Müasir Azərbaycan Prokurorluğunda gənc kadrların potensialının reallaşdırılmasına xüsusi önəm verilir
Siyasət

Müasir Azərbaycan Prokurorluğunda gənc kadrların potensialının reallaşdırılmasına xüsusi önəm verilir

Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bəşər tarixi boyu cərəyan edən müxtəlif ictimai-siyasi hadisələrə nəzər saldıqda həmin proseslərin əksəriyyətində gənc şəxsiyyətlərin imzalarına rast gələ bilərik. Öz zamanlarının məhrumiyyət və çətinliklərinə sinə gərməklə insanlığa töhfə vermiş bir çox gənc mütəfəkkir, elm adamı və siyasətçinin fəaliyyət və yaradıcılığı bu gün də ayrı-ayrı elmi-tədqiqat işlərinin obyekti qismində çıxış etməkdədir.

Sevindirici haldır ki, keçmiş dövrlərə nisbətən günümüzün reallığında gənclərin təşəbbüslərinə olan münasibət daha da liberallaşmış, onların təcrübəsizliyi və səriştəsizliyi barədə əsrlərdir formalaşmış yanlış stereotiplər aradan qalxmışdır.

Belə ki, inkişaf etmiş ölkələrdə aparılmış rəy sorğuları və araşdırmalarla gənclərdə işə yaradıcı yanaşma və produktivlik kimi xüsusiyyətlərin daha çox müşahidə edilməsi, habelə əmək prosesinə münasibətdə faydalılıq əmsalının yüksək olması bir daha öz təsdiqini tapmışdır. Təsadüfi deyildir ki, artıq gənc kadr resurslarının üstün cəhətlərini qavrayan nəhəng transmilli korporasiyalar ümumdünya təhsil reytinqində ilk yerlərdə qərarlaşmış Harvard, Yel, Oksford və digər universitetlərlə əməkdaşlıq edərək istedadlı gəncləri onların hələ tələbə olduğu dövrdən müəyyən edib öz sıralarında karyera qurmağa dəvət edirlər. Məhz bu tendensiyanın nəticəsidir ki, bu gün istər optimallaşmanı prioritet elan edən dövlətlərin inzibati idarəçilik sistemində, istərsə də innovativ yanaşmalara meyil edən özəl sektorun menecment fəaliyyətində gənc mütəxəssislərin say nisbətində əhəmiyyətli artım müşahidə edilir.

Dünyanın qabaqcıl ölkələri sırasında olan Azərbaycan Respublikasında da gənclər siyasətinin formalaşmış zəngin ənənəsi və özünəməxsus strateji dəst-xətti vardır.

Azərbaycanın siyasi tarixində "Gənclər" fenomeni

Azərbaycanda ilk dəfə gənclər hərəkatının ümumi strategiyası və ideologiyasının təşəkkül tapması XIX əsrin sonlarından başlayaraq bütün dünyada gedən ictimai-siyasi proseslərlə eyni vaxta təsadüf etmişdir. O zaman ölkəmizdə yeni məktəblər, müasir teatr və demokratik mətbuatın yaradılması ilə formalaşan ictimai-siyasi mühit də gənclərin təşkilatlanması və milli-siyasi şüurunun inkişafında müstəsna rol oynamışdır.

Rusiya imperiyası və Sovet İttifaqı daxilindəki sərt qaydalara və təqib hallarına əzmlə dirəniş göstərən Azərbaycan gəncliyi keçdiyi inkişaf yolunun ilk mərhələsini 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnmiş milli-azadlıq hərəkatının aparıcı qüvvəsi kimi tamamlamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclər siyasətinin bütün istiqamətləri üzrə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər gəncliyin inkişaf strategiyasının yeni mərhələyə qədəm qoymasını şərtləndirmişdir.

İkinci Dünya müharibəsində milli gəncliyimizin İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və digər bu kimi böyük qəhrəmanlıq və şücaət nümayiş etdirmiş bir çox nümayəndələrinin döyüş təcrübəsi onilliklər sonra bərpa edilən müstəqillik dövründə xalqımızın hərbi-vətənpərvərliyinin əsas istinad nöqtələrindən olmuşdur.

XX əsrdə Azərbaycanda digər sahələrdə olduğu kimi, ədəbi və mədəni mühitdə əldə edilmiş uğurlarda da gənclərin böyük əməyi olmuşdur. 29 yaşında siyasi repressiya qurbanı olmuş Mikayıl Müşfiq, ilk pyesini yeniyetmə yaşlarında yazmış Cəfər Cabbarlı, 23 yaşında yaratdığı "Leyli və Məcnun" operası ilə müsəlman şərqində opera sənətinin əsasını qoymuş Üzeyir Hacıbəyov və digər dühalarımız milli-mədəni sərvətimizi məzmunca daha da zənginləşdirmişlər.

Müasir Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi də bilavasitə gənclərimizin adı ilə bağlıdır. Onlar Sovet işğalına qarşı təşəkkül tapmış xalq hərəkatının aparıcı qüvvəsi olmuş, 1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana qarşı başladıqları hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin və Qarabağ müharibəsində silahlı qüvvələrimizin tərkibində döyüşmüş, 1990-cı ilin qanlı yanvar hadisələrində şəhid olaraq müstəqilliyimizin ilk müjdəçiləri kimi xalqımızın əbədi yaddaşına həkk olunmuşlar.

Qısa nəzər saldığımız yaxın tarix boyu gənclərin cəmiyyətimizin həyatında önəmli mövqe tutmasına baxmayaraq, istər ölkəmizin Sovetlərin tərkibində olduğu müddətdə, istərsə də müstəqilliyimizin ilk illərində ölkə idarəetməsində daha çox yaşlı nəslin nümayəndələrinə üstünlük verilməklə, gənclərin dövlət siyasətində iştirakında, onların cəmiyyətdə vətəndaş olaraq mövqelərini sərgiləməsində ciddi çətinliklər hələ də mövcud idi.

Məhz belə bir məqamda ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə hər sahədə olduğu kimi, bu sahədə də köklü dəyişikliklər baş vermiş, ölkəmizdə sistemli və strateji gənclər siyasətinin təməli qoyulmuşdur. Məhz Ümummilli liderin prezidentliyi dövründə gənclərin dövlət idarəetməsində və idarəçiliklə bağlı digər mühüm sahələrdə iştirakı artmışdır. Beləcə gənclərə etimadsızlığı diktə edən bu arxaik yanaşma kökündən dəyişdirilərək çağdaş dövrün tələbinə uyğunlaşdırılmış, kadr peşəkarlığının yalnız bioloji yaş amilləri əsasında deyil, davamlı təhsil və təcrübə əsasında müəyyən olunmasına başlanılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu öndər nitqlərinin birində bu barədə deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur".

Gənclər siyasətinin institusional təzahürü olaraq, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu sahədə köklü islahatların davamı kimi, 1996-cı ilin fevralında Azərbaycan gənclərinin ilk forumu keçirilmiş və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Növbəti addım olaraq, ulu öndərin təşəbbüsü ilə hər il fevralın 2-si ölkədə Gənclər Günü kimi qeyd olunmağa başlanmışdır.

Xüsusilə qeyd edilməlidir ki, Gənclər Günü MDB və Şərqi Avropa ölkələri məkanında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunmağa başlanmış, dünya miqyasında isə Ümumdünya Gənclər Günü (12 avqust) yalnız 1999-cu ildə BMT-nin müvafiq qərarı əsasında təsis edilmişdir.

Eyni zamanda, həmin dövrdə Azərbaycanda gənclər siyasətinin təntənəsi olaraq, bu sahədə dövlət siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edən "Gənclər siyasəti haqqında" 9 aprel 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Müasir dövrdə gənclər siyasəti

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclər siyasətinin bütün istiqamətləri üzrə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər gəncliyin inkişaf strategiyasının yeni mərhələyə qədəm qoymasını şərtləndirmişdir.

Belə ki, ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə genişmiqyaslı və mərhələli tədbirlər həyata keçirilmişdir:

1. İlkin mərhələdə gənclərə dövlət tərəfindən qayğının artırılması məqsədilə 30 avqust 2005-ci il tarixdə "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) təsdiq edilmişdir. Proqrama əsasən hər bir gəncin fərdi qaydada özünü rəhbər kimi yetişdirməsinə, daim təşəbbüskarlıq göstərməsinə dəstək ifadə olunmuşdur.

Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində əhəmiyyətli dəyişikliklər baş vermiş, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmiş, məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığı əsaslı şəkildə stimullaşdırılmışdır.

Görülən işlərin mühüm tərkib hissəsi kimi həmçinin, "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" qəbul edilmişdir ki, həmin Proqramın icrası nəticəsində yüzlərlə gəncimiz dünyanın aparıcı ali təhsil ocaqlarında təhsil alaraq, hazırda ölkə iqtisadiyyatında, idarəetmə strukturlarında peşəkar və ixtisaslı kadrlar kimi öz töhfələrini verməkdədir.

2. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edilməklə icraya yönəldilmişdir. Bu Proqramın icrası ilə əlaqədar müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasətinin formalaşdırılaraq uğurla həyata keçirilməsi məqsədilə Gənclər Fondu təsis edilmişdir.

Habelə, digər mühüm addım kimi gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə göstərilən xidmətlərin genişləndirilməsi, onların asudə vaxtlarının təşkili və ahəngdar inkişafına şərait yaradılması məqsədilə regionlarda "Gənclər evləri" yaradılmış, bundan başqa müxtəlif çoxsaylı dəstək xarakterli tədbirlər reallaşdırılmışdır.

3. Gənclər siyasətinə daim diqqət sərgiləyən Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri etmişdir. Bir sözlə, dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunmuşdur.

Gəncliyin inkişafında təhsilin rolunun önə çəkilməsi, o cümlədən müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın respublikamızın ali təhsil müəssisələrində hazırlanması yolu ilə ölkəmizdə insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi məqsədilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi də məhz bu dövrə təsadüf edir.

Gənclərimizin milli dövlətçiliyə və vətənə sədaqət ruhunda formalaşmasında Birinci viste-prezident Mehriban xanım Əliyevanın humanizm, ədalət və insanpərvərlik ideyalarının və əvəzolunmaz fəaliyyətinin müstəsna rolu vardır.

Onun dəstəyi və bilavasitə rəhbərliyi ilə ən ucqar kəndlərdən böyük şəhərlərədək vətənimizin istənilən guşəsində istifadəyə verilmiş onlarla təhsil ocaqları, yaradıcılıq mərkəzləri, səhiyyə və sosial müəssisələr gənclərimizin tam şəkildə istedad və bacarıqlarını inkişaf etdirməsinə şərait və stimul yaratmışdır.

Mehriban xanım Əliyeva 2 fevral 2013-cü il tarixdə "Baku" jurnalına verdiyi müsahibədə təhsil almış gəncliyi stabil siyasi sistem, effektli sosial siyasət, zəngin təbii sərvətlər, müasir infrastruktur və ölkəmizin uğur qazanmasında böyük rolu olan ən mühüm amillərə aid etmişdir.

Birinci vitse-prezident 24 noyabr 2019-cu il tarixdə TASS Agentliyinə, "Rossiya 24" telekanalına və "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə isə Heydər Əliyev Fondunun gənc əməkdaşları haqqında demişdir: "Mən fəxr edirəm ki, Fondda bu cür vətənpərvər, yaxşı təhsil görmüş, artıq müstəqil Azərbaycanda böyümüş gənclər komandası var və bizim uğurlarımız, əlbəttə ki, komanda şəklində işin uğurudur".

Mehriban xanım Əliyevanın ən nəcib təşəbbüslərindən olan hər iki valideyn himayəsindən məhrum gənclərin qayğı ilə əhatə olunması, onların layiqli gələcəyinin təmin edilməsidir. Belə ki, bu təşəbbüsün təzahürü olaraq, ölkəmizdə ilk dəfə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları ("Məzun evləri") tikilərək həmin gənclərin istifadəsinə verilmişdir.

Hazırda ölkəmizdə həyata keçirilən gənclər siyasəti öz bəhrəsini verməkdədir. Müasir Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində öz layiqli mövqeyini tutmuşdur. Bu gün gənc kadrlar istər dövlət idarəçiliyində, istər özəl sektorda, istərsə də digər mühüm istiqamətlərdə fəaliyyət göstərərək cəmiyyətə fayda verməkdədir.

Vətənpərvər gənclərimiz ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edirlər. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini hər kəsə çatdırır, beynəlxalq ictimaiyyətin milli tariximizin həqiqətləri ilə tanış olması üçün çalışırlar.

Azərbaycan Prokurorluğunda gənc kadrların rolu

Gənclər siyasətinin qayəsində olan siyasi iradə Azərbaycan Respublikasının prokurorluq orqanlarında da köklü kadr islahatlarının aparılmasına rəvac vermişdir.

Məhz bacarıqlı və savadlı gənclərin seçilərək dövlətin layiqli qulluqçuları kimi dövlət idarəetməsində iştirakının təmin edilməsi məqsədilə digər dövlət qurumları arasında ilk dəfə olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsinə başlanılmışdır. Belə ki, ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilmiş və bununla da prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqələrlə prokurorluğun kadr korpusunun savadı, dünyagörüşü, o cümlədən yüksək mənəvi keyfiyyətləri ilə seçilən, habelə dövlətçilik ideyalarına sadiq gənclərin hesabına formalaşdırılmasına başlanılmışdır.

2002-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən hər bir gəncin bilik səviyyəsi, ümumi dünyagörüşü və digər şəxsi keyfiyyətlərinə görə prokurorluqda işləmək üçün layiqli olması keçirilən qəbul ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və aparılan müsahibə ilə müəyyən edilir. Həm ixtisas imtahanlarının, həm də müsahibənin keçirilməsinin şəffaf, beynəlxalq tələblərə uyğun formada davam etdirilməsi daim diqqətdə saxlanılır.

Qeyd olunan yeniliklər əsasında həyata keçirilən gənclər siyasəti artıq prokurorluq orqanlarında öz bəhrəsini vermişdir. Belə ki, 2002-ci ilədək prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının ümumi sayının 3 faizinə bərabər olduğu halda, həmin ildən sonrakı dövrdə müsabiqə yolu ilə işə qəbul edilmiş gənc prokurorluq işçilərinin sayı əhəmiyyətli dərəcədə artaraq hazırda 70 % təşkil edir.

Həmin müsabiqələrə dair statistik rəqəmlərə nəzər salsaq, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 13 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 9 müsabiqə keçirilmişdir. Həmin müsabiqələrdə prokurorluq orqanlarına işə qəbulla əlaqədar müraciət etmiş 5630 nəfər arasında uğur qazanmış 911 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilməklə məsul vəzifələrə təyin edilmişlər.

Prezident cənab İlham Əliyevin Baş prokuror Kamran Əliyevi bu vəzifəyə təyin edilməsi ilə əlaqədar olaraq 1 may 2020-ci il tarixdə videoformat rejimində qəbul edərkən prokurorluq orqanlarında islahatların dərinləşdirilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə dair irəli sürdüyü mühüm tövsiyələrə uyğun olaraq bu mühüm dövlət təsisatında kadr tərkibinin yenilənməsi, xüsusilə də rəhbər heyətin gənc, istedadlı kadrlarla komplektləşdirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır.

Kadr heyətinin gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aparılan ardıcıl islahatlar gənc prokurorluq əməkdaşlarında innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunmasına, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqinə, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasının dəstəklənməsinə yönəlmişdir.

Belə ki, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən işçilər prokurorluğun müxtəlif struktur qurumlarında səmərəli fəaliyyət göstərməklə, onların yarısından çoxu yuxarı təsnifat üzrə, o cümlədən 75 nəfəri rəhbər vəzifələrdə irəli çəkilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu öndər nitqlərinin birində bu barədə deyirdi: "Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur".

Kadr siyasətinin uğuru kimi gənc əməkdaşların peşəkar fəaliyyətinin davamlı olaraq qiymətləndirilməsinin nəticəsidir ki, 2020-ci ilin may ayının 1-dən hazırki vaxtadək olan dövrdə Azərbaycan Respublikasının Prokurorluq orqanlarının tarixində ilk dəfə olaraq gənc prokurorluq işçilərindən 1 nəfəri Azərbaycan Respublikası Baş prokurorunun müavini, 7 nəfəri Baş Prokurorluğun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə (şöbə) rəisi, 21 nəfəri isə müstəqil rayon (şəhər), həmçinin ixtisaslaşmış hərbi prokuror vəzifələrinə təyin edilmişlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, 2020-ci il may ayının 1-dən bu günədək 107 prokurorluq işçisi yuxarı təsnifat vəzifələrinə təyin olunmuşdur. Yuxarı təsnifat vəzifələrinə təyin olunmamışdan əvvəl bu kateqoriya üzrə prokurorluq işçilərinin orta yaş həddi 46 olmuşdursa, bu göstərici artıq 38 yaşa enmişdir.

Prokurorluq orqanlarında gənclər sahəsində həyata keçirilən kadr siyasətində gender bərabərliyinə- qadın əməkdaşların fəaliyyətinə verilən dəyər xüsusi olaraq vurğulanmalıdır. Belə ki, prokurorluq əməkdaşlarının təqribən 7%-ni qadın əməkdaşlar təşkil etməsinə baxmayaraq 2012-ci ilədək onlar prokurorluğun rəhbər heyətində təmsil olunmamışlar. 2012-ci ildən etibarən bu tendensiya nisbətən dəyişsə də, qadın əməkdaşlar bilavasitə istintaq fəaliyyəti ilə bağlı vəzifələrdə deyil, daha çox inzibati xarakter daşıyan yuxarı vəzifələrdə işləmişlər.

Lakin təqdirəlayiq hal kimi qeyd etmək olar ki, aparılan son islahatlar çərçivəsində prokurorluqda gənc qadın əməkdaşlara ilk dəfə olaraq bilavasitə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə, yəni bütünlükdə ibtidai araşdırmaya prosessual nəzarətin həyata keçirilməsi kimi mühüm vəzifələr həvalə edilmiş, bəziləri isə tabe rayon prokuror vəzifələrinə təyin edilmişlər. Bu sahədə başqa bir yeni nüans isə gənc qadın əməkdaşların Baş Prokurorluğun idarə və şöbə rəisləri kimi yüksək vəzifələrə təyin edilməsi olmuşdur.

Bütün bunlar prokurorluq orqanlarında gənc əməkdaşlara verilən dəyərin onların bilavasitə peşə səriştəsi, əxlaqi keyfiyyətləri, innovativ potensialı, dünyagörüşü və biliklərinə əsaslanmasının əyani göstəricisidir. Belə ki, aparılan ardıcıl islahatların başlıca məqsədlərindən biri də məhz gənclərdə təşəbbüskar, yaradıcı və innovativ potensialın üzə çıxarılmasının dəstəklənməsinə yönəlmişdir.

Gələcəyə baxış

Hesab edirik ki, davam edən kompleks islahatlar prokurorluq orqanlarının cəmiyyətdə rolunun artırılması, ölkəmizin inkişafı prosesində fəal iştirakı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə metodlarının təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının gücləndirilməsi, qulluqda mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, yeni informasiya və kommunikasiya texnologiyalarının istifadəsi işinin sürətləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və bir sıra digər sahələrdə keyfiyyət göstəricilərinin yüksəldilməsinə təkan verəcəkdir.

Prokurorluq orqanlarında aparılan islahatların təhlili belə qənaətə gəlməyə əsas verir ki, müasir Azərbaycan gənci bu islahatların həm hədəfi, həm də iştirakçısı olmaqla, hər bir gənc prokurorluq əməkdaşının nailiyyəti ölkə rəhbərliyi səviyyəsində aparılan uğurlu gənclər siyasətinin təcəssümüdür.

Odur ki, islahatlar sadalanan prioritet istiqamətlərilə yanaşı qurumun kadr potensialının daha da inkişaf etdirilməsi, yüksək mənəvi, etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən gənclərin işə cəlb edilməsi və dövlətimizin gənclərə dair mütərəqqi siyasəti ilə səsləşməklə prokurorluğun fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edəcəkdir.

Heydər MƏMMƏDOV,

Azərbaycan Respublikası

Baş prokurorunun müavini,

III dərəcəli dövlət ədliyyə müşaviri.