DAŞNAK İDEOLOGİYASININ FƏALLARI YENİ AMPLUADA
Digər xəbərlər

DAŞNAK İDEOLOGİYASININ FƏALLARI YENİ AMPLUADA

Bədnam qonşularımız indi də Rusiyaya qarşı əsassız ittihamlar irəli sürmək iddiasına düşüb

Məlum olduğu kimi, avqustun 17-si Rusiya Federasiyası Ermənistana nota verdi. Bu, müəyyən qədər gözlənilməz olsa da, rəsmi Moskvanın qəti mövqeyini ifadə etmiş oldu.

Məsələ burasındadır ki, Ermənistan mediasında İrəvandakı "Surmalu" ticarət mərkəzindəki partlayışda "Rusiya izi" barədə xeyli sayda məlumatlar yayıldı. Erməni ideoloqlarının növbəti "məhsulu" olan həmin versiya isə heç bir konkret faktlara, dəlillərə söykənmir. Bu faktın özü bir daha sübut edir ki, istər Ermənistanın özündə, istərsə də erməni lobbisində yalan və qarayaxma xarakterli xəbərlər yaymaq makinası həmişə hazır vəziyyətdə saxlanılır. Göründüyü kimi, saxta erməni ideologiyasının başbilənləri yenidən iş başındadır. Onların gözlərinə elə bir pərdə çəkilib ki, mövcudluqları ilə borclu olduqları ölkəyə qarşı da çıxışlar etməkdən çəkinmirlər. Bu, bizim yaxşı bələd olduğumuz erməni həyasızlığının təkcə bir tərəfidir. Azərbaycan haqqında yalan, iftira dolu, tarixi faktları saxtalaşdırmağa yönəlmiş informasiyalar tirajlananda biz bunu aydın şəkildə gördük. Təsadüfi deyil ki, indi də öz müttəfiqi olan Rusiyaya qarşı belə bir addım atılanda Rusiya Federasiyasının bu ölkədəki səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərməklə bədnam qonşularımıza öz yerlərini göstərmək məcburiyyətində qalıb. Qeyd olunur ki, nota yerli informasiya məkanında Moskvaya qarşı saxta ittihamlarla şişirdilmiş anti-Rusiya xəbərlərinə görə göndərilib. "Biz yerli informasiya məkanında şişirdilmiş, avqustun 14-də "Surmalu" ticarət mərkəzində baş vermiş faciədə iştirakımıza dair Rusiya strukturlarına qarşı saxta ittihamları özündə əks etdirən yalan məlumatlardan hiddətlənirik". Diplomatik nümayəndəliyin bəyanatında belə deyilir. Məlumatda həmçinin, qeyd edilir: "Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan belə eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik". Səfirlik xatırladıb ki, Rusiya-Ermənistan Humanitar Mərkəzində təmsil olunan Moskva mütəxəssisləri ilk dəqiqələrdən hadisənin nəticələrinin aradan qaldırılması işlərinə cəlb edilib.

Maraqlıdır ki, Rusiyanın Ermənistandakı səfirliyinin İrəvana nota verməsi erməni cəmiyyətində hiddətlə qarşılanıb. Yerli mediada dərc edilən yazıların əksəriyyətində isə hüzn günlərində müttəfiqdən belə bir siyasi-diplomatik təzyiqin (?!) gəlməsi xalqın aşağılanması kimi qiymətləndirilir. Deməli, ermənilər yalan və böhtanlarla dolu məlumatları yayanda olar, ancaq buna ciddi etiraz ifadə ediləndə "siyasi-diplomatik təzyiq" olur.

Məsələn, ermənilərin məşhur "Hraparak" saytı Rusiya səfirliyinin məlum davranışını qınayan geniş yazı dərc edib. Yazıda belə bir cümlə yer alır:

"...Rusiyanın İrəvandakı səfirliyi görünməmiş addım ataraq Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdi". Yəni, başıpozuq fəalların əsas fikri bundan ibarətdir ki, ermənilərə və onların qondarma dövlətinə heç kim etiraz bildirməməlidir. Yeri gəlmişkən, "Surmalu" hadisələrindən dərhal sonra "Soros" dairələrinin və xüsusilə də, "Sasna Tsrer" qruplaşmasının nümayəndələrinin də Rusiya əleyhinə yazıları və bəyanatları yayıldı. Bununla yanaşı, Ermənistan hakimiyyətinin təsiri altında olan teleqram kanallarında, xüsusən də "Bagramyan 26"da eyniməzmunlu materiallar dərc olunub. Hakimiyyət nəzarəti altında fəaliyyət göstərən QHT və siyasi partiya sektorunun nümayəndələri də Rusiya Federasiyasının geosiyasi qarşıdurma, hibrid müharibə və s. ilə məşğul olduqlarını yazırlar.

Lakin Ermənistanda dövlət və hökumət səviyyəsində müttəfiq dövlətin ünvanına səslənən kobud ittihamlara heç bir reaksiya verilməyib. Belə görünür ki, hakimiyyət bu prosesə şəxsən rəhbərlik etməsəydi, hazırda erməni təbliğatının ideoloji maşınının sükanı arxasına keçmiş "sorosçular"ın dövriyyəyə buraxdığı versiya ilə razılaşmazdı. Axı bu, həm də həmin səlahiyyətlilərin dəst-xəttidir - məsuliyyətdən yayınmaq üçün ictimai narazılığı süni şəkildə başqa subyektlərə istiqamətləndirmək.

Bütün dünya artıq yaxşı bilir ki, öz konkret mövqeyi olmayan, fikirlərini tez-tez dəyişən Nikol Paşinyan hakimiyyətə gələndən məhz bu cür "oynayır", hər şeydə günahkar kimi özünü və komandasını deyil, başqalarını görür. İndi Ermənistan hakimiyyəti Rusiyaya da bu prinsiplə yanaşdı, siyasi oyunbazlıqla məşğul oldu. Belə də düşünmək olar ki, burada məlum hadisənin baş verməsi sadəcə bir bəhanədir. Xatırladaq ki, avqustun 14-ü günorta saatlarında İrəvanda "Surmalu" ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, daha iki nəfər isə itkin sayılır.

Adətən, müttəfiq dövlətlər arasında belə məsələlər daha çox müzakirə formatında həll olunur. Bir qayda olaraq açıq bəyanatlar verilmir. Lakin Ermənistan öz vətəndaşlarının ölümü üzərindən yenidən bir oyun qurdu, Rusiyanı ittiham etdi. Təbii ki, Rusiya tərəfindən belə bir xain addıma cavab olaraq verilmiş notanın mətni kifayət qədər sərt sözlərlə zəngin idi. Bu cür arzuolunmaz söz ehtiyatları ilə zəngin notanın verilməsinə nadir hallarda rast gəlinir və erməni həyasızlığının, yalan və böhtanlarının bütün mümkün qırmızı xətlərinin keçilməsini göstərir.

Ancaq bu, erməniləri sakitləşdirməyib. Bəziləri bu notadan hiddətləndi, insanların öz fikir və fərziyyələrini söyləmək hüququnun olduğunu bildirdi, belə bir notanın verilməsini ölkələrinin daxili işlərinə qarışılması kimi dəyərləndirdi.

Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən metro və hava limanlarına minaların yerləşdirilməsi xəbərdarlıqlarını Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb. Rusiya Federasiyasının notasında belə bir cümlə var: "Rusiya-Ermənistan müttəfiq münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən zəruri şərhlər gözləyirik". Aydındır ki, bu cür hallarda hökumət bütün bunların erməni dövlətinin mövqeyinin olmadığını göstərməlidir. Yəni, burada söhbət müttəfiq dövlətdən gedir. Əks halda susmaq razılıq əlaməti sayılır. Əgər Ermənistan hakimiyyəti açıq şəkildə desə ki, xeyir, bu, bizim dövlət siyasətimiz deyil, fərdi şəxslərin mövqeyidir, o zaman məlum notanı daxili işlərə müdaxilə kimi yozmaq mümkün olardı. Ancaq erməni xisləti bu məsələdə də özünü aşkar surətdə büruzə verir. Dörd ildir Paşinyan hakimiyyəti öz aləmində guya siyasi manevr edir, açıq mətnlə bildirməkdən çəkinir ki, bu cür olaylar dövlət siyasəti deyil, bunlar müxtəlif medianın mövqeyidir, anlaşılmaz teleqram kanallarıdır, şəxslərin fərdi fikridir və s. Amma hər kəsə gün kimi aydındır ki, bütün bunların hökumətlə birbaşa əlaqəsi var.

Rusiyalı politoloq Stanislav Tarasovun fikrincə, əgər Rusiyanın Ermənistandakı səfirliyi belə bir etiraz notası göndərirsə, deməli, bunun praktiki əsasları var. "Xüsusən də burada söhbət müttəfiq dövlətə, KTMT və AİB-də olan dövlətə qarşı demarş etməkdən gedir. Səfirlik əsassız belə bir addım atmaz", - deyə o, qeyd edib. Tarasov Ermənistandakı rusofobiyadan narahat olduqlarını qeyd edib.

Göründüyü kimi, onun-bunun diktəsi ilə ölkəsinə rəhbərlik etmək istəyən Ermənistan hakimiyyəti özünü tam biabır edib. Hətta müttəfiqinə qarşı qurulmuş oyunlarda alət olmaqdan belə çəkinmir. Bu, Ermənistanda vaxtilə mövcud olmuş bütün hakimiyyətlərə də aiddir. Həmişə belə olub, bundan sonra da belə olacaq. Çünki bacardıqları təkcə budur...

Emin QASIMOV,

"Respublika".