Qürur dolu Qələbəmiz
Siyasət

Qürur dolu Qələbəmiz

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli  Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini,  Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi, kapitulyasiyası ilə nəticələndi. Prezident İlham Əliyev dediyi kimi, "Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

İgid oğullarımız bu sözlərin nə demək olduğunu dərk edir və onlar Azərbaycanımız üçün canlarını, qanlarını əsirgəmədən vuruşurdular. Azərbaycanın şanlı tarixinə qədim şəhərimiz olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günü də yazıldı. Bu, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

"Dəmir yumruq" əməliyyatı - 44 günlük Vətən müharibəsində qalib Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: "Əziz həmvətənlər!  Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır..."

10 dekabr tarixində qalibiyyət rəmzi olaraq möhtəşəm Zəfər paradının keçirilməsi isə Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha dünyaya sübut etdi. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu.

Paradın açılışı zamanı Prezident İlham Əliyevin "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik", "Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır" sözləri iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür.

Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, döyüş ruhu, vətənpərvərlik hissi çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün dünya bunun canlı şahidi oldu. Eyni zamanda bu parad qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi.

Bu günümüzdə tamamilə yeni reallıq var ki, Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivdə qaldı, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.

Prezident İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik cəbhədə də böyük strateji nümunə ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə bir olan lider kimi mübarizlik rəmzinə çevrildi. Çoxmilyonlu  Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəyə, sərkərdəlik məharətinə, diplomatik bacarığa, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevretmə qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə, informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində xüsusi istedad və bacarıq nümayiş etdirmişdir. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bu, Qarabağımızın döyünən ürəyi-Şuşanın 28 illik əsarətinə son qoyulduğu həmin şanlı tarixdir. 8 Noyabr - Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu tarixi böyük bayram kimi qeyd etmək haqqımızdır! Qüdrətli sərkərdəmizin, ölməz şəhidlərimizin, qorxmaz ordumuzun xalqımıza verdiyi haqq!

Bu qələbədə böyük payı olan şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Gülər NOVRUZOVA,

Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin

Şirvan regional bölməsinin eksperti.