GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

RÜBAB ƏMANPUR

1985-ci ildə Ərdəbil şəhərində dünyaya göz açıb. İlk və orta məktəbi doğma şəhərində bitirib. Universitet məzunudur. Rübab Əmanpur özünü dərk edəndən könlünü sözə verib, bir-birindən maraqlı şeir və qəzəlləri ilə dərin oxucu məhəbbəti qazanıb.

 

Ata

Yandırdı bəd-nəzər məni odlarda yanmışam,

Sanki ürəkliyəm başına hey dolanmışam.

 

Könlün şikəstədir, nəfəsində gəraylı var,

Bülbül nəfəsli, rənglərində boyanmışam.

 

Xonçam bu il payızladı, pay həsrət oldu tək,

Paysız qızam payız kimi, səndən utanmışam.

 

Dağ tək tufanda təkcə sən idin dayaq mənə,

Dəhşətli anlarımda sənə daldalanmışam.

 

Səndən sonra bir əl day əlimdən yapışmadı,

Axşamçağı qərib küçədə tək dayanmışam.

 

Səndən sonra özüm də özümdən əl üzmüşəm,

Hicran odundayam ki, ağac tək qalanmışam.

 

Bilməm nədən cəfadən usanmır bu ruzigar,

Məndən alıb səni, odu candan usanmışam.

 

FƏRZAD LEYSİ

Şair Fərzad Leysi tərcüməçi kimi də aktiv fəaliyyət göstərir. O, 1985-ci ildə Təbrizdə doğulub. "Başqan" adı ilə yazıb-yaradan Fərzadın atası Hidayət bəy 1960-70-ci illərdə Təbriz Milli Universitetində çalışıb Fədayi Xəlq Çerik təşkilatının fəallarından olub. Dəfələrlə zindana salınıb. Fərzad 4 yaşı olanda atasını itirib, digər bacı və qardaşları ilə birgə anası Əqdəsin himayəsində böyüyüb.

Şiraz Milli Bilgisayar Universitetinin məzunudur. İlk şeirini on beş yaşında farsca yazsa da, sonradan ana dilində-türkcə yazıb-yaratmağa başlayıb. Bu gün Fərzad Güney Azərbaycan çağdaş - Modern - Postmodern şeirinin barmaqla sayılı önəmli öncül şairlərindən biridir.

 

Payız

Titrətmə düşüb

Canıma

Sümüyüm əsir

Ümidim titrəyir

Baxıram

Hər şey divar

"Şişə çəkib gözlərimi"

Yollar

Ömrüm

Qəbir qazılır yaşama

Dustaq

Biçilir boyuma

Gözlərimi yumuram

Gəlirsən

Qorxa-qorxa baxıram

Bilirsən

Diskinirəm

Uçuxlayan dodağıma

Matik çəkirsən

Bağlı gözlərimə sürmə

Şeytana daş atıram

Yolum

Azadlığa bəzənir.

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 15 və 16 fevral tarixli saylarımızda)

Qoynunda Şeyx Səfi Ələddin, Mahmud Qənizadə, Cabbar bəy Baxcaban, Səid Səlmasi, Nimtac xanım, Mahmud Əşrəfzadə, Həbibüllah Ağazadə, Mahmud Sadıqpur Şami kimi neçə-neçə ünlü sənətkar yetirən, torpağının altı, üstü də qızıl tək qiymətli olan, qədim mədəniyyət beşiyi kimi dünyanın maddi-mədəniyyət irsi siyahısına düşən nadir bir şəhər məhv olmaq, bu şəhərin üzük qaşı olan Urmu gölü isə oraya axan çayların üzərinə suvarma məqsədilə vurulan bəndlər, qazılan saysız-hesabsız quyular üzündən qurumaq üzrədir...

Çox maraqlıdır ki, Urmu gölü dünyanın nadir biosfer qoruqlarından biri kimi UNESCO tərəfindən 1967-ci ildə qeydiyyata alınıb, yəni qoruq elan olunub və UNESCO-nun qərarı ilə qorunan təbii ərazilər siyahısına daxil edilib. Lakin burnundan uzağı görməyən siyasət dəllalları buna da məhəl qoymur və anlamırlar ki, Urmu gölünün quruması nəinki bütün Azərbaycan, eyni zamanda Türkiyə və İraq, eləcə də İran torpaqları üçün də ciddi ekoloji fəlakətlər yaradacaqdır. Sovetlər dönəmində eyni xarakterli hadisə Aral gölünün də başına gətirilmişdi... 1960-cı illərin əvvəllərində iqtisadçılar Özbəkistan və Qazaxıstanda pambıq əkinini artırmaq məqsədilə sahələrini sulamaq üçün Aral gölünün təbii qaynaqları olan Amudərya və Sırdərya çaylarının üzərindən bənd vuraraq suyundan bolluca istifadə etmiş, nəticədə 1960-cı illərdən bəri Aral gölü yetərincə təmin olunmamışdır. Həm yayın istisindən və suyunun azalmasından tədricən quruyan gölün sahəsi 80 faizə qədər kiçilmiş, suları 150 km içəri çəkilmişdir. 20 il ərzində gölün suyunun səviyyəsi 1980-ci illərədək 80-90 sm azalır və 1989-cu ildə Aral gölü iki yerə ayrılır: Kiçik göl (Quzey) və Böyük göl (Güney). Beləliklə də 1960-cı ildə sahəsi 68 min kvadratkilometr olan Aral gölü getdikcə kiçilmiş və 2005-ci ildə 14 min kvadratkilometr olmuşdur. Özbəkistan Uluslararası Altın Miras Vakfı Ankara Bölümündən Süleyman Mərdanoğlunun söylədiyinə görə, "hazırda "Xəzəri Aralla Birləşdirmə Projesi" üzərində çalışılır. Bu layihədən məqsəd Ob çayının sularını Arala axıtmaq və Aral gölü ilə Xəzər dənizini bir kanal vasitəsilə birləşdirməkdir. Uluslararası Aralı Kurtarma Fondu (UAKF) İcra Komitəsinin açıqlamasında isə Aral gölü probleminin aradan qaldırılması, bölgənin iqtisadi və sosial inkişafının təmin olunması, ekoloji və ətraf mühitdə yaranmış problemlərin çözülməsi məqsədilə 2011-2015-ci illər üçün hazırlanan Proqram çərçivəsində 10 milyard ABŞ dollarının xərclənəcəyi düşünülmüşdür. Aral gölünün dərdinə çarə tapmaq üçün yüksək səviyyədə işlər görülür.

Modern.az saytında yayımlanan son məlumata da isti-isti nəzər salmağı düşündüm: "Güney Azərbaycan əhalisinin və hətta beynəlxalq təşkilatların bu göllə bağlı həyəcan təbili çalmasına baxmayaraq, İran rejimi qarşısına qoyduqu məqsədi icra etməməkdədir. Urmu gölündən əldə olunan son videogörüntülər və şəkillər bunu deməyə əsas verir ki, artıq Urmu gölünün 80%-i quruyub və həmin gölün ətrafında olan kəndlər duz fırtınalarının məhv etdiyi təsərrüfatlarını qoyaraq İranın başqa şəhərlərinə köçməyə məcbur olurlar, yerli əhalidən aldığımız məlumatlara əsasən Türkiyədən və Şimali İraqdan kütləvi şəkildə bu bölgəyə köçürülən terrorist kürdlərin təhlükəsi bir tərəfdən, Urmu gölünün qurudulması da bir tərəfdən, artıq bu bölgədə yaşamaq mümkün olmayacaq. Min illərdən bəri Urmu gölünün sakinləri olan nadir quşlar və dünyada müşahidə olunmayan dəniz heyvanları da artıq ya həlak olub, ya da buradan köç etmək məcburiyyəti ilə üzləşib".

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.