Hərb salnaməmizin rəşadət səhifəsi
Digər xəbərlər

Hərb salnaməmizin rəşadət səhifəsi

Ermənistanın Azərbaycana təcavüzünün tarixi 2 əsr əvvələ dayanır. XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə başlamış bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçib. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılıb.

1988-ci il fevralın 8-də ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Ermənistanın Azərbaycana təcavüzündə erməni terroru faktoru da önəmli yer tutub. 1989-1994-cü illərdə erməni terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib. Bu terror aktları heç cür Qarabağda gedən hərbi əməliyyatlarla müqayisə edilə bilməz.

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində 1988-1993-cü illərdə Azərbaycan Respublikasının Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın işğalçı mövqeyinə görə nəticə verməmişdir. 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci ilin iyul günlərində bütün ölkə vətənpərvərlik, qələbəyə inam hissi ilə yaşayırdı. Belə ki, həmin il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Ordumuzun böyük Qələbəyə gedən yolu 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından və 2020-ci il iyulun 12-də baş verən Tovuz döyüşlərindən keçib. Bəli, Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı, Vətən müharibəsi üçün uğurlu bir başlanğıc oldu. Həmin günlərdə dövlət-xalq birliyi daha da möhkəmləndi və vahid gücə çevrildi. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi.  Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb. Tovuz döyüşlərini ermənilərə verilən ilk dərs də adlandıra bilərik.

Bu döyüş Qələbəyə aparan yolun başlanğıcı oldu və tarixi Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir.

Röya RÜSTƏMLİ,

"Respublika".