Ölkəmizin artan nüfuzundan narahat olan Paris
Siyasət

Ölkəmizin artan nüfuzundan narahat olan Paris

Məşhur atalar sözündə deyilir ki, "oğru elə bağırdı, doğrunun bağrı yarıldı". Həqiqətən, dünyada axmaqların səsi həmişə çox çıxır. Çünki onlar elə düşünürlər ki, bununla özlərini haqlı göstərə biləcəklər. Eynilə bu gün tarixdəki qanlı cinayətlərin birbaşa iştirakçısı olan Fransanın başqa ölkələrin işinə zorla müdaxilə etmək istəyi kimi...

Paris Cənubi Qafqazda yeni reallıqlar yaratmış Azərbaycanın uğurlarını həzm edə bilmir. Ona görə də absurd "bağırtıları" ilə Bakının uğurlarına mane olmağa çalışır. Belə ki, Paris meri Ann İdalqo, eləcə də ölkənin bir sıra siyasətçiləri BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) növbəti ildə Bakıda keçirilməsinə qarşı çıxıblar. Bununla bağlı fikirlər "La Tribune" qəzetində öz əksini tapıb. Fransanın bu cür iddialarla gündəmə gəlməsi bir daha ölkənin ənənəvi qərəzindən əl çəkmək istəmədiyindən, əksinə gün keçdikcə anti-Azərbaycan siyasətinin daha da gücləndiyindən xəbər verir. Ölkəmizə qarşı əsassız fikirlərlə daim beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışan qəzet qalıq yanacaqlardan imtina edərək qlobal istiləşmə ilə mübarizə aparan ölkələr və icmalar üçün Bakıda COP29-un keçirilməsinin çox pis xəbər olduğunu da bildirib. "La Tribune" utanmazcasına bunu Azərbaycan iqtisadiyyatının 90 faizinin neft və qazdan asılı olması ilə əlaqələndirib.

Fransanın xainliyi sadəcə bununla bitmir. Rəsmi Paris COP29-un Bakıda keçirilməsinə etiraz olaraq müraciət də yayımlayıb. Sözügedən sənədi imzalayanların kimliyi və keçmişi isə məlumdur. Başda Ann İdalqo olmaqla Valeri Pekres, Bruno Reteyo kimi Azərbaycana qarşı qərəzi ilə gündəmə gələn şəxslərin oyunları Fransanın iç üzünü ifşa edir. 2021-ci ildə Valeri Pekres Fransa prezidentliyinə namizəd olanda Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa gəlmiş, hazırda istintaq təcridxanasındakı Arayik Harutyunyan və David Babayanla görüşmüşdü. Ann İdalqonun saxta  "humanitar" yük oyunu isə hər kəsə bəllidir.

Əslində, Fransa çox yaxşı bilir ki, Azərbaycan bundan əvvəlki tədbirlərə necə yüksək səviyyədə evsahibliyi edibsə, COP29-un da bu cür keçirilməsinə nail olacaq. Mövcud reallığı qəbul etməyən  Paris bunun qarşısını necə alacağını düşünür. Bundan öncə Qoşulmama Hərəkatına uğurla sədrlik edən və Parisin müstəmləkə siyasətinə qarşı kəskin mübarizə aparan ölkəmizin nailiyyətləri Makron hakimiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın  təklifi ilə Bakı Təşəbbüs Qrupunun yaradılması, Fransanın müstəmləkəçilik cinayətlərinə görə üzr istəməsinin tələb olunması da Parisi qorxuya salıb. Fransanın pozucu fəaliyyətinə baxmayaraq, sözsüz ki,  COP29 ölkəmizdə uğurla baş tutacaq. Çünki sözügedən tədbir dünyada kifayət qədər nüfuza malikdir. Məlum olduğu kimi, hazırda planetimizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində çox ciddi addımlar atılır. COP29 isə  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdar dövlətlərin 29-cu iclası olacaq. Bir məqamı da qeyd edək ki, ötən il baş tutan 28-ci iclasda da Azərbaycan aktiv iştirak etmişdir. Dubayda keçirilən COP28-ə ölkəmizin qatılması, Prezident İlham Əliyevin yüksək səviyyəli görüşlər keçirməsi, orada Azərbaycanla Səudiyyə Ərəbistanı, BƏƏ və Avstraliya arasında sənədlərin imzalanması da bu gün rəsmi Parisi narahat edən məsələlər sırasındadır.

Əslində, Fransa üçün iqlim məsələləri mühüm əhəmiyyət kəsb etmir. Çünki Fransa nə ekologiyanın qayğısına qalır, nə də ətraf mühitin təmizliyinə önəm verir. Hətta rəsmi məlumatlara əsasən, Fransa Aralıq dənizini plastik vasitələrlə çirkləndirən ölkələr sırasında liderdir. Dünya okeanının ən çirkli hissəsi Aralıq dənizinin payına düşür ki, hər il ora təxminən 600 min ton plastik tullantı axıdılır. Ümumilikdə, 22 sahilyanı ölkə arasında Fransa regionun illik plastik tullantılarında ən böyük payı olan ölkədir. Həmçinin ətraf mühitə atılan təkrar emal olunmayan plastiklərə görə də Fransada digər ölkələrlə müqayisədə daha yüksək pillədədir. Əfsuslar olsun ki, bu gün Makron hökuməti mövcud problemləri həll etmək əvəzinə, müstəmləkə siyasətini daha da genişləndirir, digər dövlətlərin daxili işlərinə qarışır.

Qeyd edək ki, Fransanın COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı "narahatlığı" da əsassızdır. Çünki İkinci Qarabağ savaşından sonra Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Ölkəmiz, həmçinin mühüm elektrik enerjisi, əsasən, "yaşıl enerji" təchizatçısına çevrilməyi planlaşdırır. Bütün bunların fonunda, Azərbaycanın COP29-a uğurla evsahibliyi edəcəyini söyləyə bilərik.

Nəzrin ELDARQIZI,

"Respublika".