DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ YUNANISTANIN TƏXRİBATI İLƏ BAĞLI NATO-YA MÜRACİƏT EDƏCƏK

Türkiyə Egey və Aralıq dənizinin şərqində vəzifə uçuşu həyata keçirən qırıcılarına Yunanıstanın “S-300” hava hücumundan müdafiə sistemi ilə reallaşdırılan təzyiqlərin radar qeydlərini NATO-ya təqdim etməyə hazırlaşır. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, Aralıq dənizində beynəlxalq hava məkanında missiya uçuşları həyata keçirən Türkiyənin “F-16” qırıcıları avqustun 23-də Krit adasında yerləşdirilən “S-300” tərəfindən sıxışdırılıb. Belə ki, “S-300” sisteminin hədəf izləmə və raket yönləndirmə radarı missiya uçuşu edən “F-16”ya yer-hava raketi ilə kilidlənib.

Bununla yanaşı, qeyd olunur ki, Yunanıstan hərbi rəsmiləri isə NATO-nun Müdaxilə Qaydalarında “düşmən hərəkəti” kimi təsvir edilən davranışı inkar etməyi üstün tutublar. Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan hakimiyyətinin təkzibi əsasında hərəkətə keçib.

Məlumata görə, müttəfiqlik ruhu ilə üst-üstə düşməyən qırıcılara qarşı təxribatın radar görüntüləri qeydə alınıb. Görüntülərin Alyansa üzv ölkələrin müdafiə nazirliklərinə, xüsusilə də NATO Baş Katibliyinə göndərilməsinin planlaşdırıldığı vurğulanır.

 

BMT BAŞ ASSAMBLEYASININ 77-CI SESSİYASI SENTYABRDA ÖZ İŞINƏ BAŞLAYACAQ

BMT Baş Assambleyasının 77-ci sessiyası sentyabrın 12-də Nyu-York şəhərində öz işinə başlayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, həmin gün Baş Assambleyanın hazırkı rəhbəri Abdulla Şahid 76-cı sessiyaya yekun vuracaq.

Məlumata əsasən, BMT Baş Assambleyasının 77-ci sessiyasına macarıstanlı diplomat Çaba Quereşi sədrlik edəcək. Dövlət başçılarının iştirak etdiyi yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

Eyni zamanda, verilən xəbərə görə, BMT-də sentyabrın 16-17-də təhsilin transformasiyası sammiti keçiriləcək. Sammit çərçivəsində Gənclər Bəyannaməsinin və BMT baş katibinin təhsildə islahatların perspektivləri ilə bağlı bəyanatının qəbul edilməsi gözlənilir.

 

BRITANIYADA DÜNYANIN ƏN BÖYÜK KÜLƏK ELEKTRİK STANSİYASI İŞƏ SALINIB

Böyük Britaniyada dənizdə dünyanın ən böyük külək elektrik stansiyası tam həcmdə işə başlayıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə ölkənin baş naziri Boris Conson özünün “Twitter” səhifəsində qeyd edib.

Bildirilir ki, “Hornsea 2” adlı elektrik stansiyası Şərqi Yorkşir qraflığının sahilindən 90 kilometr şərqdə, Şimal dənizində fəaliyyət göstərir.

Eyni zamanda, verilən xəbərə əsasən, 165 turbindən ibarət olan külək elektrik stansiyası 1,3 milyon evi elektrik enerjisi ilə təmin etmək gücündədir.

Məlumat üçün qeyd edək ki, 2021-ci ildə bərpa olunan enerji mənbələri Böyük Britaniyanın elektrik enerjisi tələbatının 40 faizini təmin edib.

 

ABŞ-DA MEYMUNÇİÇƏYİ VIRUSUNDAN İLK ÖLÜM FAKTI QEYDƏ ALINIB

ABŞ-da meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb. “Report” agentliyinin “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, Texasda meymunçiçəyi xəstəsinin ölümü təsdiqlənib və bu hadisə ABŞ-da virusa yoluxduqdan sonra ilk ölüm hadisəsidir.

Eyni zamanda, ölkənin səhiyyə rəsmilərinin bildirdiyinə görə, ölən Harris dairəsinin sakini olub və bu şəxsdə virusdan əlavə müxtəlif ağır xəstəliklər müşahidə edilib.

Məlumata görə, dünyada meymunçiçəyi virusundan azı 15 ölüm faktı qeydə alınıb. Hazırda ABŞ-da 18101 yoluxma halı ilə ən böyük epidemiya yaşanır.

Qeyd edək ki, meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən vəhşi heyvanlardan insanlara ötürülür. Onun əlamətləri sırasına hərarət, başağrısı, əzələ və bel ağrısı, titrəmə və yorğunluq daxildir. Həmçinin üzdə və bədənin digər hissələrində müxtəlif səpkilər də müşahidə olunur.

 

İRAQ PREZİDENTİ SEÇKİLƏRİ BÖHRANDAN ÇIXIŞ YOLU ADLANDIRIB

İraqın Nümayəndələr Şurasına növbədənkənar seçkilərin keçirilməsi ölkədə formalaşmış siyasi böhrandan çıxış yolu olacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İraq prezidenti Bərham Saleh milli televiziya ilə çıxışı zamanı bəyan edib.

“Növbədənkənar parlament seçkilərinin milli maraqlara uyğun keçirilməsi ölkədəki böhrandan çıxış yoludur”, - deyə prezident vurğulayıb. Onun sözlərinə görə, hazırda İraqda baş verənlər hökumət sistemi və onun vəziyyəti dəyişdirə bilməməsi ilə bağlı dərin siyasi böhrandır.

Eyni zamanda, qeyd olunur ki, İraqın baş naziri Mustafa Əl-Kazımi ölkədə siyasi vəziyyətin pisləşəcəyi təqdirdə vəzifəsini tərk edəcəyini bildirib. Baş nazir İraq xalqına müraciətində deyib: “Əgər ölkədə siyasi vəziyyət pisləşərsə, mən İraqın baş naziri vəzifəsindən istefa verdiyimi vaxtında elan edəcəyəm”.

Qeyd edək ki, siyasətdən getdiyini açıqlayan şiə imamı Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”da etiraz aksiyaları keçirib.

 

RESPUBLİKAÇILAR BAYDENƏ İMPİÇMENT ELAN ETMƏYƏ HAZIRLAŞIR

ABŞ-ın Respublikaçılar Partiyası noyabrda ölkədə keçiriləcək aralıq seçkilərdən sonra prezident Cozef Baydenə qarşı impiçment elan etməyə hazırlaşırlar. “Teleqraf.com”un verdiyi xəbərə görə, bir neçə mühafizəkar Konqresə prezidentə qarşı impiçment maddələri təqdim ediblər.

Məlumata əsasən, respublikaçılar Cozef Baydeni sərhəd nəzarəti, koronavirus pandemiyası və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması da daxil olmaqla bir sıra məsələlərə yanaşmasını ağır cinayətlər hesab edirlər.

Eyni zamanda, respublikaçıların qarşıdan gələn seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanacağı gözlənilir. Həmçinin bildirilir ki, mühafizəkarlar uyğun olmayan lider kimi gördükləri prezidenti devirmək üçün potensial yeni səlahiyyətlərindən istifadə etmək istəyirlər.

Qeyd edilir ki, əgər bu baş verərəsə Cozef Bayden ABŞ tarixində impiçmentlə üzləşən beşinci dövlət başçısı olacaq.

 

İSPANİYADA TENNİS TOPU BÖYÜKLÜYÜNDƏ DOLU YAĞIB

İspaniyanın şimal-şərqindəki Kataloniya muxtar əyalətinin Jirona şəhərində tennis topu böyüklüyündə dolu yağıb. “Trend” agentliyinin məlumatına görə, hadisə nəticəsinə aldığı xəsarətlərdən 2 yaşlı uşaq dünyasını dəyişib, daha 29 nəfər isə yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, bildirilir ki, dolu yağışı bir sıra tikililərə və avtomobillərə ciddi şəkildə ziyan vurub.

Mütəxəssislərin sözlərinə əsasən, bu, Kataloniya bölgəsində son 20 il ərzində qeydə alınan ən böyük dolu yağışı olub.

Xatırladaq ki, tarixdə məlum olan ən şiddətli dolu 1888-ci ildə Hindistanın Moradabad şəhərində olmuş və portağal böyüklüyündə buz parçaları səbəbiylə təxminən 250 adam həlak olmuşdur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.