Qarabağ məktəblərində çalınan zəng: yurda çağırış
Digər xəbərlər

Qarabağ məktəblərində çalınan zəng: yurda çağırış

Qələbəmiz kimi, qayıdışımız da möhtəşəm oldu. Yurda, elə, evə sarı döndük. 30 il əvvəl ağlaya-ağlaya məcburi tərk etdiyimiz ocağımıza sevinə-sevinə qayıtdıq. Sönüb, qor bağlayan,  küllənən ocaqlarımızı yandırmağa, gözlərdə öləziyən ümid işığını yurd yerlərimizdə alovlandırmağa gəldik. Gəldik  ki, obalarımız firavan, yuvalarımız işıqlı olsun. Düz 30 ilə qət etdik bu yolu. Dözümlə, səbirlə, iradəmizə hakim olaraq.

Qayıtdıq ki, Qarabağı yenidən dirçəldək, xoşbəxtlik, səadət toxumlarını Qələbəli torpaqlarda cücərdək. Düşmən əlində dağılıb viranə hala qalmış obalara  torpaq həsrətli insanları   qovuşduraq. İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra ilk mərhələdə qarşıda duran əsas məsələlərdən biri vaxtilə bu yerlərdən didərgin düşmüş məcburi köçkünləri öz ünvanlarına qaytarmaq idi. Elə bu səbəbdən də səfərbər olduq. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa işlərinə start verildi. Kəndlər, şəhərlər yenidən qurulmağa başlanıldı. Qədim tarixin yeni səhifəsi yazıldı. Mərhələli şəkildə ailələr öz yurdlarına qayıtdılar. Böyük Qayıdış başladı.

İlk ünvanımız Zəngilanın Ağalı kəndi oldu. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndində hazırda  ümumilikdə 420 nəfərdən ibarət 86 ailə məskunlaşıb. Uzun illər arzuladıqları xəyalı ilə yaşadıqları yurda dönüş sevincini yaşadılar.  Bu yerləri uşaq gülüşləri,  ağsaqqal xeyir-duası, ağbirçək anaların alqışları bəzədi. Alqışların,  duaların sədası göylərə ucaldıqca bu yerlərin bərəkəti, səfası da çoxaldı,  artdı. Agalıda doğulmayıb, qismətinə o yerlərdə yaşamaq düşən insanların ruhu, sevinci çoxaltdı bu bərəkəti. Ağalıda 30 illik işğal dövründən sonra ilk körpə  dünyaya gəldi. Ağalı sakini. Yenidən  o torpaqlar öz xoşbəxt,  toy-büsatlı günlərinə qayıtdı. Həyat öz axarına düşdü. Təhsil ilinin başlanğıcında nəhayət Ağalı kənd məktəbində ilk zəng çalındı.

Şükürlər olsun ki, Ağalı sakinləri uzun illərin həsrətindən sonra baharın gəlişini, Novruz bayramını ilk dəfə doğma yurdlarında qarşıladılar. Bayram ərəfəsində Ağalının sırasına işğaldan azad olunan Tərtər rayonunun Talış kəndi də qoşuldu. Mart ayının 16-da kəndə ilkin olaraq 20 məcburi köçkün ailəsi köçürüldü. Onların yurd-yuva sevincinə martın 18-də dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Arzu Əliyeva da qoşuldular. Dövlət başçısının Talış kəndinə səfəri bayram sevincinin coşqusunu daha da artırdı. Artıq kənd sakinləri yeni evlərində ilk qonaqlarını qarşılayırdı. Prezident İlham Əliyev Qarabağın işğaldan azad edilməsindən sonra ilk bayram tonqalını Şuşada Cıdır düzündə, 2022-ci ildə isə Suqovuşan qəsəbəsində yandırmışdı. Bu il isə, yenicə, cəmi iki gün əvvəl doğma ocaqlarına köçən Talış kəndində alovlandırdı bayram tonqalını.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bu münasibətlə deyib: “Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq".

Bəli, bu yerlər qədim tarixin izində yeni, yüksək zövqlə, keyfiyyətli şəkildə tikilib qurulur. Martın 27-də Tərtər rayonunun Talış kəndində uzun illərdən sonra ilk məktəb və uşaq bağçasının açılış mərasimi keçirilmişdir. Kənddə 78 şagird yerlik ikimərtəbəli məktəb binasında 8 sinif, tibb və müəllimlər otağı, akt zalı və kitabxana yerləşir. Hazırda məktəbdə 24 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə isə 16 müəllim məşğul olur. İşğaldan azad edilmiş ərazilərdə tikilib istifadəyə verilən təhsil müəssisələri təhsil və təlimin yüksək keyfiyyətinin nümunəsidir. Yeni, daha müasir standartlara cavab verən məktəb binaları dövlətin təhsilə və onun keyfiyyətli tədrisinə verilən qiymətidir. Çünki ölkədə təhsil nə qədər güclü inkişaf etsə, dövlətin gələcəyi də o qədər işıqlı olar. Əlbəttə ki, bölgədə təhsillə bağlı işlər bununla bitmir. Şuşada,  Füzulidə, Zəngilan, Cəbrayıl və digər şəhər və kəndlərimizdə də yüksəkkeyfiyyətli, modern üslublu məktəblər tikilir. Yaxın gələcəkdə Ağalı və Talış kəndləri kimi, azadlığına qovuşan hər obamızda,  yurdumuzda məktəb zəngləri çalınacaq, Novruz tonqalları alovlanacaq. Odumuz, ocağımız gur yansın. Novruz bolluq, bərəkət bayramıdır. Torpağın oyanışı, təbiətin canlandığı mövsümdür. Qarabağda canlanan həyat Azərbaycan dövlətinin yükşəliş və inkişafının göstəricisidir.

                                            Ramidə YAQUBQIZI,

                                                    “Respublika”.