Qərbin dünya düzənini pozmaq və konfrontasiya cəhdləri davam edir
Siyasət

Qərbin dünya düzənini pozmaq və konfrontasiya cəhdləri davam edir

Beynəlxalq müstəvidə gedən siyasi proseslər onu göstərir ki, Qərb daha çox konfrontasiyaya gedir. Yəni son zamanlar yeni nizamın formalaşması dünya prosesinin intensivləşdiyi müşahidə edilir. Bu mənada Qərbin Rusiya və Cənubi Qafqaza müdaxilə cəhdləri diqqəti daha çox cəlb edir. Qeyd etdiyimiz kimi, Qərbin dünyanı parçalayıb, yenidən öz maraqları çərçivəsində qurması təkcə Rusiya və onun ətrafında cərəyan etmir. Bu maraqlar ta Cənubi Qafqaza kimi gəlib çıxır.

Məlumdur ki, Ermənistanla sülhə tamamilə nail olunmaması səbəbindən Qərb Azərbaycana müdaxilə etmək fikrində israrlıdır. Lakin bu, boş xülyadan başqa bir şey deyil. Nəhəng dövlətlərin, eləcə də Qərbin dünya düzəninə dəyişiklik etmək və konfrontasiya meyilləri isə hələ də davam edir. Əlbəttə ki, Cənubi Qafqazda hərbi-siyasi gərginliyi artıraraq burada yeni müharibə ocağı yaratmaqda maraqlı olan qüvvələr var. Onlar xüsusilə də son vaxtlar daha çox fəallaşıblar. Bu ölkələrdən biri, bəlkə də birincisi olan Fransa açıq-aşkar müdaxiləsindən əl çəkmir. Sözsüz ki, bütün bu cəhdlər əbəsdir. Azərbaycan dövləti regionda beynəlxalq hüquqa və normalara, humanizmə və ədalətə əsaslanan prinsipial siyasət həyata keçirir.

Ancaq bir məsələ də var ki, Cənubi Qafqaz və onun əsas tərkib hissəsi olan Azərbaycan özünün yeraltı və yerüstü sərvətləri ilə zəngin olduğu üçün böyük dövlətləri daim özünə cəlb edib. Bu mənada bir sıra böyük dövlətlər bizim ərazimizdən öz maraqları üçün faydalanmağa cəhd ediblər. Rusiya və Çin kimi ölkələrdə maraqlarını həyata keçirə bilməyən Makron hakimiyyəti nədənsə Cənubi Qafqazda özünü beynəlxalq güc kimi təqdim etməyə çalışır. Fransa açıq şəkildə atdığı addımlarla regionun sülh və təhlükəsizlik imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bununla da Fransa regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maneələr yaradır.

Lakin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə nəticəsində regionda yeni geosiyasi konfiqurasiya formalaşıb və dünyanın əsas güc mərkəzləri yeni reallıqları qəbul ediblər. Hazırda Cənubi Qafqaza regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması Avropa İttifaqının regionda əsas hədəfindədir. "Brüssel sülh gündəliyi" adını alan format çərçivəsində Avropa İttifaqı regionda öz siyasi mövcudluğunu qoruyub saxlamaq və karbohidrogen ehtiyatlarının nəqlini fasiləsiz şəkildə təmin etməyi qarşıya məqsəd qoyur. Eyni zamanda İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistanda daxili siyasi böhran dərinləşməkdə davam edir. Nəticədə Cənubi Qafqazda güclənən konfrontasiya şəraitində Qərb dövlətləri Ermənistanda təsir imkanlarını daha çox gücləndirməkdə maraqlıdır. Lakin Ermənistanın öz daxilindəki problemlər və cəmiyyət arasındakı qarşıdurmalar özünün pik həddinə yüksəlib. Müxalifətin həyata keçirdiyi etiraz aksiyaları isə buna təkan verir. Hazırda Ermənistan hakimiyyəti çaşqınlıq içindədir. Çünki müxalifətin kəskin müdaxilələri ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Gürcüstanda baş verən hadisələrdən sonra Qərb və Rusiya Cənubi Qafqazda nüfuz dairələrini möhkəmləndirmək uğrunda açıq savaşa başlayıblar. O da məlumdur ki, Qərbin bütün cəhdləri Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa hesablanıb. Bu baxımdan, Qərbin Rusiya və İranı da Cənubi Qafqazdan sıxışdırıb çıxarması münaqişənin həll olunmasından daha vacibdir. Fransa isə birmənalı şəkildə Ermənistanı dəstəkləməklə prosesləri nəzarətdə saxlamağa çalışır. Çünki Azərbaycanın ona müttəfiq dövlət olmayacağını anlayır. Bu baxımdan, erməni lobbisinin təsirini hiss edən Fransa proseslərin rəsmi İrəvanın xeyrinə həll olunmasını istəyir.

Ramidə YAQUBQIZI,

"Respublika".