“VƏTƏN  MÜHARİBƏSİ   GƏNCƏ  ŞƏHİDLƏRİ”
Sosial həyat

“VƏTƏN  MÜHARİBƏSİ   GƏNCƏ  ŞƏHİDLƏRİ”

Yeni kitablar

Qədim Gəncə şəhəri uzun əsrlər boyu tarixi reformaların çuğlaşdığı bir məkan olmaqla yanaşı, onun sakinləri daim dövlətə, dövlətçiliyə və vətənə bağlı insanlar olmuşlar.  Birinci Vətən müharibəsi zamanı erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə Gəncənin qəhrəman övladları qədim tarixi qəhrəmanlıq salnaməsini daha da zənginləşdirdi. O döyüşlərdə  mərdliklə vuruşan  364   əsgər canı bahasına torpaqlarımızı qoruyaraq şəhid olmuşdur.  8 noyabr   2020-ci il böyük qələbə günü kimi  tariximizə qovuşdu.  Vətən müharibəsində ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti və ordumuzun maddi-texniki bazasının gücləndirilməsi nəticəsində 44 günlük İkinci Vətən müharibəsində erməni ordusu darmadağın edildi, torpaqlarımız düşmən tapdağından azad olundu. Bu ölüm-dirim mübarizəsində Gəncəmizin minlərlə igid övladları vuruşmuş, onlardan 107 nəfər əsgərimiz şəhid olmuş, şəhərimizə raket hücumu nəticəsində 26 nəfər mülki şəxs  - uşaq, qoca, qadın həlak olmuşdur.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsində hazırlanmış “Vətən müharibəsi  Gəncə şəhidləri” kitabı nəşr edilmişdir. Kitabda Ali Baş Komandan  İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə  torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə şəhid olmuş şəxslər haqqında verdiyi qərar və sərəncamlar,   Vətən müharibəsi şəhidinin və  raket hücumu  zamanı  həlak olan mülki şəxslərin – uşaq, qoca və qadınların tərcümeyi-halı  öz əksini tapmışdır.

Müharibənin getdiyi müddətdə və ondan sonra  dünyanın  30-dan artıq ölkəsinin aparıcı  informasiya vasitələrinin  müxbirlərinə ölkə başçısının verdiyi  cavablardan parçalar kitabda yer almışdır. Müsahibələrə nəzər salanda jurnalistlərin suallarındakı qərəzli  münasibət  diqqəti cəlb edir. Ali Baş Komandan  bütün  bu təxribatçı  suallara məharətlə cavab verdi,  bədxah “yazarlar”  gözləmədikləri  sərrast, səriştəli  siyasətçi cavabları qarşısında məəttəl  qaldılar və   gözləmədikləri  dərsi aldılar.  Siyasi meydanda və siyasi-diplomatik müstəvidə böyük məharətlə  inteqrasiya beynəlxalq aləmdə öz nəticəsini verdi.  Bir çox dünya dövlətləri Azərbaycanı  bu ədalətli savaşında  dəstəklədilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə  Gəncə haqqında  söylənən fikirlər bir daha təsdiqləyir. Ali Baş Komandanın uzaqgörən siyasəti  və müdrikliyi  nəticəsində 30 illik münaqişə 44 günə həll edildi və  bu müharibə  dünyanın  hərb tarixinə  misilsiz savaş kimi həkk olundu.  Vətən müharibəsi  Azərbaycan Ordusunun  gücünü, xalqımızın  qüdrətini və milli sarsılmaz birliyini   dünyaya sübut etdi. Bu qəhrəmanlıq mübarizəmiz tarix boyu qürur mənbəyimiz olacaqdır.   Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  hazırlanan “Vətən müharibəsi Gəncə şəhidləri” kitabı    şəhidlərimizin ölməz  xatirəsinə etiramın   ifadəsidir. 

Yeni  kitab  şəhidlərimizin və günahsız yerə həlak olmuş mülki şəxslərin xatirəsinə dərin ehtiramın ifadəsi  olmaqla yanaşı,  həm də  Vətən müharibəsi, onun qəhrəmanları və qələbəyə öz töhfəsini  vermiş mülki insanlar  haqqında  gələcək  elmi tədqiqatlar üçün qiymətli mənbədir.

Vaqif  TANRIVERDİYEV,

Gəncə.