Rusiya Federasiyası Perm vilayəti Qanunvericilik Məclisinin deputatı İlya Lisnyakdan
Məktublar

Rusiya Federasiyası Perm vilayəti Qanunvericilik Məclisinin deputatı İlya Lisnyakdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Perm vilayəti Qanunvericilik Məclisinin deputatları, Perm Gənclər Mərkəzinin fəalları və Beynəlxalq Layihə Konqresinin iştirakçıları adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti olduğunuz müddətdə ölkəniz ciddi sınaqlardan uğurla çıxıb, bir çox sahələrdə mühüm nailiyyətlər əldə edib.

Bu il dekabrın 15-21-də Azərbaycana səfər etmək şərəfinə nail oldum. “Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçılarından ibarət nümayəndə heyəti Bakı, Gəncə, Bərdə, Ağdam, Füzuli, Şuşa şəhərlərində oldu. Azərbaycan Gənclər Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə işgüzar görüşlər keçirdik, gənclərlə iş sahəsində görülən işlərlə tanış olduq. Gördüyümüz hər şey bizə çox yaxşı təsir bağışladı.

Sizə Azərbaycanın inkişafında, Rusiya ilə əlaqələrin möhkəmlənməsində, iqtisadiyyat, sənaye, aqrar sektor, humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsində yeni zirvələr fəth etməyi arzulayıram.

2019-cu ilin sentyabr ayından Azərbaycanın gənc liderləri ilə yaxından əlaqə saxlayıram. Biz birgə səylərlə Beynəlxalq Layihə Konqresini təsis etdik. Perm vilayəti bir neçə gün əvvəl Perm-Azərbaycan marşrutu üzrə ticarət əlaqələrinin möhkəmləndiyini bəyan edib. Ümid edirəm ki, aramızda olan xoş münasibətlər bundan sonra da müxtəlif sahələrdə əməkdaşlığa töhfə verəcək.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz mübarək!

Hörmətlə,

 İlya Lisnyak

Rusiya Federasiyası Perm vilayəti Qanunvericilik Məclisinin deputatı