Ölkəmizdə sağlam, demokratik siyasi mühit formalaşıb
Digər xəbərlər

Ölkəmizdə sağlam, demokratik siyasi mühit formalaşıb

Bu gün ölkəmiz çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb. "Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi", - deyən Prezident İlham Əliyevin sistemli və çoxşaxəli iqtisadi-siyasi islahatlarının nəticəsində ölkədə  sağlam iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub, siyasi partiyalarla iş yenidən təşkil edilib, siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib. Siyasi sistemdə tətbiq olunan yeni siyasi konfiqurasiya iqtidar-müxalifət, o cümlədən bütün partiyalar arasında dayanıqlı, sivil münasibətlər sistemi formalaşdırıb. Prezident İlham Əliyevin elan etdiyi islahatlar paketinin tərkib hissəsi olan, 2019-cu ildə həyata keçirilən kadr və struktur dəyişiklikləri bu gün də öz bəhrəsini verir.

Cəmiyyət bu islahatların nəticəsində 2020-ci ildən ölkənin siyasi sistemində yeni münasibətlərin şahidi oldu. Dövlətçilik prinsiplərinin qorunmasına xidmət edən yeni etimad mühiti 44 günlük Vətən müharibəsi zaman özünü bir daha təsdiqlədi. Bütün siyasi partiyalar Ali Baş Komandanın ətrafında birləşərək Vətən müharibəsində hərbi və siyasi qələbənin qazanılmasında iştirak etdi. Ümumiyyətlə, ölkədə siyasi partiyaların fəaliyyətinə həmişə normal imkanlar yaradılıb, Avropa Şurası qarşısında götürülən bütün öhdəliklər yerinə yetirilib. Siyasi qüvvələrə seçkilərdə iştirak etmək üçün heç bir qadağa qoyulmayıb. Kütləvi aksiyalarla bağlı müraciətlər hər zaman müsbət cavablandırılıb və etirazlar icazə verilən müxtəlif meydanlardan sərbəst şəkildə səsləndirilib. Bu baxımdan, siyasi partiyaların böyük əksəriyyəti hakimiyyətin siyasətindən narazı deyil. Lakin əks mövqedə olan partiyalar da olub və indi də var. Onlar həmişə dialoqdan qaçıb, müxtəlif bəhanələrlə hakimiyyət-müxalifət dialoqunu pozmağa çalışıblar, heç vaxt konstruktiv mövqedən çıxış etməyiblər. Səbəbi  cəmiyyətə  çoxdan məlumdur. Belə  radikal partiyalar xarici çevrələrlə əməkdaşlıq edirlər. Onların Azərbaycanla bağlı çirkin planlarının icrasına dəstək verməyə çalışır, qarşılığında isə həmin xarici dairələrdən müəyyən vədlər alırlar.

Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Dövlətimizin başçısı  altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəldərək bildirib  ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətlərin sağlam zəmin üzərində qurulmasına öz  töhfələrini verirlər. Ölkədə cərəyan edən ictimai-siyasi proseslərdə ənənəvi müxalifətin fəaliyyəti demək olar ki, nəzərə çarpmır. Bu cür addımlarla onlar heç bir uğur qazana bilməz. O partiyalar bir neçə nəfər tərəfindən monopoliyaya götürülən partiyalardır. Onlar təmsil olunduqları partiyalardan ictimai-siyasi proseslərdə aktiv iştirak etmək üçün deyil, özlərinə bir gəlir mənbəyi üçün istifadə edirlər. Bu baxımdan, həmin partiyaların perspektivi yoxdur. Sadəcə gündəmdə qalmaq üçün müxtəlif vasitələrlə dedi-qodular ərsəyə gətirir, kütləvi informasiya vasitələrindən istifadə edərək gündəlikdə qalmağa üstünlük verirlər. Siyasi partiyaların müxtəlif funksiyaları var ki, o partiyaların heç biri bunları yerinə yetirmir. Ona görə də getdikcə  itib-batırlar.

Radikal müxalifətçilərin mitinq dedi-qoduları artıq cəmiyyətin qulağını yara edib. Bu adamlar hey azad sözdən, insan hüquqlarından, müxalifətçilərin sıxışdırılmasından danışırlar. Çox təəssüf ki, sosial bazası olmayan təşkilatların rəhbərləri yalnız dağıtmaq, vurub-yıxmaq, sonu qanla nəticələnən iğtişaşlar törətməklə öz işlərini görməyə çalışır, bütün məsələlərdə qərəzli mövqe tutaraq öz mahiyyətlərini bir daha nümayiş etdirirlər. Hansısa formada ölkədəki sağlam və demokratik siyasi mühitə kölgə salmağa çalışır. Təbii ki, onların bu xəyanətkar mövqeyi ümumi prosesə böyük təsir etmir, çünki onlar siyasi qüvvə deyillər, sayları və tərkibləri olduqca məhduddur.

Hazırda  ölkəmizdə çox ciddi və fəal siyasi dialoq mühiti mövcuddur. Müharibədən əvvəl də ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdı. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Azərbaycan iqtidarı buna nail oldu. Bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq qarşıda duran mühüm vəzifədir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bundan sonra dünyada yaranan yeni beynəlxalq vəziyyətdə özgüvəni olan güclü millətlər və xalqlar mühüm rol oynayacaq. Ona görə də indiki şəraitdə milli maraqları və həmrəyliyi gözardı edən radikal qruplaşmalar dialoqdan çəkilməklə, əslində, Azərbaycanın milli maraqlarına xidmət etməkdən imtina edirlər. Bu isə ictimai diqqətdən yayınmır və növbəti siyasi proseslərdə radikalların özlərinin əleyhinə çevrilir. Təəssüf ki, radikal müxalifət məhz Azərbaycan dövlətinə, Azərbaycan xalqının maraqlarına qarşı müxalifətçilik edir. Ancaq dialoq mühiti və əhval-ruhiyyəsi indiki tarixi mərhələdə milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir.

M.MUSTAFAYEV,

"Respublika".