Prinsipial, cəsarətli, düşünülmüş siyasət dünyada nüfuzumuzu artırır
Siyasət

Prinsipial, cəsarətli, düşünülmüş siyasət dünyada nüfuzumuzu artırır

2020-ci il, 10 noyabr. Vətən müharibəsinin qalibiyyətli sonu. 30 il ərzində işğal altında olan Qarabağ torpaqları azad edildi. Zəfər nəğməmizin səsi bütün dünyaya yayıldı...

Bu qələbənin əldə olunmasının bir sıra ciddi səbəbləri var. Təbii ki, ilk növbədə, qələbənin kökündə Azərbaycan dövlətinin gücü və qüdrəti dayanır. Digər səbəb Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Çünki həmin dövrdə hamı bir yumruq kimi birləşdi. Bu möhtəşəm qələbənin digər əsas mühüm amili Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır.

Azərbaycanın möhtəşəm qələbəsinin əldə olunmasında Prezident İlham Əliyevin müstəsna rolu bu gün bütün dünya tərəfindən etiraf olunur. Bu qələbə dövlət başçısının zəfəri kimi səciyyələndirilir...

2003-cü ildə ulu öndər Heydər Əliyevin strateji siyasətini davam etdirmək üçün cənab İlham Əliyev çətin bir missiyanı öz üzərinə götürdü. O, hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı və Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı.

Həqiqətən də 18 illik zaman kəsiyində Azərbaycan çox böyük uğurlara imza atdı. Bu illərdə ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun bütün parametrləri böyük uğurla reallaşdırıldı. Bu siyasi kursda yaxın qonşularımız, türkdilli ölkələr və İslam dünyası ilə əməkdaşlığa xüsusi önəm verilir. Məhz bu səbəbdən də Prezident İlham Əliyevin təşəbbüsü ilə müxtəlif üçtərəfli əməkdaşlıq formatları yaradılıb və o, öz bəhrəsini verməkdədir. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu üçtərəfli əməkdaşlıq formatlarının demək olar ki, hamısında Azərbaycan və Türkiyə yanaşı təmsil olunur. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq isə həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə imkan yaradır.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. İki ölkə arasında münasibətlərin belə yüksək mərhələyə çatmasında isə ölkə liderlərinin rolu çox böyükdür. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi münasibətlər də öz sözünü deyir. Hər iki lider öz əməli fəaliyyətləri ilə ilk növbədə milli maraqları hər şeydən üstün tutur və onun qorunması üçün əzmlə mübarizə aparırlar. Həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə, Türkiyə dünyada qlobal güc amilinə çevrilib. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir".

Öz milli ləyaqətini, xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən liderlər isə təbii ki, həmişə xalqın rəğbətini qazanır. Bu mənada hər iki liderə ümumxalq sevgisi çox təbiidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında Azərbaycan Prezidentinə inam, etimad, hörmət duyulur. O, bu fikri müxtəlif səviyyəli tədbirlərdə, yüksək kürsülərdə də ifadə edir. Bu günlərdə Azərbaycana rəsmi səfəri çərçivəsində Zəngilanda olarkən mətbuata verdiyi bəyanatda: "Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil" - deyən Türkiyə Prezidenti çıxışının davamında demişdi: "Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Bütün texnika parkları ilə podratçı firmaların ürəkdən çalışması ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik".

Bəli, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan zəfər qazandı. Bundan sonrakı dövrdə görüləcək işlər isə həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək. Qarabağ zəfərindən sonra regionda yeni dövr üçün əməkdaşlıq baxımından qapılar açıldı. Bu zəfər dünyanın yeni düzənə keçdiyi dövrdə isə xüsusilə önəmlidir. Belə bir həssas dönəmdə Azərbaycan və Türkiyə daha güclü olmalıdır.

Ölkələrimiz arasında iqtisadi münasibətlər böyük potensiala malikdir. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı "bir millət, iki dövlət" devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Bu istiqamətdə ilkin olaraq 1992-ci noyabrın 1-də Azərbaycan və Türkiyə arasında Ankarada "Ticarət və İqtisadi Əməkdaşlıq haqqında saziş" imzalanmış, 1993-cü  il yanvarın 23-də isə qüvvəyə minmişdir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur. BTC layihəsinin reallaşdırılması istiqamətində mühüm bir addım kimi, 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin  tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalanmış, 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri vasitəsilə nəql edilməsinə dair" sazişə imza atılmışdır.

Ulu öndər 1998-ci ildə Ankara bəyannaməsinin imzalanma mərasimində demişdir: "Mən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin böyük gələcəyinə, uğuruna inanıram. Mən inanıram ki, bu neft borusunun tikilməsi və ondan gələcəkdə istifadə edilməsi bizim ölkələrimiz arasında olan dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaqdır. Eyni zamanda, bunlar hamısı ölkələrimizin dövlət müstəqilliyinin nə qədər vacib olduğunu sübut edir. Biz yalnız dövlət müstəqilliyini əldə edəndən sonra öz təbii sərvətlərimizin sahibi olmuşuq, bunlardan sərbəst surətdə istifadə edirik və hasil edilmiş nefti istədiyimiz vaxt dünya bazarlarına çıxarırıq". Bu əməkdaşlığın nəticəsi kimi, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanından Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin  rəsmi açılış mərasimi keçirildi.

Azərbaycan və Türkiyə arasındakı ticarətin həcmi 1993-cü ildən etibarən davamlı şəkildə artır. Bu da Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payının son illərdə artımını təmin edib.

2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində (4.5 milyard dollar) 14 faiz təşkil edib. 2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəf kimi seçildiyi qeyd edilib, ölkələr bu hədəfə nail olmaq üçün bir sıra sazişlər imzalayıb.

2019-cu ilin oktyabrında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı deyib: "Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.

Ölkələrmiz arasında iqtisadi münasibətlərin böyük inkişaf potensialını nəzərə alan liderlər mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi isə hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlığı kimi məsələlərdə böyük səmərə verə bilər.

Hər bir dövlətin güclənməsində effektiv iqtisadiyyatın rolu artıq çoxdan öz təsdiqini tapıb. Ulu öndərin müdrikliklə söylədiyi: "Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir" tezisinin  məğzində də elə bu dayanır.

Bu gün iqtisadiyyatın yüksək inkişaf mərhələsində olan Azərbaycan və Türkiyənin bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınması və qəbul edilməsi də təbii və qanunauyğundur. Məhz bu üstünlük hər iki liderə milli maraqları hər şeydən üstün tutmağı və onu qətiyyətlə qorumağa da imkan verir.

"...Milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur" - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən mötəbər tədbirlərdə türk, islam  dünyasına təhdidlərə qarşı çıxan kəskin, məntiqli çıxışlarının əsasında da xalqının maraqları dayanır. Eynilə hakimiyyətə gəldiyi ilk gündən Dağlıq Qarabağın heç zaman müzakirə mövzusu olmayacağını, Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu cəsarətlə bütün dünyaya bəyan edən Azərbaycanın dövlət başçısı İlham Əliyevin fəaliyyətinin əsasında da Azərbaycanın maraqları durur.

Bu gün qürurla deyə bilərik ki, müasir sıçrayışlı inkişafın həlledici amili  kimi qəbul edilən İlham  Əliyev fenomeni mahiyyət etibarilə Azərbaycan dövlətçilik ənənələrinin tələblərini təmin etmək baxımından seçilir və bu fenomenlə Heydər Əliyev ideyaları bir-birini tamamlayır. Məhz buna görə də xalq özünün böyük liderini sevir, ona inanır, gələcək taleyini ona etibar edir.

Zümrüd QURBANQIZI,

"Respublika".