Yasamal rayonunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir
Sosial həyat

Yasamal rayonunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir

YAP Yasamal rayon təşkilatı və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü Naqif Nəmzəyev, "H.Cavid pr.129" (AMEA Mərkəzi Elmi Kitabxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Nuru Məmmədov, Xocalı sakini Mürvət Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamusayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhid ailələri, Yasamal rayonu üzrə partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

Tədbirdə "H.Cavid pr.129" (AMEA Mərkəzi Elmi Kitabxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev qeyd edib ki, illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm zəfərlərlə şəhidlərimizin qisası alınmışdır. Bu gün Xocalıda üçrəngli bayrağımızın dalğalanması haqq və ədalətin öz yerini tapmasının bariz nümunəsidir.

Çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin növbəti təzahürü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı aktı idi. 1992-ci il 26 fevral tarixi xalqımızın qan yaddaşıdır. Xocalı soyqırımı tək Azərbaycan tarixində deyil, bütün dünya tarixində insanlığa qarşı törədilmiş ən kütləvi qırğınlardan biridir. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən-ilə genişlənir.

Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü Naqif Nəmzəyev bildirib ki, Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Sonra çıxış edənlər Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Nuru Məmmədov, Xocalı sakini Mürvət Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamusayeva faciə haqqında danışıblar.

Tədbirin sonunda xatirə şəkli şəkdirilib.

“Respublika”.