Anım mərasimi
Region

Anım mərasimi

Mənsub olduğu xalqın, gəncliyin gücünü, ləyaqətini, qabiliyyətini, qəhrəmanlığını varlığında yaşadan, doğma yurdu, torpağı uğrunda savaşa atılan, düşməni əzən və məhv edən oğullarla fəxr edirik, polad biləkli igidlərlə həmişə qürur duyuruq. Birinci Qarabağ müharibəsində Ağcabədidən 91 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb. Şanlı qələbə ilə başa çatan Vətən müharibəsində 42 nəfər ağcabədili qəhrəmanlıq və şücaət göstərərək ən ali məqama yüksəlib.

Rayonda şəhidlərin xatirəsi uca tutulur, onların adı əbədiləşdirilir, əziz xatirələrinə abidələr ucaldılır. Şəhid ailələri dövlət himayəsinə götürülüb, onların sosial müdafiəsi gücləndirilir, şəhid əmanətlərinə diqqət və qayğı göstərilir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan şəhidlik statusu almış ağcabədililərin xatirəsinə həsr edilən anım tədbiri keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qəsəbə sakinləri, məktəblilər iştirak ediblər. Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçıları tərəfindən xiyabanda Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan və onların adını əbədiləşdirən abidənin qarşısına gül-çiçək dəstələri düzülüb, qəhrəmanların ruhuna dualar oxunub. Anım mərasimində çıxış edənlər şəhidlərin ömür və döyüş yolu haqqında danışaraq düşmənə qarşı xalqımızın igid övladlarının göstərdikləri şücaətlərindən bəhs ediblər. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin bölmələrinin torpaqlarımızın işğalçılardan azad etməsini çox yüksək qiymətləndiriblər və böyük Zəfərlə bitən Vətən müharibəsində ağcabədili gənclərin igidliyindən söz açıblar. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir qəhrəmanın xatirəsi daim qəlblərdə və yaddaşlarda yaşayacaq.

Salman ALIOĞLU,

"Respublika".