Şuşaya qədər döyüş yolu keçən qəhrəmanımız
Sosial həyat

Şuşaya qədər döyüş yolu keçən qəhrəmanımız

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgər və zabitlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Zaman-zaman igidlərimizi itirdik Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

44 günlük müharibənin ilk günündən Şuşaya qədər döyüş yolu keçib qəhrəmanımız Elçin Bayram oğlu Alıyev. 16 iyul 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1982-ci ildə Qubadlı rayonunda 1 saylı orta məktəbin 1-ci sinfinə qəbul olunub, 1992-ci ildə isə həmin məktəbin məzunu olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olsa da, Ali Hərbi Məktəbə yerdəyişmə edib. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna daxil olur. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisaslarına yiyələnir.

1997-2005-ci illərdə "N" saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, Artilleriya rəisinin köməkçisi, baş köməkçisi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllim vəzifələrində xidmət edib. Xidməti illərində Silahlı Qüvvələrin 10, 90, 95 illiyi, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, eləcə də "Qüsursuz xidmətə görə" 3-cü və 2-ci dərəcəli medallarına layiq görülmüşdür.

Elçin 2016-cı ilin Aprel döyüşlərində Lələtəpənin azad olunmasında öndə gedən igidlərimizdən biri olub. 2017-ci il aprel ayından öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Təqaüdə çıxmasına baxmayaraq, mayor Elçin Alıyev Vətən müharibəsi başladıqdan sonra 1 oktyabr 2020-ci ildə "N" saylı hərbi hissədən könüllü müharibəyə yollanıb. Döyüş yolu əvvəlcə Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzuli uğrunda döyüşlərə qatılır. Hadrutda, Xocavənddə, Qubadlıda, Şuşada gedən döyüşlərdə fəal iştirak edən igidlərdən biri olur.

Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam edir. 7 noyabr 2020-ci ildə zədə alır. Bir gün yaralı vəziyyətdə döyüşür. 9 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalır. II Fəxri xiyabanda dəfn olunmuşdur.

Üç övladı Vətənə əmanətdir. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

Xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

M.MİRZƏ,

"Respublika".