Şeytandan
Siyasət

Şeytandan "mələk" düzəltməyə çalışanlar

Dünyanın qlobal efir məkanlarından olan "CNN" ölkəmizdə həbsdə olan, erməni milyarder, separatçı rejimin sabiq "dövlət naziri" çirkli pulların yuyulmasında başda olan Ruben Vardanyan haqqında veriliş hazırlayıb. Məşhur telekanal Rubenin oğlu David Vardanyanı efirə çıxarıb və o da bu fürsətdən istifadə edərək, efirdə sərsəm fikirlərini dilə gətirib.

Hazırda Bakıda həbsxanada saxlanılan və müharibə canisi kimi istintaq altında olan Vardanyana son günlərdə "təşəbbüskarları" tərəfindən ciddi dəstək nümayiş olunur. 5 milyard dollar həcmində sərvətinin olduğu bildirilən erməni canisinə ailəsi və erməni lobbisi başda olmaqla, bir qrup insan tərəfindən ona Nobel sülh mükafatının verilməsi tələb edilir. David Vardanyanın da "CNN" kimi nüfuzlu telekanala çıxmasına şərait yaratmaq məhz bu məqsədə xidmət edir. Amma maraqlısı odur ki, separatizmi təbliğ edən, günahsız insanların ölümünə rəvac verən, aylarla Qarabağın erməni əhalisini "blokada" şousunun bir hissəsinə çevirməklə onları "əsir"likdə saxlayan şəxsə hansı ağıl və məntiqlə belə bir mötəbər mükafatın verilməsi gündəmə gətirilir. Doğrusu, dünyada gedən son proseslərə nəzər salsaq, bu, məsələnin ortaya çıxması o qədər də təəccüblü görünmür. Səbəbi də odur ki, özünü "demokratiya keşikçisi", "insan hüquqlarının müdafiəçisi" zənn edənlər azərbaycanlıların qanına susayan Ermənistan kimi cinayətkar dövləti dəstəkləməkdən çəkinmirlər. Belə olduğu təqdirdə Vardanyan kimi caniyə Nobel sülh mükafatının təqdim olunmasını arzulayan bir qrup insanın üzə çıxması başadüşüləndir.

Lakin bu məsələnin qabardılmasında əsas məqsəd Vardanyanın "azadlıq" yolunda çəkdiyi "iztirablar" yox, onun var-dövlətidir. Həm Azərbaycanın, həm də beynəlxaq hüququn qarşısında aciz qalan Vardanyan indi heç bir şeyə yaramayan milyardlarını işə salmaq qərarına gəlib. Təbii ki, buradan özünə pay istəyənlər fürsəti əldən verməyib, bu cür saxta təbliğatın bir hissəsinə çevriliblər. Məsələn, "CNN" kimi bir telekanal da həmin qrupun tərkib hissələrindən biridir.

İlk növbədə, bunu deməyə əsas verən odur ki, separatçıların "lideri" Arayik olan yerdə Vardanyanı "qəhrəman" elan edənlər özlərini ifşa etmiş olurlar. Başqa bir misalı digər separatçı liderlərdən də çəkə bilərik. İspaniyada katalon separatçı hərəkatının rəhbəri Karles Puçtemonun 300 tərəfdarı hələ də həbsdə saxlanılır. Avropada Ruben Vardanyandan qat-qat artıq tanınan belə bir separatçı varkən, niyə Vardanyana bu qədər dəstək olunur? Karles Puçtemon 7 milyonluq bir xalqın mübarizəsinə rəhbərlik etdiyi halda, sayları heç 20 mini ötməyən kiçik bir toplumun "lideri" belə olmayan şəxsin geniş şəkildə təbliğatını aparan gözəgörünməz qüvvə yalnız onun var-dövlətidir.

Vardanyana Nobel sülh mükafatına "layiq" görənlər, onun "sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasındakı "əvəzsiz" rolundan bəhs edirlər. Əgər belədirsə, onda Vardanyanın Qarabağdakı fəaliyyətinə nəzər salanda belə bir sual yaranır. Həqiqətən Ruben Vardanyan bu mükafata layiq görülmək üçün lazımi işlər görübmü?

Sözügedən şəxs bu günə qədər heç vaxt hər hansı bir sülh təşəbbüsü ilə çıxış etməyib, daim bölgədə milli qarşıdurma, ayırıcılıq kimi halların təbliğatını aparıb. Azərbaycan dövləti Xankəndiyə nüfuz etməmişdən əvvəl, separatçı rejimə konstruktiv təkliflər etsə də Vardanyan bunun əksinə gedən şəxslərin önündə yer alanlardan biridir. Ötən il Qarabağda süni şəkildə yaradılan humanitar fəlakətin ortaya çıxmasında ən böyük fəallardan biri olub.

Xatırladaq ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında Qarabağa gəlib. Bu vaxta qədər o, rusiyalı iş adamı kimi tanınıb. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra rusiyalı milyarderlərə tətbiq olunan sanksiyalar bəzi iş adamlarını olduqca çətin duruma salıb. Maxinator Vardanyan buna görə Rusiya vətəndaşlığından imtina edib, qanunsuz şəkildə Qarabağda yerləşmişdi. Burada separatçı rejimin "dövlət naziri" vəzifəsini tutub. Həmin dövrdə erməniləri manipulyasiya etməkdən başqa bir işə yaramayan Vardanyan beynəlxalq birliyin Azərbaycan ərazisi kimi tanıdığı ərazinin heç bir surətdə geri qaytarılmayacığını bəyan edirdi. Maraqlıdır ki, belə fikirlərin sahibi hansı sülhə töhfə vermiş hesab oluna bilər?

Bundan başqa, Vardanyan öz müsahibələrində təkcə Azərbaycanda deyil, həm də Ukraynadakı separatizmi dəstəkləməsini də bildirmişdi. Vardanyan həmçinin Ukraynada separatçı rejimlərin hərbi mövcudluğunu genişləndirməsinin də fəal iştirakçısı olub. Bu səbəbdən Ukraynanın xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizəd göstərilməsinə etiraz ediblər. Ukrayna Ali Radanın hakim "Xalqın Xidmətçisi Partiyası"ndan olan deputatı Yuri Kamelçuk ölkəmizin mətbuatına verdiyi açıqlamada bildirib ki, biz çox yaxşı başa düşürük, o cümlədən Avropa və beynəlxalq ictimaiyyət də gözəl bilir ki, Vardanyan həm Rusiyanın özündə, həm də digər qonşu dövlətlərin daxilində terroru maliyyələşdirən şəxsdir: "Azərbaycanın daxilində də terroru maliyyələşdirib. Ukraynada gedən müharibə zamanı terroru maliyyələşdirən məhz o olub. Ona görə də bu adam bu mükafata qəti layiq deyil. Vardanyana qarşı sanksiyaların lehinə çıxış edən avropalı deputatlar və ABŞ konqresmenləri də bu haqda danışıblar. Nobel Komitəsi onu birdəfəlik namizədlər siyahısından çıxarmalıdır. Burada başqa sözə ehtiyac yoxdur".

Musa BAĞIRLI,

"Respublika".