SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Parkinsondan qorunmaq istəyirsinizsə...

Kvins Universitetinin alimləri Parkinson xəstəliyinin qarşısının alınması istiqamətində araşdırma aparıblar. Elm adamları sözügedən xəstəliyin riskini 22-25 faiz azalda bilən qidaları müəyyən edərək yeni dieta növü tərtib ediblər. Bundan əlavə, aparılan araşdırmaların nəticələri göstərib ki, zərərli və ya düzgün qidalanmamaq parkinson riskini artırır.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, elm adamları Birləşmiş Krallığın biobankında olan 126 min insanın sağlamlıq məlumatını analiz ediblər. Onlardan 24 saat ərzində hansı ərzaqları qəbul etdikləri soruşulub. 11 il ərzində bu insanların 577 nəfərində Parkinson xəstəliyi aşkarlanıb. Gündəlik qida rasionunda daha çox bitki tərkibli qidalara üstünlük verən iştirakçılarda sözügedən xəstəliyə az rast gəlinib.

Mütəxəssislər belə qənaətə gəliblər ki, qeyri-sağlam qidalanma Parkinson riskini 38 faiz artırır. Bundan əlavə, alimlər süd məhsulları ilə Parkinson arasında əlaqənin olmadığını müəyyən ediblər. Gündəlik qida rasionunda daha çox meyvə-tərəvəz, çay və çərəzlərə üstünlük verənlərdə xəstəliyin simptomları müşahidə olunmayıb.

Məlumat üçün qeyd edək ki, Parkinson (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. Bu xəstəlik dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində baş verir. Beyində dopamin istehsal edən hüceyrələr hərəkətlərin idarə edilməsi, harmoniya və axıcılığını təmin edir. Hərəkətlərdə yavaşlama, titrəmə, psixiatrik pozğunluqlarla özünü göstərən xəstəlik daha çox 60 yaşdan sonra insanlarda müşahidə edilir. Xəstəliyin dəqiq müalicəsi hələ ki, yoxdur.

Gündə bir kasa qatıq görün nələrə qadirdir

Qatığın tam bir vitamin və mineral anbarı olması hər kəsə məlumdur. Bu ağartı məhsulu sümük və əzələ sağlamlığı üçün vacib qidalardandır.

Qatığın ən vacib xüsusiyyəti həzmə kömək etməsidir. Onun tərkibindəki probiotiklər sağlamlıq üçün çox əhəmiyyətlidir. Bu səbəbdən də həzmi asanlaşdırmaq və bağırsaq problemlərini aradan qaldırmaq üçün gündəlik qida rasionunda qatıqdan istifadə etmək tövsiyə edilir. Bu qida eyni zamanda immunitet sistemini də gücləndirir. Çünki qatıqda olan bakteriyalar bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Başqa sözlə desək, qatıq soyuqdəymə və mədədə olan viruslardan qorumağa kömək edir.

Qatıq həmçinin xolesterol səviyyəsini aşağı salmaqla ürək sağlamlığı üçün də faydalıdır. Tədqiqatlar sübut edib ki, süd məhsullarının qəbulunu artırmaq yüksək qan təzyiqinin inkişaf riskini azalda bilər. Balanslaşdırılmış pəhrizin bir hissəsi kimi müntəzəm qatıq istehlakı xəstəlik riskini 30 faiz aşağı salır. Gündə 2-3 boşqab az yağlı qatıq və ya ümumi olaraq süd məhsullarından hər hansı birini yemək yüksək təzyiqi aşağı salmağa kömək edir. Bundan əlavə, qatıq həmçinin piylənmənin qarşısını almaq və arıqlamaq istəyənlər üçün də əla seçimdir. Belə ki, məhsulun tərkibindəki zülal gün ərzində orqanizmə toxluq hissi verir. Bir porsiya az yağlı qatıq 14 qrama qədər protein təmin edə bilər ki, bu da aclıq hormonlarını azaltmaq üçün kifayət edir.

Soyuqdəymə zamanı bunları içməyin

Adətən soyuqdəymə və respirator xəstəliklər zamanı həkimlərin nə qədər çox maye qəbul etsək, bir o qədər tez sağalarıq tövsiyəsini eşidirik. Lakin bu o demək deyil ki, nə gəldi içə bilərik. Bəs belə bir problemlə qarşılaşdıqda hansı içkiləri qəbul edək?

İlkin olaraq qeyd edək ki, bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizmi olan tərləməni işə salır. Güclü tərləmə nəticəsində orqanizmdə susuzlaşma yaranır. Susuzluq insanın bütün orqanları üçün çox ziyanlıdır. Bu səbəbdən də xəstə daim maye itkisini bərpa etməlidir. Digər tərəfdən isə xəstəlik zamanı maye orqanizmdə əmələ gələn toksinlərin çıxmasını sürətləndirir ki, nəticədə xəstənin vəziyyəti yüngülləşir və o, daha tez sağalır. Bundan əlavə, xəstəlik zamanı burun, boğaz, nəfəs yollarının selikli qişasının daim nəm olması çox vacibdir.

Çünki selikli qişalar immun sisteminin "ön cəbhəsi" hesab edilir. Selikli qişalara düşən virus və mikroblar orada məhv olur. Susuzlaşma zamanı orqanizm kifayət qədər maye ilə təmin olunmadıqda selikli qişalar normal fəaliyyət göstərə bilmir və bu da sağalmanı ləngidir.

Xəstəlik zamanı maye ilıq (nə soyuq, nə də isti) və bir qədər turş olmalıdır. Şirin içkiləri (şirələr və s.) qəbul etmək tövsiyə edilmir. Aparılan araşdırmalarla sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır. Çay, qəhvə, bir çox ot çayları, spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malik olduğundan susuzlaşmanı daha da artırır. Beləliklə, soyuqdəymə zamanı və respirator xəstəliklərə yoluxduqda bunları içə bilərsiniz: limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular (müalicəvi sular istisna olmaqla), itburnu dəmləməsi, ballı zəncəfil qarışımı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su.

Bu yağ piylənməyə səbəb olurmuş

Braziliyalı elm adamları indiyə qədər faydalı bildiyimiz kokos yağının təhlükəli olduğunu ortaya çıxarıblar. Belə ki, Campinas Universitetinin tədqiqatçıları kokos yağının piylənməyə səbəb ola biləcəyini müəyyən ediblər. Bu barədə məlumat "Journal of Functional Foods" jurnalında dərc olunub.

Alimlər bu qənaətə siçanlar üzərində bir sıra təcrübələr apardıqdan sonra gəliblər. Səkkiz həftə ərzində gəmiricilərin qida rasionuna 13 qram kokos yağı əlavə edilib. Bu, təxminən bir xörək qaşığına bərabərdir. Təcrübənin sonunda siçanların qida qəbulu, çəki artımı və piy toxumasında əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Həmçinin gəmiricilərin qaraciyərində iltihablı prosesin əlamətləri müəyyən edilib.

Bundan əlavə, toxluq və qan şəkərinə nəzarət edən əsas metabolik hormonlar olan leptin və insulinin funksiyası pozulub. Nəticələr göstərib ki, bu proses yavaş və səssiz olsa da, kokos yağının uzun müddət istifadəsi piylənmə və bununla əlaqəli xəstəliklərin inkişafına kömək edən ciddi metabolik dəyişikliklərə səbəb ola bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".