Vaxtilə işğal etdiyi ərazilərdəki ehtiyatlardan məhrum olması Ermənistanın iqtisadi geriləməsinə öz təsirini göstərir
Siyasət

Vaxtilə işğal etdiyi ərazilərdəki ehtiyatlardan məhrum olması Ermənistanın iqtisadi geriləməsinə öz təsirini göstərir

Bəzi qüvvələr postmüharibə dövrünün reallıqlarını hələ də tam dərk etmək iqtidarında deyil. Ermənistanda anlamalıdırlar ki, bundan sonra statusla bağlı hər hansı manipulyasiya cəhdlərinin qarşısı istər diplomatik müstəvidə, istərsə də Qarabağın özündə qətiyyətlə alınacaq.

44 günlük Vətən müharibəsindən, zəfərimizdən sonra əlbəttə ki, biz tarixi torpaqlarımız barəsində düşünməliyik. Qərbi Azərbaycanın bütün toponimləri öyrənilib, bu zaman bir dənə də olsun erməni toponiminə rast gəlinməyib. Çünki Qərbi Azərbaycanın bütün bölgələrində həmişə azərbaycanlılar üstünlük təşkil edib. Ora bizim tarixi torpaqlarımızdır.

Ermənilər hər zaman "dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayıblar. Onlar bunu dərsliklərə salıb, digər tədbirlərlə həyata keçiriblər. Artıq azərbaycanlılar da "Qərbi Azərbaycan icması" vasitəsilə təşkilatlanaraq, hüquqlarımızı beynəlxalq səviyyədə qorumağa nail olacaqlar. Daha böyük sübut və dəlillər sayəsində bu torpaqların bizim olduğunu dünyaya çatdırmaq indiki məqamda çox vacibdir. Vətən müharibəsindən sonra ermənilərin həyasızlığı nisbətən səngiyib. Ancaq yenə də ara-sıra köhnə sərsəmlərini eşidə bilirik. Necə deyərlər, ağlın olmaması ən böyük bədbəxtçilikdir. Görəsən, erməni ideoloqları zaman-zaman öz axmaq tezislərini ortaya atmaqla nəyə nail olmaq istəyirlər? Aydındır ki, düşmənlərimizin vəziyyəti gərginləşdirməyə yönəlmiş çabalarının heç bir faydası olmayacaq. Çünki onların nə siyasi, nə diplomatik, nə hərbi, nə də iqtisadi potensialı qalmayıb.

Ermənistanın müharibə nəticəsində itirdiyi iqtisadi ehtiyatlara qısaca nəzər salaq. Sirr deyil ki, postmüharibə dövründə Ermənistanın iqtisadi inkişaf perspektivlərinə təsir edəcək əsas amillərdən biri müharibə nəticəsində Ermənistanın uzun müddət işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz olaraq istismar etdiyi ehtiyatlardan məhrum olmasıdır. Bu ehtiyatlar ötən illərdə Ermənistanın iqtisadi inkişafında böyük rola malik idi və iqtisadi siyasətin formalaşmasına əsaslı şəkildə təsir edirdi. Ona görə də Ermənistanın bu ehtiyatlardan məhrum olması iqtisadi geriləməsinə səbəb olacaq. Əvvəl işğalda olan ərazilərdə Ermənistanın ən çox istismar etdiyi və gəlir əldə etdiyi istiqamətlərə kənd təsərrüfatı, enerji, mədən sənayesi sahələri aid idi. Əldən çıxmış ehtiyatların Ermənistanın inkişaf perspektivlərinə təsirini anlamaq üçün itirilmiş ehtiyatların həcmini nəzərdən keçirmək lazımdır. İşğalda olan ərazilərimiz su ehtiyatları ilə zəngin olduğundan orada çox sayda su elektrik stansiyaları (SES) fəaliyyət göstərmişdir. Müharibədən sonra həmin ərazilərdə mövcud olan 36 SES-dən 30-u Azərbaycanın nəzarətinə keçmişdir. Hazırda Ermənistan idxal edilən elektrik enerjisindən məhrum olmuşdur və bundan əlavə, Qarabağda qalan erməni əhalinin enerji tələbatını ödəmək üçün də onlara elektrik enerjisi ixrac etməyə məcburdur. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Ermənistan əvvəl işğalda olan ərazilərin əldən çıxması nəticəsində itirilmiş elektrik enerjisini daha baha başa gələn və qazla işləyən İstilik Elektrik Stansiyaları və ya idxal vasitəsilə əvəz etmək məcburiyyətində qalacaqdır. Bu isə idxal edilən qazdan asılılığa və elektrik enerjisi qiymətlərinin artmasına səbəb olacaqdır. Təsadüfi deyildir ki, artıq Ermənistanda fevralın 1-dən etibarən ev təsərrüfatları üçün elektrik enerjisinin qiymətləri 6-8% artırılmışdır. Bu isə onu göstərir ki, qarşıdan gələn dövrdə Ermənistan iqtisadiyyatının inkişafına elektrik enerjisi qiymətlərinin artması təsir edəcəkdir. Ona görə ki, azad edilmiş ərazilərdə SES-lərin əldən çıxması həm də Ermənistanın özünün tam nəzarət edə bildiyi elektrik enerjisi mənbəsindən məhrum olması deməkdir.

Digər tərəfdən, elektrik enerjisi istehsalının qiymətinin artması Ermənistan hökumətini məcbur edəcək ki, elektrik enerjisi qiymətlərini artırsın. Bu isə sözsüz ki, inflyasiyanın sürətlənməsinə yol açacaq.

Müharibə nəticəsində Ermənistanın itirdiyi ehtiyatlar sırasında kənd təsərrüfatı ehtiyatlarının da böyük payı vardır. Əvvəl işğal etdikləri ərazilərin böyük hissəsi əkinəyararlı olduğundan həmin ərazilərdə müxtəlif kənd təsərrüfatı məhsullarının, xüsusilə də taxıl məhsullarının istehsalı həyata keçirilirdi və bu məhsullar Ermənistanın qida təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayırdı. Müharibə nəticəsində Azərbaycan 90 min hektar əkinəyararlı sahəni işğaldan azad etmişdir. Bu isə o deməkdir ki, Ermənistan əvvəl işğalda olan ərazilərdəki əkin sahələrinin 90 faizindən məhrum olmuşdur. Həmin ərazilərdə il ərzində 150 min ton müxtəlif taxıl məhsulları istehsal edilirdi ki, onun da 100 min tonu Ermənistana ixrac edilirdi. Qarabağdan idxal edilən məhsullar Ermənistanda taxıl məhsullarına olan tələbatın 20-25 faizini təmin edirdi. Ona görə də bu ərazilərin əldən çıxması Ermənistanda ərzaq çatışmazlığına səbəb olub. Belə olan halda Ermənistan həmin məhsulları xaricdən idxal etmək məcburiyyətində qalır və bu da təbii olaraq ərzaq məhsullarının qiymətinin artmasına səbəb olur. Ona görə də bu ehtiyatların əldən çıxması da qiymət artımı və sosial təzyiqləri artırmaqla Ermənistanın iqtisadi inkişaf perspektivlərinə əsaslı şəkildə təsir edəcəkdir. Artıq Ermənistanda ərzaq məhsullarının qiymətinin artmasına görə narazılıqlar yaranıb və inflyasiya sürətlənməkdədir. Eyni zamanda, işğal edilmiş ərazilərdə mövcud olan zəngin qiymətli metal ehtiyatları da işğal dövründə Ermənistan tərəfindən istismar edilir və digər ölkələrə ixrac edilirdi. Mədən sənayesi məhsulları xammal kimi Ermənistana gətirilir və orada emal edildikdən sonra digər ölkələrə ixrac edilirdi. Bu ehtiyatlar da Ermənistanın iqtisadi inkişafına müsbət təsir edirdi. Hesablamalar göstərir ki, 2019-cu ildə mədən sənayesi işğal edilmiş ərazilərimizdə mövcud olan qondarma rejimin ÜDM-nin 13 faizini təşkil edirdi. Ermənilər tərəfindən istismar edilən ən böyük qızıl yatağı olan Söyüdlü qızıl yatağı və onunla bağlı olan digər sahələr Ermənistanın ÜDM-nin 1-1.5 faizini formalaşdırırdı. Bu isə onu deməyə əsas verir ki, qiymətli metal yataqlarının Ermənistanın əlindən çıxması onun böyük həcmdə maliyyə resurslarından məhrum olması deməkdir ki, bu da iqtisadi inkişaf perspektivlərinə əsaslı şəkildə təsir edəcəkdir. Bu, eyni zamanda işsizliyin artmasına və bu sahə ilə bağlı olan digər sahələrin də fəaliyyətinin məhdudlaşmasına səbəb olacaqdır. Qeyd etdiyimiz ehtiyatlardan müharibədən sonra Ermənistanın məhrum olması onun iqtisadi inkişafına təsir edən mənfi amillər kimi çıxış edəcəkdir. Ehtiyatların əldən çıxmasının yaratdığı sosial problemlər, qida təhlükəsizliyi problemləri, işsizlik və qiymət artımı Ermənistan iqtisadiyyatı üzərində əlavə təzyiqlərin yaranmasına gətirib çıxaracaq. Bu da sözsüz ki, gələcəkdə iqtisadi inkişaf perspektivlərinə əsaslı şəkildə təsir edəcək.

Emin QASIMOV,

"Respublika".