DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RIŞI SUNAK BAŞ NAZIR VƏZIFƏSININ ICRASINA BAŞLAYIB

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak oktyabrın 25-də vəzifəsinin icrasına başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “BBC” məlumat yayıb.

Bildirilir ki, yeni baş nazir oktyabrın 25-də Bukinqem sarayında kral III Çarlzla görüşüb. Ənənəyə əsasən, monarx görüşdə baş nazirə hökuməti qurmağı tapşırıb. Qeyd edək ki, kral III Çarlz Rişi Sunakla görüşdən əvvəl keçmiş baş nazir Liz Trassın istefasını qəbul edib.

Rişi Sunak oktyabrın 24-də Mühafizəkarlar Partiyasının sədri, eyni zamanda, hökumətin başçısı seçilib. O, ölkənin ciddi iqtisadi problemlərlə qarşılaşdığına dair xəbərdarlıq edib və vicdanla çalışacağına söz verib. Leyboristlər, Şotlandiya Milli, Liberal Demokrak və Yaşıllar partiyalarının çağırışlarına baxmayaraq, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edib.

Mütəxəssislərin fikrincə, yeni baş nazirin qarşısında Britaniyanın son 40 ildə üzləşdiyi ən yüksək inflyasiyaya qarşı mübarizə aparmaq və Mühafizəkarlar Partiyası daxilində birliyə nail olmaq kimi mühüm vəzifələr durur.

 

YAIR LAPID: İSRAIL MÜHÜM QAZ TƏDARÜKÇÜSÜNƏ ÇEVRILƏCƏK

İsrailin baş naziri Yair Lapid ölkəsinin yaxın gələcəkdə mühüm qaz tədarükçüsü olacağını bəyan edib. “TRT” telekanalının məlumata görə,  Lapid rəsmi görüşlər keçirmək üçün İsrailə səfərə gələn Niderlandın baş naziri Mark Rütte ilə paytaxt Tel-Əvivdə bir araya gəlib.

“İsrail yaxın gələcəkdə Avropanın ən mühüm qaz tədarükçüsünə çevriləcək. Həmçinin “yaşıl” enerji və bərpa olunan enerji üçün orta və uzunmüddətli həllər tapmaq üçün birlikdə çalışmalıyıq”, - deyə Yair Lapid vurğulayıb.

Eyni zamanda, görüş zamanı iki baş nazir iqlim və süni intellekt daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması yollarını, həmçinin İsrail və Avropa arasında enerji əməkdaşlığını müzakirə ediblər.

Bununla yanaşı, İran məsələsinə və İrandakı etirazlara toxunulan görüşdə Yair Lapid “əsas haqları uğrunda mübarizə aparan iranlı qadınları təqdir etdiyini” ifadə edib.

Qeyd edək ki, İsrailin baş naziri görüşdən əvvəl verdiyi bəyanatda cümə axşamı Livanla dəniz sərhədinə dair tarixi müqavilənin imzalanacağını açıqlayıb.

 

KXDR-IN NÜVƏ SINAQLARINA HAZIRLIĞI BAŞA ÇATDIRDIĞI EHTIMAL OLUNUR

Cənubi Koreya prezidenti Yun Sok Yeol KXDR hakimiyyətinin növbəti nüvə sınağına ehtimal olunan hazırlığı başa çatdırması ilə bağlı çıxış edib. Bu barədə “Report” agentliyi “YTN” telekanalına istinadən məlumat yayıb.

“Şimali Koreya təkcə nüvə silahının profilaktik istifadəsinin mümkünlüyünü açıq şəkildə bəyan etməyib, həm də onun yeddinci nüvə sınağına hazırlığı artıq başa çatdırdığı güman edilir”, - deyə Cənubi Koreya lideri Milli Assambleyada çıxışı zamanı vurğulayıb.

Prezidentin sözlərinə görə, Şimali Koreya təhlükəli təxribatlara, o cümlədən misli görünməmiş şəkildə ballistik raket buraxılışlarına davam edir. “Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və beynəlxalq ictimaiyyətə meydan oxuyur”, - deyə dövlət başçısı əlavə edib.

Eyni zamanda prezident, rəsmi Pxenyanla danışıqlardan imtina etmədiklərini diqqətə çatdırıb: “Şimali Koreya nüvəsizləşdirmənin lehinə qərar verərsə, danışıqlar masasına oturarsa, o zaman biz “cəsarətli plana” uyğun olaraq siyasi və iqtisadi yardım göstərəcəyik”.

 

AVROPADA TƏBII QAZIN QIYMƏTI UCUZLAŞIB

Avropada təbii qazın qiyməti iyunun əvvəlindən etibarən ilk dəfə min kubmetr üçün 950 dollar həddindən aşağı düşüb. Bu barədə “Trend” agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə əsasən, Niderlandın “TTF” habında təbii qazın noyabr fyuçersləri oktyabrın 25-də 942 dollaradək ucuzlaşıb. Bildirilir ki, gün ərzində ucuzlaşma 6 faizdən çox təşkil edib.

Məlumata görə, təbii qazın ucuzlaşması Avropada yeraltı qaz anbarlarının 93 faizdən çox dolması, eləcə də elektrik enerjisi istehsalında külək enerjisinin payının artması ilə əlaqələndirilir.

Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetri 2900 dollara qədər bahalaşmışdı.

 

İRANDA HƏBS OLUNAN ETIRAZÇILARIN MƏHKƏMƏSI KEÇIRILIR

İranda nümayişlər zamanı həbs olunanların məhkəməsi başlayıb. “TRT”nin İran Dövlət Televiziyasının xəbərinə istinadən verdiyi məlumata görə, paytaxt Tehranda mətbuat konfransı keçirən Ədliyyə  Nazirliyinin sözçüsü Məsud Setayeşi etirazlar zamanı həbs olunan nümayişçilərə qarşı ittihamnamələrin hazırlandığını bildirib.

“Bütün ölkədə məhkəmə prosesləri başlayıb. İttihamnamələr məhkəmələrə göndərilib. Cinayət törədənlər, insanların hüquqlarını pozanlar bilməlidirlər ki, məhkəmə onları ən ağır şəkildə cəzalandıracaq”, - deyə mətbuat katibi vurğulayıb.

Etirazlara təhrik və casusluq ittihamı ilə ölkədə həbs edilən iki Fransa vətəndaşının vəziyyəti ilə bağlı suala cavab verən Məsud Setayeşi bildirib ki, “bu mühüm məsələ üçün gərgin istintaq aparılmalıdır”.

Bununla yanaşı, mətbuat katibi sözügedən istintaq çərçivəsində fransız məhbuslarla əlaqəsi müəyyən edilən digər şəxslərin də həbs edildiyini açıqlayıb.

 

AVROPADA ENERJI BÖHRANI SƏBƏBINDƏN YAŞAYIŞ XƏRCLƏRI ARTACAQ

Enerji böhranı səbəbindən Avropa ölkələrində yaşayış xərcləri 2022-ci ildə 7 faiz, gələcəkdə isə 9 faiz artacaq. “Report”un verdiyi xəbərə görə, bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) dərc olunmuş Avropadakı iqtisadi vəziyyətə həsr olunmuş regional hesabatında yer alıb.

Məlumata əsasən, yanacağın qiymətlərinin artması xüsusən də öz fəaliyyətlərində çoxlu enerji istehlak edənlər üçün böyük problemlər yaradır.

“Bir çox Avropa firması artıq gübrə, şüşə, polad və alüminium kimi sektorlarda malların buraxılışını məhdudlaşdırıb və ya məhdudlaşdırmağı planlaşdırır ki, bu da dəyər zəncirlərində əlavə qiymət artımlarına səbəb ola bilər”, - deyə hesabatda bildirilir.

Qeyd olunub ki, son vaxtlara qədər Avropa İttifaqına enerji resurslarının ən böyük tədarükçüsü olan Rusiyadan təbii qaz idxalı praktiki olaraq dayandırılıb və bu qitəni enerji böhranına sürükləyib.

 

DÜNYADA KORONAVIRUSA YOLUXMA HALLARINDA ARTIM MÜŞAHIDƏ EDILIR

Dünyada həftə ərzində koronavirusa yoluxma hallarının sayı 3,1 milyon nəfər artıb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,1 milyon nəfər çoxdur. “Report”un verdiyi xəbərə görə, bu, “TASS” agentliyinin hesablamalarına əsasən məlum olub.

Bildirilir ki, virusa yoluxma halları on həftəlik azalmadan sonra ardıcıl üçüncü həftədir ki, artır. Ən yüksək yoluxma Avropada qeydə alınıb. Birinci yerdə hər gün təxminən 120 min insana koronavirus diaqnozu qoyulan Almaniyadır. Lakin bu, bir həftə əvvəlkin göstəricidən 15 faiz azdır.

Eyni zamanda, Fransada koronavirusa yoluxma yüksək səviyyəyə çatıb. Üçüncü həftədir ki, ölkədə gündə təxminən 60 min yeni yoluxma faktı aşkarlanır. Həmçinin Yunanıstan və İsveçrədə yoluxma faktları hələ də yüksək olaraq qalmaqdadır.

Asiya və Amerikada isə yoluxanların sayında ciddi azalma müşahidə olunur. Belə ki, ABŞ-da mart ayından bəri ilk dəfə olaraq gündə 20 mindən az yoluxma aşkar edilib. Meksikada da rəqəmlər yaz minimumuna düşüb. Braziliyada isə infeksiyanın yayılma sürəti aktiv şəkildə azalıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.