Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Petronas qüllələri

Müasir memarlığın şah əsəri olan dünyanın ən hündür əkiz qüllələri Malayziyanın Kuala Lampur bölgəsində inşa olunub. Nəhəng göydələnlər argentinalı memar Sezar Pelli tərəfindən 1998-ci ildə layihələndirilmişdir. İslam memarlıq üslubunda hazırlanan və polad karkasa malik şüşədən ibarət olan Petronas qüllələri zəlzələ və ildırımlara qarşı olduqca dayanıqlı dizayna malikdir. İlkin mərhələdə geoloqlar tərəfindən torpağın tədqiqi zamanı məlum olub ki, planlaşdırılan işlənmə sahəsi qaya və yumşaq əhəngdaşı üzərində yerləşdiyindən, belə nəhəng qüllələr tikildikdən sonra bu ərazi təhlükə altında olaraq hər an çökə bilər. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün tikinti sahəsi bir qədər irəli çəkilib.  

800 milyon dollara başa gələn əkiz qüllələrin hündürlüyü 450 metrə çatır. Quruluş təkcə əhəmiyyətli hündürlüyü ilə deyil, həm də tərtibatının mürəkkəbliyi ilə xarakterizə olunur.  Ölçüsü ilə diqqəti cəlb edən göydələnlərin hər iki binasının sahəsi 213 min kvadratmetrdir ki, bu da 48 futbol meydançasının ölçüsünə bərabərdir. 88 mərtəbədən ibarət qüllələr 20 hektar ərazini əhatə edir. 42-ci mərtəbə səviyyəsində olan  hər iki bina hava körpüsü ilə birləşdirilir. Bu, yalnız yanğın təhlükəsizliyini təmin etmir, həm də binanın ümumi etibarlılığına təsir göstərir. Körpü ikimərtəbəlidir və uzunluğu 58 metrə çatır. İslamın rəmzi olan səkkizguşəli ulduz şəklində inşa olunan binaları birləşdirən şüşə körpü «səma körpüsü» adlanır və 170  metr hündürlükdə yerləşir. Müşahidə göyərtəsi rolunu oynayan körpüdən şəhərin valehedici mənzərəsini seyr etmək mümkündür. Qüllələrin hər birində iyirmi doqquz ədəd ikimərtəbəli lift quraşdırılıb, onların ümumi tutumu 52 nəfərdir.

Hər gün yüzlərlə insan göydələnləri ziyarət etmək üçün bu məkana üz tutur. Turist axını o qədər böyükdür ki, rəhbərlik binaları ziyarət etmək üçün hətta müəyyən məhdudiyyətlər də qoymalı olub. Dünyanın ən hündür göydələnləri arasında 4-cü yerdə olan Petronas qüllələri ölkənin qədim mədəniyyətini və geniş imkanlarını təcəssüm etdirərək müasir Malayziyanın simvoluna çevrilib.

 

«Qitara» binası

Florida ştatının Hollivud şəhərində dünyanın ilk gitara formalı binası inşa olunub.  Klai Juba Wald Architecture idarəsi tərəfindən hazırlanan və Hard Rock International şirkətinin simvolu olan binanın açılışı  2019-cu il oktyabrın 24-də baş tutub. Tez bir zamanda ölkənin ən çox ziyarət edilən məkanına çevrilən qeyri-adi bina otel kimi istifadəyə verilib.

Otel binası  hər tərəfdən 2,3 milyon LED lampa ilə işıqlandırılır və axşamlar binanın fasadında musiqiyə reaksiya verən, LED-lərin rəngini və işıqlandırmasını dəyişən dinamik işıq şousu göstərilir. «Ağıllı» LED-lər musiqi altında parıltının rəngini və intensivliyini dəyişdirir. Dinamik interaktiv işıqlandırma sayəsində otel bir neçə kilometr məsafədən aydın görünür. Nəhəng musiqi alətinin dizaynı elə hazırlanıb ki, sanki gitaranın qalan hissəsi buludların arxasında gizlənib. 

36 mərtəbədən ibarət “musiqi aləti”nin hündürlüyü 137 metrdir. Binanın  daxilində  638 otel otağı olmaqla, barlar, restoranlar, istirahət zonası və 7000 nəfərlik konsert zalı da fəaliyyət göstərir.

Unikal formada olan otel binası təkcə musiqi deyil, həm də memarlıq və dizayn həvəskarlarının da diqqətini cəlb edir.

 

«Meşə spiralı» evi

Almaniyanın Darmstadt bölgəsində inşa olunan  «Meşə spiralı» evi öz formasına və fasadının bəzədilməsinə görə dünyanın ən qeyri-adi yaşayış binalarından biridir. Layihənin müəllifi məşhur avstriyalı rəssam və memar Fridensrayx Xundertvasserdir. Binanın tikintisi 1998-ci ildə başlamış və iki il davam etmişdir. Təbiətdən ilhamlanan rəssamın bu layihəsində bir dənə də olsun təsadüfi element yoxdur. Assimmetrik formada inşa olunan ev geniş terrasları, təbii bitkilərin bolluğu və soğana bənzəyən nəhəng günbəzləri ilə hər kəsin diqqətini cəlb edir.  

Eyni ölçüdə və formada pəncərələrin olmaması binaya  xüsusi  unikal görünüş bəxş edir. Ümumilikdə yaşayış kompleksinin fasadında 1048 pəncərə saymaq olar. Evin interyerində belə heç bir otaq bir-birinə bənzəmir. «Meşə spiralı»nın əsas konsepsiyası təbiət və şəhər mühitinin vəhdətidir: binanın damında fıstıq, ağcaqayın və digər ağac və kollar bitir, həyətdə isə qurbağaların və balıqların yaşadığı kiçik su anbarı var. İlbiz formasında spiralvari burulan 12 mərtəbəli bina  sözün əsl mənasında yaşıllığa qərq olub. 105 rahat mənzilin yerləşdiyi yaşayış kompleksinin mərkəzində gur bağçası olan gözəl həyət var. Burada sıx ağaclıqlar arasında restoran və kokteyl barı fəaliyyət göstərir. Bundan əlavə, həyətdə uşaqlar üçün bir neçə oyun meydançası və süni gölməçələr, gözəl istirahət guşələri quraşdırılıb. Yaşayış kompleksində bir neçə  aptek də fəaliyyət göstərir.

Yaşayış evinə baxmaq istəyən turistlər ev sahiblərindən icazə alıb bu maraqlı bina ilə tanış olur və şəkillər çəkdirirlər.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».