Azərbaycanın güclü dövlət, güclü ordu strategiyası
Digər xəbərlər

Azərbaycanın güclü dövlət, güclü ordu strategiyası

28 may 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Daha sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Qısa müddət ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.

Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir: “Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan Ordusu nəinki bölgədə, dünyada həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə güclü ordular sırasındadır. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir!”.

2016-cı ilin aprel hadisələri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhəyanı ərazilərdə məskunlaşan mülki əhali hədəfə alınaraq Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində mövqeləri ağır silahlardan intensiv atəşə məruz qaldı. Düşmən tərəfinin təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan ordusu lazımi addımlar atdı. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağı altında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Nəticədə, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madagiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə 5 aprel tarixində yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Lakin Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacaqdır.

Azərbaycan Ordu quruculuğu hər zaman dövlət başçısı cənab İlham Əliyevin diqqət mərkəzində olub. Ali Baş Komandan bu barədə deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq”.

Məhz bu ordu quruculuğu fəaliyyəti nəticəsində Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Tam əminliklə deyə bilərik ki, döyüş uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildən artıq bir dövrdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Bunun nəticəsində sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Nəhayət ki, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi.

Azərbaycan Ordusunun yüksək peşəkar

lıqla apardığı işğaldan azadetmə əməliyyatı zamanı son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

Azərbaycan Ordusu müstəqilliyimizi və ərazi bütövlüyümüzü əbədi qorumaq gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir! Biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da ordumuzun arxasındayıq!

Fərid MUSTAFAYEV,

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

Gənc Alim və Mütəxəssislər Şurasının sədri.