Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Sən demə, Yer kürəsi 4 qatdan ibarət deyilmiş...

Türkiyədə  baş verən zəlzələlərdən  sonra seysmik dalğaların sürətini ölçən elm adamları, Yerin mərkəzində indiyə qədər bilinməyən yeni bir təbəqə və ya  gizli daxili nüvənin ola biləcəyini iddia edirlər.

Alimlər Yer kürəsinin 1600 kilometr dərinliyində diametri 644 kilometr olan dəmir və nikel qarışığından ibarət metal nüvənin olduğunu söyləyirlər. Seysmik dalğaların təbəqələri necə əks etdirdiyini müşahidə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, Yer kürəsi məşhur inancın əksinə olaraq, dörd deyil, beş qatdan ibarətdir. Həmin iddiaya görə, su təbəqəsi, yer qabığı (Litosfer), maqma təbəqəsi (Piosfer) və nüvə təbəqəsinin (Barisfer) içərisində isə  metaldan  ibarət daha bir gizli nüvə qatı mövcuddur.

“Bu araşdırmada ilk dəfə olaraq güclü zəlzələlərdən  yaranan seysmik dalğaların beş dəfəyə qədər yerin bir tərəfindən o biri tərəfinə irəli-geri sıçradığını müşahidə etdik”,- deyə Avstraliya Milli Universitetinin Yer Elmləri Tədqiqat Mərkəzinin əməkdaşı, tədqiqat müəlliflərindən biri,  seysmoloq Txan-Son Fom qeyd edib.

Əgər nəzəriyyə öz təsdiqini taparsa,  planetin  yaranması və  onun maqnit sahəsi ilə bağlı qaranlıq qalan bəzi məqamlarına aydınlıq gətirə bilər.

İnformasiya "Nature Communications" jurnalında dərc edilib.

 

Xərçəngin müalicəsi üçün "ağıllı" iynə

Hər il yüz minlərlə insanın ölümünə səbəb olan xərçəng xəstəliklərinin müalicəsi istiqamətində araşdırmalar davam edir. Bu dəfə ABŞ-ın  "Current Surgical" adlı  startapı xərçəngin müalicəsinə yeni cığır açan əhəmiyyətli bir addım atıb. Belə ki, şirkət hazırladığı "ağıllı" iynə texnologiyası ilə xərçəng şişlərinin müalicə oluna biləcəyini açıqlayıb.

Al Marşal və Chris Vagner adlı iki tədqiqatçı tərəfindən hazırlanan "ağıllı" iynə texnologiyası  kimyaterapiya və şüalanma olmadan, şişin ətrafındakı orqanlara zərər vermədən istifadə üçün nəzərdə tutulub.

"Webtekno"  saytının  yaydığı məlumata görə, yeni texnologiya bədxassəli şişləri  məhv etmək üçün "termal ablasyon" adlı proseduru icra edən iynələrə əsaslanır. Məlumat üçün qeyd edək ki,  sözügedən prosedur xərçəng hüceyrələrini və şişləri buxara vermək  (azaltmaq və ya məhv etmək) üçün isti, soyuq, mikrodalğa və elektrik cərəyanlarından istifadə edilərək həyata keçirilir. Şirkətdən bildirilib ki, həkimlərin sağlam bölgələrə zərər vermədən şişi real vaxtda görüb məhv edə bilmələri üçün texnologiyada ultrasəs sensorlardan istifadə edilib.

Özünü "proqram təminatlı cərrahi platforma" olaraq xarakterizə edən şirkət, yeni texnologiyası ilə şişlərdən başqa  xroniki ağrı və ürək aritmiyaları da daxil olmaqla  bir çox xəstəlikləri  müalicə etməyi hədəflədiyini bildirib.

“Texnologiyamıza görə, çox həyəcanlanırıq. Çünki  kiçik ölçülü iynələrimizin bir çox  üstünlükləri var. O, həmçinin bədənin istənilən yerində şişləri qəti və təhlükəsiz şəkildə müalicə etməyə imkan verir,”- deyə Chris Vagner qeyd edib.

 

3D printerlə raket çap edilib

Həyatımıza girdiyi gündən etibarən  davamlı olaraq inkişaf etməkdə olan  3D çap texnologiyasında hər kəsi heyrətləndirəcək daha bir əlamətdar yeniliyə imza atılıb. Bu dəfə isə ABŞ-ın Kaliforniya ştatında yerləşən kosmos şirkəti "Relativity Space" 3D printerdən istifadə edərək raket çap edib. Şirkət tərəfindən artıq lisenziyası belə  alınan raketin yaxın günlərdə  Florida ştatından kosmosa buraxılacağı planlaşdırılır.

"Terran 1" adlandırılan raketin hündürlüyü 3,5, eni 2,5 metr, çəkisi isə 9 min 280 kiloqramdır. 85 faizi 3D printerlə çap edilən qurğunun qalan hissələrinin isə mühərriklərdən ibarət olduğu bildirilir.

Floridada yerləşən Cape Carnaval Kosmik Qüvvələri Stansiyasından (CCSFS) havaya buraxılacaq raketin bir neçə dəfə sınaqdan keçiriləcəyi nəzərdə tutulsa da, sonradan müəyyən səbəblərdən təxirə salınıb. Bu barədə şirkətin sözçüsü "Space News"a verdiyi  müsahibəsində bildirib.

"Relativity Space"in  "tvitter" hesabında paylaşılan məlumata görə, raket 8 mart tarixində, çərşənbə günü kosmosa buraxılacaq. Bu həyəcanverici inkişafdan xəbərdar olmaq istəyən hər kəs şirkətin "tvitter" hesabını izləyərək məlumat əldə edə bilər.

İnformasiya haber7.com veb saytında yayımlanıb.

 

Artıq hemodializə ehtiyac qalmayacaq

 

 

Sinqapur və  Almaniyadan olan elm adamları  transplantasiya və hemodializdən istifadə etmədən zədələnmiş böyrəyi reabilitasiya etməyi bacarıblar.

Bu uğura səbəb olmuş kəşfin açarı isə IL-11 (interleykin-11) adlı zülalda olub. Bu zülal zədələnmələrə cavab olaraq orqanlarda yara izlərinin yaranmasına səbəb olur. Şəkərli diabet orqanizmdə çoxlu sayda problemlərə gətirib çıxarır ki, onlardan ən geniş yayılanı  böyrək xəstəliyidir. Qanda şəkərin miqdarının yüksək olduğu uzunmüddətli vaxtlarda nefronların zədələnməsi baş verir. Nefronlar böyrəklərdə olan kiçik ölçülü filtrasiya vahidləridir. Nefronların zədələnmələri isə öz növbəsində orqanı sıradan çıxarır.

Tədqiqatçılar aşkar ediblər ki, bütün bu proseslərin arxasında IL-11 adlı zülal dayanır. Bu zülal hüceyrələrin artım sürətini ləngidir və orqanların iltihablanmasına, o cümlədən onlarda yara izlərinin əmələ gəlməsinə səbəb olur. Aparılmış təcrübə çərçivəsində alimlər laboratoriya siçanlarında sözügedən  zülalı bloklayıblar. Daha sonra mütəxəssislər həmin orqanlardakı mövcud yara izlərini dayandırmaq üçün olan hüceyrələrin tədricən bərpa olmağa başladığını müşahidə ediblər.  Növbəti mərhələdə mütəxəssislər bu prosesi insan böyrəyinin hüceyrələrində test ediblər və eyni effekti alıblar. Mütəxəssislər IL-11 zülalına qarşı olan anticisimləri şəkərli diabetə sahib böyrəklərin hüceyrələrinə yeridiblər. Nəticədə böyrəyin funksionallığı  yenidən bərpa olunub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".