Müdrik dövlət xadimi, uzaqgörən lider
Siyasət

Müdrik dövlət xadimi, uzaqgörən lider

Ümummilli liderin adı həmişə Azərbaycanla birgə çəkilir. Hələ sağlığında "mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub", - deyən ulu öndərin möhtəşəm dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ilə sıx bağlıdır. Heydər Əliyev müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Onun bütün həyatı Azərbaycan xalqı üçün örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev deyir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı".

Heydər Əliyev Azərbaycanın ən taleyüklü və çətin məqamında xalqın xilasına yetişdi. Bunun üçün isə möhkəm əsas var idi. Bildiyimiz kimi, keçmiş sovetlər birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər ölkəmiz üçün çox böyük işlər gördü, bu müddətdə Azərbaycanın sovet sosialist respublikaları arasında zirvəyə qalxaraq qabaqcıl respublikalardan birinə çevrilməsinə nail oldu. Ulu öndər xalqın rifahı naminə ölkədə yeni infrastrukturun yaradılmasını, təhsil ocaqlarının, istehsal müəssisələrinin tikintisini həyata keçirdi. Heydər Əliyev 1978-ci ildə ölkəmizin Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı müddəanı daxil etdi. Bu, həmin dövr üçün çox nadir hadisə idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin sahələr təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif sahələr üzrə, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Şübhəsiz, bütün bunları xalq görürdü və dəyərləndirirdi. Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Sovet dönəmində Azərbaycanı inkişaf etmiş respublikalardan birinə çevirən ulu öndər müstəqilliyin ilk illərində ağır sınaqlarla üz-üzə qalmış, varlığı sual altında olan dövlətimizin xilaskarına çevrildi. Xalqın təkidli xahişi ilə 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın qarşılaşdığı dərin böhrandan çıxarılması, yenicə əldə edilmiş müstəqilliyinin qorunub saxlanılması istiqamətində misilsiz addımlar atdı. Ulu öndər dövrün geosiyasi, iqtisadi proseslərini nəzərə alaraq müstəqil dövlətimizin təməlini qoydu. O, tədricən ayrı-ayrı dövlətlərdə Azərbaycanın sabit inkişafa nail olacağına inam formalaşdırdı. Azərbaycan bu gün də ulu öndərin qoyduğu təməl üzərində irəliləyir.

Heydər Əliyevin şəxsiyyəti, həyatı və fəaliyyəti görkəmli dövlət və siyasi xadim kimi müasir Azərbaycan tarixinin parlaq səhifəsini təşkil edir. Müstəqil Azərbaycanın neft strategiyasının - "Əsrin müqaviləsi"nin bağlanması Heydər Əliyev şəxsiyyətinin siyasi uzaqgörənliyinin nəticəsidir. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafında, dünyaya inteqrasiyasında mühüm rol oynadı. 1995-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlandı və ümumxalq referendumunda qəbul olundu. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı.

Ulu öndər Azərbaycanın dinamik inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, praqmatik təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik lider yetişdirmişdir. 2003-cü ildə xalqa müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Əliyar ƏSGƏROV,

"Bank olmayan kredit təşkilatı İDK" MMC-nin baş direktoru.