Valeh Bədəlov 
Sosial həyat

Valeh Bədəlov 

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın  xatirəsi hər zaman ehtiramla yad edilir. Onların  qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı  qələbəni  bizə yaşadanlardan  biri -Vətən Müharibəsi Qəhrəmanı Bədəlov Valeh Vahid oğludur.

Valeh Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində dünyaya göz açıb. Ailədə 3 uşaq olublar. 2 oğlan, 1 qız. 1996-cı ilə Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2007-ci ildə bitirib. 2007-ci ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) filologiya fakültəsində təhsil almağa başlayıb. 2012-ci ildə Universiteti Azərbaycan dili və Ədəbiyyat  ixtisası üzrə bitirərək hərbi xidmətə yollanır, kurs keçərək leytenant rütbəsinə yiyələnib. 2014-cü ildə hərbi xidməti başa vurur. 2015-ci ildə yenidən hərbiyə qayıdıb, xüsusi təyinatlı hərbçi olmaq üçün kurs keçir və uğurla başa vurur. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olur. 2017-ci ildə isə Türkiyədə Komando kurslarında iştirak edir. 2018-ci ildə Ordumuzun 100 illiyi münasibətilə keçirilən paradda iştirak edir, fərqlənməyə görə medalla təltif olunur.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk gündən iştirakçısı olur. XTQ-də bölük komandiri və kəşfiyyatçı olan Valeh ilk gün Murovdağ zirvəsinin azad edilməsində böyük şücaət göstərmiş, daha sonra isə cənub cəbhəsində Füzuli və Hadrut istiqamətində strateji yerlərin alınmasında iştirak etmişdir. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edən igidimizin döyüş yolu Murovdan başlasa da, daha sonra  Cəbrayıl və Füzuli rayonlarına doğru irəliləyir. Lakin Füzulidə gedən döyüşlər zamanı 2020-ci il  oktyabrın 7-də 30 yaşını qeyd eməyə üç gün qalmış qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən ölümündən sonra Valeh Vahid oğlu Bədəlov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Həmçinin, Valeh Bədəlov Vətən müharibəsində şücaətlərinə görə "Vətən uğrunda", “Füzulinin, Xocavəndin, Cəbrayılın, Qubadlının, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Valehin Azərbaycana iki əmanəti var, Aylin və Nilay Bədəlovalar.  

Prezident  İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Valeh Vahid oğlu Bədəlovun adı verilmişdir.    

Atası Vahid kişinin sözlərinə görə, Valeh orta məktəb illərindən hərb sahəsinə çox meyilli olub: “Orta məktəb illərində keçirilən hərbi-idman yarışlarında, təlimlərində çox fəallıq göstərirmiş. Hərbi təlim məşğələlərində avtomat silahının sökülüb-yığılmasında həmişə birinci olardı. Mövsüm zamanı ova gedəndə Valeh də bizlə gedərdi. Valeh hər danışanda gələcəkdə hərbçi olacağını və ermənilərin torpaqlarımızdan çıxarılmasında iştirak edəcəyini deyirdi. Valeh sözünün üstündə də durdu. O, hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qoşunlarda xidmətini davam etdirən zaman həmin müddətdə 3 il kurs keçdi. Təlimlərdə birinci yer tutduğu üçün ona leytenant rütbəsi verildi”.

Anası Südabə xanım: “Oğlum əsl hərbçi idi. O, işləri barədə həyat yoldaşına belə heç nə danışmazdı. Adətən hərbi təlimlərə qoşulur, hərbi sirlərə yiyələnirdi. Türkiyədə keçirilən təlimlərdə iştirak etmişdi. 2018-2019-cu illərdə qardaş ölkədəki təlimlərdə fərqləndiyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Valehi ön sıraya çıxararaq, “əsl zabit belə olar” demişdi”.

Şəhidimizin bacısı Vüsalə Bədəlova  qardaşı ilə bağlı xatirələrindən danışır:
“Qardaşım məndən üç yaş böyük idi. Kitab oxumağı çox sevirdi. Bir kitabı oxumağa başladığı zaman, bitirənə qədər dünya ilə əlaqəsi kəsilərdi. Uşaq vaxtı hər zaman kosmonavt olacağını deyərdi. Dörd yaşı olanda anam ona Puşkinin “Qafqaz” şeirini öyrətmişdi. Sonralar da həmişə stulun üstünə çıxıb o şeiri deyirdi, mən də heyran-heyran baxırdım. Elə bilirdim ki, doğrudan da dağın başında durub. Qardaşım ailəsinə, uşaqlarına çox bağlı olub. İki qızı var, Aylin və Nilay. Atası evə gec gələndə böyük qızı ağlayırdı ki, atam hardadır. İndi də çox axtarırlar. Hər gün soruşur ki, atam nə zaman gələcək…

Valeh Bədəlovun həyat yoldaşı Zeynəb xanım: Valeh ailə qurmazdan əvvəl mənimlə səmimi söhbət etmişdi. Dedi ki, zabit həyat yoldaşı olmaq elə də asan deyil, bir gün evdə, bir gün çöldə olacağam. Təlimlərdə olacağam, tək qalacağın günlər olacaq, əgər bunlara hazırsansa ailə quraq. Əlbəttə ki, mən bilirdim zabit həyatı çətin və şərəflidir. Ona görə də düşündüm ki, şərəfli peşə sahibinin adına-sanına layiq bir həyat yoldaşı olmalıyam və ona razılıq verdim. Peşman da olmadım, o, hər yerdə seçilməyi bacarırdı. Bizim şəhərciyə birinci şəhid xəbəri gələn günü mən sanki qəflət yuxusundan ayıldım. Fikir etməyə başladım ki, Valeh də şəhid ola bilər. Heç vaxt inanmazdım ki, Valeh  də şəhid ola bilər. Söhbətlərimizin birində dedi ki, əgər müharibə başlayarsa mən şəhid olacağam. Onun qorxduğu yalnız bir şey var idi, qızlarının atasız böyümələri, vəssalam! ”.

Böyük Zəfəri, Qələbəni görməsə də  bu gün  Valeh Bədəlovun ruhu şaddır. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır. Ruhun şad olsun!

M.MİRZƏ,

“Respublika”.