Ulu Öndərin ideyaları gələcəyin mayakıdır
Siyasət

Ulu Öndərin ideyaları gələcəyin mayakıdır

Şərəfli ömrünü Azərbaycanın qüdrətlənməsinə və xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev hələ 14 iyul 1969-cu il tarixdən ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən milli məfkurənin formalaşdırılmasını və Azərbaycanı hərtərəfli və sürətli inkişaf etdirməklə müstəqil dövlətə çevirməyi qarşısına məqsəd qoydu.

Müdrik lider Heydər Əliyev fitri istedadı, tükənməz gücü, iti zəkası, dərin düşüncəsi, uzaqgörən məntiqi, sarsılmaz iradəsi və dönməz qətiyyəti sayəsində Azərbaycanı parlaq gələcəyə aparan yolu hələ o dövrdə müəyyənləşdirdiyi və sonradan ölkəmizin həmin yolu uğurla getməsini yüksək məharətlə təmin etdiyi üçün Azərbaycan tarixinin 1969-2003-cü illəri əhatə edən dövrü yaddaşlara "Heydər Əliyev dövrü" kimi həkk olunmuşdur. Görkəmli siyasi xadim Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi milli özünüdərk duyğuları, azərbaycançılıq fəlsəfəsi xalqın tarixi yaddaşını özünə qaytarmaqla, milli ruhun sürətli yüksəlişini təmin edərək, müstəqil dövlətçiliyimizin yaranması üçün zəruri olan dünya azərbaycanlılarının həmrəyliyinə rəvac verdi.

Ötən əsrin 70-ci illərindən formalaşan iqtisadi potensialın tərəqqisi azadlıq mübarizəsini zəruri edən amillərdən olduğundan 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının vüsət alması da ulu öndər Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə reallaşan iqtisadi inkişaf və ona paralel olaraq azərbaycançılıq, həmrəylik, mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün oldu.

Müstəqilliyin itirilməsi və dövlətçiliyin məhv olması təhlükəsi qarşısında qaldığı zaman nicatın məhz Heydər Əliyevdə olduğunu yaxşı dərk edən Azərbaycan xalqı 1993-cü ilin iyun ayında ümummilli liderə müraciət edərək onun hakimiyyətə gəlməsini təkidlə tələb etdikdə, qarşıda onu gözləyən məşəqqətləri əvvəlcədən görməsinə baxmayaraq, heç nədən və heç kimdən çəkinmədən yenə də xalqının yanında olmağa qərar verdi. Uzaqgörən rəhbər yüksək məharətlə müstəqilliyimizi hifz edərək dövlətçiliyi möhkəmləndirməklə ölkəmizi inkişafa doğru yönəltdi, bununla da milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan əsl müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi və dirçəliş dövrü başladı. Ulu öndər Heydər Əliyev ölkədəki çətin vəziyyətə baxmayaraq, 1994-cü ilin sentyabr ayında Azərbaycanın parlaq gələcəyində mühüm rolu olan "Əsrin müqaviləsi" kimi bir tarixi müqavilənin bağlanılmasına müvəffəq oldu. Məlum olduğu kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini də Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi və yorulmaz fəaliyyəti olan vətənpərvər şəxsiyyət Heydər Əliyev qoymuşdur.

Ordu quruculuğunda da köklü islahatlar həyata keçirilməyə başlanıldı. Qanunsuz hərbi dəstələr buraxıldı və Silahlı Qüvvələr tam dövlət nəzarətinə keçirildi. Ardınca digər ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmaqla və hərb tariximizə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı. Beləliklə də, görülən işlər qısa müddətdən sonra öz səmərəsini verdi və güclü Azərbaycan ordusu formalaşmağa başladı.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Bu sahədə aparılan islahatlarda müdrik liderin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərman xüsusi əhəmiyyət kəsb edirdi. Ölkəmizdə 1993-cü ilin iyun ayından ölüm cəzasının icrasına moratorium qoyulması, daha sonra onun tətbiqinin məhdudlaşdırılması, 10 fevral 1998-ci il tarixdən Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi - fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım humanizm, insanpərvərlik, ədalət və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu.

Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Müdrik liderin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında ulu öndər Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Adıçəkilən Komissiyanın səmərəli fəaliyyəti nəticəsində yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahəyə verilən mühüm töhfələr oldu.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması təkcə ədalətin bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təcəssümü olmuşdur.

Müstəqil Azərbaycanın ali qanununda ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi, eləcə də prokurorluq orqanlarında aparılan hərtərəfli islahatlar dahi şəxsiyyət Heydər Əliyevin bilavasitə tapşırıq və tövsiyələrinin icrasının nəticəsi idi. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.

Ulu öndərin Prokurorluq orqanlarının rəhbər işçilərinə mütəmadi olaraq verdiyi müdrik tövsiyə və göstərişlərin əsasında, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan, bu gün də yeni müstəvidə eyni intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması ulu öndərin ölkəmizdə bütün sahələrdə, o cümlədən prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olmuşdur.

Sevindirici və qürurvericidir ki, ümummilli lider Heydər Əliyevin mükəmməl siyasətini zamanın tələbləri ilə uzlaşdırmaqla layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin hərtərəfli bilikləri, dərin düşüncəsi, polad iradəsi, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti, eləcə də xalqımızın müdrikliyi və əzmkarlığı sayəsində Azərbaycan ardıcıl uğurlar əldə edir, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, dövlətimiz bütün sahələr üzrə inkişaf edərək durmadan qüdrətlənir, eləcə də işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla regionların tarazlı tərəqqisi təmin edilir və əhalinin rifahı daha da yaxşılaşır. Qazanılan uğurlar sırasında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin misilsiz şücaət və qəhrəmanlıq göstərərək düşmən üzərində möhtəşəm qələbəmizi təmin etməsini, lider-xalq-ordu birliyinin nəticəsində 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını, bununla da Azərbaycan tarixinə növbəti parlaq səhifələr yazıldığını xüsusi vurğulamaq lazımdır. Dövlətimizin qüdrətlənməsi prosesi müxtəlif illərin göstəriciləri ilə də öz təsdiqini tapır. Belə ki, ölkəmizdə ilbəil qeyri-neft sənayesi, kənd təsərrüfatı, eyni zamanda orta əməkhaqqı, orta pensiya və digər müavinətlər durmadan artır. Sadalananlarla bərabər, valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyi də təmin edilir.

Vurğulamaq zəruridir ki, dövlətimizin hərtərəfli inkişaf edərək qüdrətlənməsində, həmçinin ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanınmasında zəngin elmi biliklərə, iti zəkaya və yüksək idarəçilik qabiliyyətinə malik böyük qəlbli insanın - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ulu öndərin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxarmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən etdiyi müstəqil Azərbaycan son 29 il ərzində hərtərəfli uğurlar əldə etmişdir ki, bu müvəffəqiyyətlərin də qayəsini uzaqgörən şəxsiyyət Heydər Əliyevin dühası təşkil etmişdir.

Ümummilli liderin milləti və dövləti qarşısındakı misilsiz xidmətlərini dərindən dərk edən Azərbaycan xalqı dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ali insani keyfiyyətlərə malik fövqəlbəşər Heydər Əliyevin parlaq simasını hər zaman böyük hörmətlə xatırlayacaq, nəhəng şəxsiyyətin əziz və unudulmaz xatirəsi daim dərin ehtiramla anılacaqdır.

Firad ƏLİYEV,

Azərbaycan Respublikası Hərbi

prokurorunun böyük köməkçisi -

Azərbaycan Respublikası Hərbi

Prokurorluğunun Mətbuat xidmətinin

rəhbəri, baş ədliyyə müşaviri.