Miqrasiya müasir dövrdə aktual məsələlərdən biridir
Digər xəbərlər

Miqrasiya müasir dövrdə aktual məsələlərdən biridir

18 Dekabr Beynəlxalq Miqrant Günüdür

Bugünkü qloballaşan dünyada insanlar daim hərəkətdədirlər. Bu hərəkətliliyin nəticəsi olan miqrasiya mədəniyyətlər, etnik qruplar və dillər arasında ənənəvi sərhədləri pozur. Bir çoxları miqrasiyanı təhdid kimi qəbul edir. Başvermə səbəbindən asılı olmayaraq, miqrasiya bir beynəlxalq sərhəddə və ya ölkə daxilində baş verən prosesdir.

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konsepsiya qəbul edib. 2000-ci ildən etibarən həmin gün Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində deyilir: "Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir".

Bütün insanlar kimi, miqrantların da insan hüquqları var, lakin çox vaxt onların hüquqları pozulur. Miqrantların insan hüquqlarını təmin edən bir sıra sənəd və mexanizmlər mövcuddur: sığınacaq hüququ, qaçqınların qorunması. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi tərəfindən təqibdən sığınacaq axtarma hüququ insan hüququ olaraq tanınır. Bu hüquq BMT-nin 1951-ci ildə qəbul etdiyi Qaçqınların Statusuna dair Konsepsiyanın 1967-ci il Protokolu ilə sığınacaq hüququ üzrə universal standarta çevrilməsinin əsasını təşkil edir.

Cenevrə Konsepsiyasının təməlində qaçqınların mühafizəsi məsələsi dayanır və bir sıra prinsiplərə əsaslanır. 1950-ci ildə BMT Baş Assambleyası Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı şöbəsini təsis edib və onun məqsədi hər kəsin sığınacaq axtarma hüququndan istifadə edə bilməsini təmin etməkdən ibarətdir. BMT QAK qaçqınları qorumaq üçün beynəlxalq səviyyədə tədbirlər görür və koordinasiya edir. Həmçinin Konvensiyanın həyata keçirilməsinə nəzarət də onun funksiyasına daxildir.

1990-cı ildə qəbul edilmiş bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə BMT-nin Beynəlxalq Konvensiyası miqrasiya və insan hüquqları sahəsində ən nüfuzlu beynəlxalq sazişdir. 2011-ci ildə onu yalnız 44 dövlət təsdiqləmişdi. Azərbaycan da həmin ölkələr sırasındadır.

Konvensiya miqrantlar üçün yeni hüquqlar yaratmır, lakin müvafiq dövlətin vətəndaşları ilə bərabər işləmək hüququnu və bəzi şərtləri təmin edir. Konvensiyaya görə, bütün miqrantlar ən azından minimum səviyyədə qorunmalı, onlara qarşı qeyri-qanuni hərəkətlərə yol verilməməli, eyni zamanda sənədləşdirilməmiş miqrantların əsas insan hüquqlarına zəmanət verilməsi təmin olunmalıdır.

Azərbaycan Milli Məclisi 1998-ci il 11 dekabr tarixli qanunu ilə 1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən qəbul olunmuş "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya edib. Bu baxımdan respublikamız üçün də miqrasiya proseslərinin beynəlxalq normalara uyğun şəkildə tənzimlənməsinin təmin edilməsi, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.

Bu gün dünyada 1 milyondan çox miqrantın olması qlobal çağırışlar doğurur və ölkələrin buna qarşı birgə səy ortaya qoyması zərurətə çevrilir. Azərbaycana həm daxili, həm də xarici miqrasiya xasdır. Belə ki, SSRİ süquta uğradıqdan sonra 200 mindən çox azərbaycanlı Ermənistandan Azərbaycana qaçqın düşdü. Eyni zamanda, keçmiş Dağlıq Qarabağ və ətraf rayonların qəsb edilməsi fonunda 1 milyondan çox vətəndaş məcburi köç etdi.

Azərbaycanda hazırda əmək miqrantları da çoxluq təşkil edir ki, onların da əksəriyyəti tikinti-inşaat sektorunda çalışırlar. Ölkəmizə Mərkəzi Asiya ölkələrindən, İran, Əfqanıstan, Türkiyədən miqrant axını var.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

Dövlət Miqrasiya Xidməti beynəlxalq təcrübənin öyrənilməsinə hər zaman xüsusi diqqət yetirir. Belə ki, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi, dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin təmzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması və s. sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə olunması məqsədilə son illərdə əhəmiyyətli addımlar atılıb.

Avropa Şurasının İnsan Hüquqları üzrə müvəkkili Tomas Hammarberq yazır: "... Onlar okean boyunca təhlükəli gəmilərdə sərhədləri aşır, bəziləri öz həyatlarını itirirlər. Torpaq sərhədlərini gizli şəkildə keçməyin yollarını tapırlar. Avropa ölkələri bu əhaliyə "təhlükəsizlik təhdidi" kimi yaxınlaşır və öz sərhədlərini qorumaq üçün məcburi köçkünləri cəzalandırırlar, onları həbsxana şərtlərində qapalı şəraitdə saxlayırlar... Bu əcnəbilər cinayətkarlar deyil, yalnız daha yaxşı bir həyat, ağır, acınacaqlı hallardan, zülmdən qorunmaq istədikləri üçün "günahkardırlar". Bütün miqrantlar insan hüquqlarına malikdirlər və bunlara hörmət edilməlidir...".

Zümrüd QURBANQIZI,

"Respublika".