km avtomobil yolunun 185,5 km-də işlər artıq başa çatıb.

Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsi hava yolları vasitəsilə də bütün dünyaya açılıb. Füzuli, Zəngilan Beynəlxalq Hava limanları artıq istifadəyə verilib. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanında isə tamamlama işləri 2025-ci ildə yekunlaşacaq. Bölgədə dəmir yollarının tikintisi üçün də mühüm işlər aparılır. 2021-ci ilin fevral ayında tikintisinə başlanılan Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi uğurla aparılır. Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunel, 41 körpü, 3 qalereya, 7 yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi aparılır. Horadiz-Ağbənd xəttində layihənin 82, tikinti işlərinin 45 faizi yerinə yetirilib, 69.7 kilometr uzunluğunda relslər çəkilib. Hazırda magistralın 80 faizdən çoxunda tikinti işləri tamamlanıb. Naxçıvanın şimalında - Türkiyə, Ermənistan və İrana yaxın ərazidə yerləşən Ordubaddan Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xəttin əsaslı təmir olunması nəzərdə tutulur. Bərdə-Ağdam dəmiryolu xəttinin tikintisi üzrə işlər sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yollar xalqımızın quruculuq əzmini simvolizə edir, dünya bir daha Azərbaycanın gücünə, qüdrətinə heyran qalır. 2020-ci il 27 sentyabr tarixində bizi böyük Zəfərə aparan yollar bu gün xoşbəxt, işıqlı gələcəyə aparır.

Ramidə YAQUBQIZI,

"Respublika".