GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

SAYMAN ARUZ

1979-cu ildə Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin kənd təsərrüfatı, daha sonra fars dili və ədəbiyyatı fakültəsinə daxil olub. Yaradıcılıq nümunələri dövri mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap edilib.

2001 və 2007-ci illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Sükut kimi sakit", "Barış xətabələri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq" adında şeir və "Yüz il inqilab (roman)"adlı kitabların müəllifidir.

Hazırda Bakıda yaşayır. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri vəzifəsində işləyir.

 

Mən ölsəm əgər

Günlərin bir günü mən ölsəm əgər,

Canımı götürüb getsəm buradan.

Ayağın altında torpağa dönsəm,

Sənə xəbər versəm, başqa dunyadan.

***

Cismimi götürüb əksəm torpağa,

Ruhumu uçurtsam səmaya bir gün,

Səcdəyə yıxılsan torpağa sən də

Əlini qaldırsan duaya bir gün...

***

Mən ki dilim-dilim yaşadım, amma...

Qəbirdə bir bütöv insan kimiyəm.

Çox tayım Təbrizdə qalsa da belə,

Azərbaycan kimi, Turan kimiyəm...

***

Çəkginən millətin ağır yükünü,

Kürəyin, ürəyin qabara dönsün.

Hamıya, hər kəsə vətən olginən,

Amma öz içində vətənin ölsün...

 

BULUD MURADİ

1980-ci ildə Miyanada anadan olub. Ali təhsillidir. Buludun indiyə qədər iki kitabı nəşr olunub. Hazırda Tehran şəhərində yaşayır.

 

Günəş doğur...

Sən bu filmin sonunda doğulacan

ipək kəpənəkləri ilə

kadra sığmayan ormanda

bir əlin səni sevdiyim sətirdə göyərəcək

bir əlin yara kimi qalacaq

şeirimdə

ağacların mavi qanları çıxacaq

sənə yazdığım bu tolid hədiyyəsinin

parçasına

 - tabut örtüyü qadağandı buralarda.

Yoxsa,

şamları odunçu püfləyir,

balta kımi

işıldayır

dişləri

arasında göyərçin keykinin tikə?ləri...

Ah! Yatan gözə?lim!

Gecələr yatmır sancın

köksümdə,

baş döyür

şeir

sümüklərim arasında quyladığın bu yara...

Günəş doğur...

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü

hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

Hər dəfə Urmuya həsr olunmuş nəsr və poeziya nümunələrini oxuduqda düşünürdüm ki, şairlərə ilham qaynağı olmuş bu diyarın xüsusi özəllikləri nədir görəsən? Nə üçün Urmu-Urmiya-Urmiyyə haqqında yazılan əsərlərdə qəm notları sevinc duyğularından daha üstündür...

Mahmud Sadıqpur Şami, Əli Daşqın, İsmayıl Ülkər, Nazir Şərəfxaneyi, Kərim Məşrutəçi Sönməz, Ruqəyyə Kəbiri, Amanoğlu, Salah Bəhlul Camurcu, İsmayıl Cəlili, Xosrov Barışan, Təyyar Şərif, Susən Rəzi, Rəhim Gözəl, Meysa Mehdili, Məsud Haray və başqalarının əsərləri ilə tanış olduqca anlamışam ki, bu gözəl diyarın, Urmiyanın başı üstündən bəlalar, fəlakətlər heç əskik olmayıb. Şairlər Urmiyanın başından keçən olayları, üzləşdiyi acıları ürəklərinin qanı ilə qələmə alaraq şəhəri əhatələyən əsl təbiət möcüzəsi - Urmu gölünün suyunun duzlu, şor olmasının səbəblərini öz baxış bucaqlarına görə incələməyə, bədii şərhini, təsvirini verməyə səy göstəriblər... Kərim Məşrutəçi Sönməz kimi:

Kim görüb ki, mən

            özümdən boy deyim?

Sınamamış hər şənliyə

                        toy deyim?

Urmu gölü nədən şordur,

                        qoy deyim:

Mən o göldə üzə-üzə

                        ağlaram…

Sönməzin dördlüyü bədii sualla başlaması, bir-birinin ardınca sual cümlələri işlətməsi fikrin emosionallığını, mövzunun-hədəfin bədii təsir gücünü artırmaq vasitəsidir. Epik və lirik əsərlərdə bədii sual adətən müəllifin dilindən verilir və nəticə etibarilə o, sualının cavabını yaxşı bilir, amma həmin anı oxucunun, ədəbi ictimaiyyətin və cəmiyyətin diqqət mərkəzində saxlamaq üçün fikrini sual şəklində ifadə edir. Həmin sualı cavablandırmaq üçün hərə bir ünvan axtarır, Sönməz isə bəndin sonuncu misrasında oxucuya və oxucunun təmsil olunduğu cəmiyyətə ünvanladığı sualları cavablandıraraq yazır ki, Urmu gölünün suyunun şor, duzlu olmasının əsas səbəbi mənim o göldə üzə-üzə ağlamağım və göz yaşlarımdakı duzun gölün suyuna qarışmasıdır... Bu misralarda əsrlərcə xalqının və yurdunun - Urmunun üzləşdiyi dərd və problemlərin ümumiləşdirilmiş ifadəsi-obrazı ilə üz-üzəyik. Burada itirdiklərimizdən-itkinlərimizdən dolayı yaşanılan iztirabın, ağrı-acının, dərdin son akkordu duyulur. Hər cür riyakarlıq, saxtakarlıq və fantastik yalanlardan uzaq olan, yalnız gördüklərini, həyatın gerçəkliklərini, acı həqiqətlərini yazan və Azərbaycanın ikiyə bölünməsindən sonsuz iztirab çəkən şair Urmunun bu günü ilə türklüyün tarix və mədəniyyət mərkəzi statusu daşıdığı dönəmlərini xatırladarkən "mavigözlü duzlu gəlinin" durumuna üzüldüyünə, ayrılığın fərağında, həsrətin odunda qovrularaq Urmu gölündə üzə-üzə ağladığına oxucunu inandırırır. O böyüklükdə (1980-ci illərdə gölün ərazisi həqiqətən də böyük idi, 2008-ci ildən isə göldə suyun kəskin azalmağa başlaması aydın şəkildə görünüb) gölün suyunun göz yaşlarından şorlaşması hadisəsini orijinal bir mübaliğə yaratmaqla ifadə edir. Əlbəttə, "Urmu gölü nədən şordur, qoy deyim: Mən o göldə üzə-üzə ağlaram" beytindəki mübaliğə şairin bədii tapıntısı, poetik kəşfidir. Əfsuslar ki, bədii tapıntıya vəsilə olan obyektə real həyatda ağır bir hökm oxunub və Urmu ölümə məhkumluq qisməti yaşamaqdadır: tale sanki Urmu gölündən üz döndərib. Urmu gölü quruyur, dünyanın nadir bir gözəlliyi bu gün can verir və nə yazıq ki, bu əsrarəngiz təbiət möcüzəsi artıq Yer üzündən silinməkdə, tarixə qovuşmaqdadır...

İstedadlı şair İsmayil Cəmilinin "Urmu gəlini" şeirində gölün məhz bugünkü ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır... Urmu gölü yenə də mavigözlü duzlu gəlin, Urmiyanın ağ donlu balası, "elin əzizi, Azərbaycan dənizi" kimi öyülür. Lakin şairin sevə-sevə vəsf elədiyi təbiət gözəlinin "tülkülərin pusqusu, quduz yadların qurğusu" ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gur çayların səmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə "ırmaqları dustağa, dalğaları duzlağ"a çevrilib. Qara bəxtin cızdığı sonrakı ömür yolunda duzlu gəlinin "ağ qanadları da sınıb, can yarası göz-göz olub, çiçəkləri yarpaq-yarpaq solub, buludları sürgün olunub. Ağ xələti biçilmədə"-kəfəni hazırlanmaqda, sanki "son bardağı içilməkdə" olan gölün halına yanan el-obasının isə üzüntüdən beli bükülüb:

Dadsız qalan duzlu gəlin,

Duru mavi gözlü gəlin.

Urmunun ağ don balası

Göz-göz olan can yarası…

Ağ qanadı sınan mələk

Yarpaq yarpaq solan çiçək…

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.