ŞƏHİDİN ORDENİ AİLƏSİNƏ TƏQDİM OLUNUB
Region

ŞƏHİDİN ORDENİ AİLƏSİNƏ TƏQDİM OLUNUB

Baloğlan Əhədli Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda dünyaya göz açıb. Halal, zəhmətkeş bir ailədə böyüyüb ərsəyə çatıb. Üç bacının tək qardaşı idi.

Polis işçisi olmaq, insanların asayişini qorumaq arzusu ilə yaşayırdı. Orta məktəbi bitirib sənədlərini respublika Daxili İşlər Nazirliyinin Polis Akademiyasına vermiş, kifayət qədər bal toplamadığı üçün müsabiqədən keçə bilməmişdi.

2020-ci il yanvar ayının 13-də həqiqi hərbi xidmətə çağırıldı. Beyləqan rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə qulluq edirdi. Nümunəvi əsgər kimi tanınır, bütün tapşırıqları məsuliyyətlə yerinə yetirirdi.

Sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Baloğlan Əhədli əsgər yoldaşları ilə birlikdə silaha sarıldı. Füzuli, Cəbrayıl, Qubadlı istiqamələrində gedən döyüşlərdə, Suqovuşanın azad edilməsində fədakarlıq, cəsarət və şücaət göstərdi.

Şuşanın alınmasında iştirak etmək arzusu ilə döyüşürdü. Arzusuna çatmasına çox az qalırdı. Daşaltı uğrunda döyüşdə ön sıralarda idi. Noyabr ayının 6-da namərd düşmən gülləsi ondan da yan keçmədi. İgid əsgər 19 yaşının tamam olmasına iki ay qalmış şəhidlik zirvəsinə ucaldı. Noyabrın 8-də böyük izdihamla doğma Gəgiran kəndində torpağa tapşırıldı. 

Baloğlan Şakir oğlu Əhədli torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 Şəhidin doğum günündə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ata ocağında valideynlərinə təqdim edilib.

Şəhidin atası Şakir Əhədov övlad itkisinin çətinliyindən danışıb, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə daim hörmət və ehtiram göstərdiklərini vurğulayıb, şəhid valideynlərinin minnətdarlığını ifadə edib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.