DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VOLODIMIR ZELENSKİDƏN VİDEOƏLAQƏ VASİTƏSİLƏ ABŞ KONQRESİNƏ MÜRACİƏT

Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videoəlaqə vasitəsilə ABŞ Konqresində çıxış edib. “Trend” agentliyinin məlumatına görə, o, ABŞ-ı Rusiyaya qarşı sanksiyaları davam etdirməyə səsləyib.

Verilən xəbərə əsasən, Ukrayna prezidenti ABŞ Konqresinə Rusiya ilə daha sərt mübarizə aparmaqla bağlı çağırış edib.

Volodimir Zelenski, həmçinin növbəti dəfə Ukrayna üzərində uçuşsuz zona tətbiq etmək və müdafiə məqsədilə Ukraynaya aviasiya və zenit-raket kompleksləri verməyi xahiş edib.

“Bizim xalqımızı qorumaq üçün güclü havadan müdafiə sistemlərinə ehtiyacımız var. Sizdə isə bunlar var. Lakin onlardan Ukrayna səmasını qorumaq üçün istifadə olunmur. Mənim indi sizin köməyinizə ehtiyacım var”, - deyə Ukrayna prezidenti vurğulayıb.

 

NATO MÜDAFİƏ ÜZRƏ GENİŞLƏNDİRİLMİŞ PLAN HAZIRLIĞINA BAŞLAYIB

NATO ölkələrinin müdafiə nazirləri alyansın Rusiyaya qarşı quruda, səmada, dənizdə və kiberməkanda müdafiəsi üçün genişləndirilmiş planlar hazırlamağa başlayıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq martın 16-da müdafiə nazirlərinin görüşündən sonra bəyan edib.

Baş katibin sözlərinə görə, NATO kollektiv mühafizə tədbirlərinə yenidən baxmalı, alyansın şərq hissəsində qüvvələrini artırmalıdır.

Eyni zamanda, Yens Stoltenberq qeyd edib ki, alyans ölkələri yekdilliklə Ukraynada qüvvələr yerləşdirməməli olduğunu düşünür, lakin rəsmi Kiyevə hərbi və maliyyə yardımının davam etdirilməsinə qərar verilib.

Yens Stoltenberq həmçinin bildirib ki, gələn həftə baş tutacaq NATO sammitində Ukraynadakı münaqişənin alyansın müdafiəsi üçün uzunmüddətli təsirləri nəzərdən keçiriləcək.

 

ENERJİ BÖHRANI DÜNYANIN NEFTƏ OLAN TƏLƏBATINI AZALDA BİLƏR

Beynəlxalq Enerji Agentliyi  hazırkı enerji böhranının dünyanın neftdən uzaqlaşmasını sürətləndirə biləcəyini ehtimal edir. Bu barədə “APA” Beynəlxalq Enerji Agentliyinin hesabatına istinadən xəbər verib.

“Mövcud böhran enerji bazarları üçün böyük çağırışlar yaradır, eyni zamanda, imkanlar da təqdim edir. Əslində, iqtisadi və enerji təhlükəsizliyi amillərinin birləşməsi neftdən uzaqlaşma üçün real şərait yarada bilər”, - deyə hesabatda qeyd olunur.

Bununla yanaşı, hesabata əsasən, hökumətlərin və istehlakçıların qısa müddətdə neftə olan tələbatını azaltmaq və bununla da gərginliyin səngiməsi üçün edə biləcəyi konkret tədbirlər var.

Həmçinin hesabatda vurğulanır ki, Beynəlxalq Enerji Agentliyi həftə ərzində bunu necə etməsi barədə öz tövsiyələrini təqdim edəcək.

 

RUSİYADA “INSTAGRAM”IN ANALOQU HAZIRLANIB

Rusiyada martın sonunadək “Instagram” sosial şəbəkəsinin analoqu işə salınacaq. “Trend” agentliyinin məlumatına görə, bunu rusiyalı mütəxəssis Aleksandr Zobov qeyd edib.

Eyni zamanda, mütəxəssis bildirib ki, “Rossqram” adlı yeni sosial şəbəkənin martın 28-də işə düşməsi planlaşdırılır. İlkin mərhələdə sosial şəbəkə məhdud sayda bloqer üçün əlçatan olacaq.

Verilən xəbərə əsasən, aprel ayında isə bütün istifadəçilər “Rossqram”a daxil ola biləcək.

Bununla yanaşı, bildirilir ki, hazırda layihənin müəllifləri “Instagram” məlumatlarının yeni sosial şəbəkəyə köçürülməsi üzərində işləyir.

 

PUTİN SOSİAL-İQTİSADİ TƏDBİRLƏR HAQDA FƏRMAN İMZALAYIB

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasında sosial-iqtisadi sabitliyin təmin edilməsi və əhalinin müdafiəsi tədbirləri haqqında” fərman imzalayıb. “APA”nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Putin regionların rəhbərliyindən sosial-iqtisadi sabitliyi təmin etmək üçün kompleks tədbirlər görməyi tələb edib.

“Rusiya Federasiyasının təsis qurumlarının yüksək vəzifəli şəxsləri müvafiq ərazilərin coğrafi xüsusiyyətlərini nəzərə alaraq, sosial-iqtisadi sabitliyin təmin edilməsi üçün kompleks tədbirlər görsünlər”, -  deyə Kremlin dərc etdiyi prezidentin fərmanının mətnində qeyd olunur.

Eyni zamanda, Kremlin mətbuat xidməti xəbər verir ki, Vladimir Putin çətin vəziyyətə düşmüş müxtəlif kateqoriyadan olan Rusiya vətəndaşlarına zərurət yarandığı təqdirdə nağd ödənişlər etmək üçün dəstək tədbirləri görməyə də göstəriş verib.

 

TOKAYEVDƏN KONSTİTUSİYA MƏHKƏMƏSİNİN YARADILMASI TƏKLİFİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə Konstitusiya məhkəməsinin yaradılması  barədə təklif  irəli sürüb. “Trend”in məlumatına görə, o, bu təkliflə parlamentin hər iki palatasının ümumi iclasında çıxışı zamanı bəyan edib.

Prezident bildirib ki, ölkənin baş prokuroru və insan hüquqları üzrə müvəkkili Konstitusiya məhkəməsinə müraciət etmək hüququna malik olmalıdır.

Bununla yanaşı, Tokayev Qazaxıstanda qanunların qəbulu zamanı parlamentin üst palatası olan Senatın yalnız Məclis tərəfindən qəbul olunan qanunları təsdiq edib və ya etməmək səlahiyyətini nəzərdə tutan qanun layihəsinin yaradılmasını təklif edib. Hazırda ölkədə parlamentin hər iki palatası qanun qəbul etmək hüququna malikdir.

Xatıraladaq ki, Qazaxıstanda Konstitusiya məhkəməsi 1991-ci ilin dekabrında təsis edilmişdir. 1995-ci ilin avqustunda respublikanın yeni konstitusiyası qəbul edilmiş və Konstitusiya Şurası yaradılmışdır. Nəticədə Konstitusiya məhkəməsi ləğv edilmişdir.

 

AVROPA MƏRKƏZİ BANKI RUSİYALI MÜŞTƏRİLƏRİ NƏZARƏTƏ GÖTÜRÜB

Avropa Mərkəzi Bankı bəzi banklara Avropa İttifaqı rezidentləri də daxil olmaqla, bütün rusiyalı və belaruslu müştərilərinin əməliyyatlarını yoxlamağı və nəzarətə götürməyi tapşırıb. “APA”nın məlumatına görə, bu tapşırıq sözügedən müştəriləri öz hesablarından istifadə edərək Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarından yan keçmək üçün istifadə edilməməsini təmin etmək məqsədilə verilib. Bu, o deməkdir ki, depozit və kredit portfelləri artırması gözlənilən on minlərlə rusiyalı və belaruslu müştərilər hazırda banklar tərəfindən sıx nəzarətə götürülüb.

Məlumata əsasən, banklarda əsas narahatlıq doğuran məqam ondan ibarətdir ki, onların müştəriləri tərəfindən sanksiyaya məruz qalan qurumlar ilə əməliyyatları həyata keçirilsə bankların özü də yüksək məbləğdə cərimə oluna bilər.

 

İRANDA İLAXIR ÇƏRŞƏNBƏDƏ 17 NƏFƏR ÖLÜB, MİNDƏN ÇOX İNSAN YARALANIB

İranda İlaxır çərşənbə adətlərinin icrası nəticəsində 17 nəfər həlak olub, 1000-dən çox insan isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. “Report”un verdiyi xəbərə əsasən, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, minlərlə insan xəsarət alıb: 92 nəfər ətraf orqanlarını itirib, 470 nəfər gözündən yaralanıb, 540 nəfər isə yanıb.

Eyni zamanda, ilkin araşdırmaya əsasən, hadisələrə səbəb fişəng və başqa pirotexnikaların partlaması göstərilib.

Qeyd edək ki, İranda hər il İlaxır çərşənbə zamanı insan itkisi və xəsarət alanlar olur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.